Şuşada həyat yenidən canlanır
Bəzən bir şəhər haqqında danışarkən yalnız onun küçələrini, binalarını və təbiətini deyil, həm də bir xalqın arzularını və xatirələrini yada salırıq. Şuşa da belə şəhərlərdəndir. Bu qədim şəhər Azərbaycanın tarixində, mədəniyyətində və xalqımızın yaddaşında özünəməxsus yer tutur. Şuşa hər zaman özünəməxsus gözəlliyi ilə seçilib. Dağların qoynunda yerləşən şəhərin havası, təbiəti, qədim evləri və daş küçələri ona xüsusi gözəllik verir. Burada hər bir tarixi abidə, hər bir küçə keçmişimizdən xəbər verir. Şuşa həm də Azərbaycan musiqisinin beşiyi hesab olunur. Bu torpaq bir çox məşhur sənətkarın və ziyalının yetişdiyi yurddur. Uzun illər xalqımız Şuşadan ayrı düşsə də, bu şəhərə olan sevgisini heç vaxt itirmədi. İnsanlar doğma yurdlarına qayıdacaqları günü böyük ümidlə gözləyirdilər. 2020-ci il noyabrın 8-də Azərbaycan Ordusunun şücaəti ilə Şuşanın azad edilməsi bu arzunu gerçəyə çevirdi. Bu xəbər bütün ölkədə böyük sevincə səbəb oldu. Şuşanın azad olunmasından sonra şəhərdə yeni quruculuq mərhələsi başladı. Dağıdılmış binalar və tarixi abidələr bərpa edilir, yollar yenilənir, yeni yaşayış evləri tikilir. Məktəblərin, səhiyyə müəssisələrinin və digər sosial obyektlərin istifadəyə verilməsi şəhərdə normal həyatın bərpasına xidmət edir. Ən sevindirici məqamlardan biri də uzun illər doğma torpaq həsrəti çəkən sakinlərin Şuşaya qayıtmasıdır. İndi bu şəhərdə yenidən ailələr yaşayır, uşaqlar məktəbə gedir, insanlar öz gündəlik həyatlarını davam etdirirlər. Şuşanın küçələrində həyatın canlanması hər bir azərbaycanlı üçün qürurverici hadisədir.
Şuşa bu gün həm də ölkəmizdə mühüm mədəni tədbirlərin keçirildiyi məkana çevrilib. Burada təşkil olunan konsertlər, festivallar və görüşlər Azərbaycanın zəngin mədəniyyətini nümayiş etdirir. Şəhərin tarixi irsinin qorunması və dünyada tanıdılması istiqamətində görülən işlər onun gələcək inkişafı üçün böyük əhəmiyyət daşıyır. Hər il noyabrın 8-də qeyd olunan Şuşa Şəhəri Günü xalqımız üçün xüsusi məna daşıyır. Bu tarix bizə həm böyük qələbəmizi, həm də Vətən uğrunda canından keçən qəhrəmanlarımızı xatırladır. Bu gün Şuşaya baxarkən yalnız onun keçmişini deyil, gələcəyini də görürük. İnanırıq ki, şəhərimiz ildən-ilə daha da gözəlləşəcək, insanların xoşbəxt və firavan yaşadığı bir məkana çevriləcək.nkişafı və qorunması hər birimizin mənəvi borcudur.
Zərdab rayon Salahlı kənd ümumi orta ümumtəhsil məktəbinin direktoru- Rəşad İsmayılov























