image-media-qanunla-reklam-49zqr58lyeum0wphsf12
image-images-4

Şuşa Zəfərinə gedən uzun yol

image-legitimaz-810x90

Şuşa Zəfərinə gedən uzun yol

8 Noyabr – Şuşa şəhəri günü Azərbaycan xalqının müasir tarixində həm qürur, həm də qələbə rəmzidir. Bu gün yalnız bir şəhərin azadlığı deyil, bütöv bir xalqın iradəsinin, milli ruhunun və dövlətçilik əzminin təntənəsidir. Şuşa Zəfəri – əsrlərin səsi, 30 illik həsrətin sonu, Azərbaycan xalqının tarixi ədaləti bərpa etməsinin simvoludur.

Şuşa təkcə Qarabağın deyil, bütün Azərbaycanın mədəniyyət, mənəviyyat və dövlətçilik beşiyidir. Bu şəhər tarix boyu xalqımızın kimliyini, mənəvi dəyərlərini, azadlıq arzularını özündə yaşadıb. Lakin 1992-ci ildə Şuşanın işğalı təkcə bir torpağın deyil, xalqın qəlbinin yaralanması idi. O gündən etibarən hər bir azərbaycanlının qəlbində bir məqsəd vardı – Şuşanı azad görmək!

Bu məqsədə aparan yol asan olmadı. 1990-cı illərin çətin illərində dövlətin qurulması, sabitliyin bərpa edilməsi və ordunun formalaşması üçün böyük iradə lazım idi. Bu iradəni isə Azərbaycan xalqına Ulu Öndər Heydər Əliyev bəxş etdi. Onun uzaqgörən siyasəti, dövlətçilik təməli və milli ordu quruculuğuna verdiyi əhəmiyyət sonradan Qələbəyə aparan yolun başlanğıcı oldu. O dövrdə atılan hər bir addım – iqtisadi sabitlik, diplomatik əlaqələrin möhkəmlənməsi, orduya diqqət – gələcək Zəfərin təməl daşlarını qoyurdu.

Bu strateji xətt cənab Prezident İlham Əliyev tərəfindən yeni dövrün çağırışlarına uyğun şəkildə davam etdirildi. Onun rəhbərliyi ilə Azərbaycan güclü, müasir və öz sözünü deyən dövlətə çevrildi. 2020-ci ilin payızında Azərbaycan Ordusu “dəmir yumruq” əməliyyatı ilə tarix yazdı. Hər gün, hər döyüş bir mərhələ, bir addım idi – Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı… və nəhayət, Şuşa!

Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev Vətən müharibəsinin ilk günlərindən deyirdi ki, Şuşasız bizim işimiz yarımçıq qalar. Müharibənin davam etdiyi 44 gün ərzində rəşadətli ordumuz Şuşaya doğru dayanmadan, inamla irəlilədi. Vaxtilə xəyal kimi görünən bu arzu noyabrın 8-də reallığa çevrildi

Şuşanın azad olunması 44 günlük Vətən müharibəsinin zirvəsi, Zəfərin tacı oldu. Qəhrəman Azərbaycan əsgəri qayalıqlardan dırmaşaraq, düşmən sədlərini yararaq şəhərə daxil oldu. Həmin günlərdə bütün Azərbaycan bir ürək kimi döyünürdü – qələbə sevinci, şəhidlərin qüruru, millətin birliyi bu torpaqda əbədi həkk olundu.

Bu gün Şuşa yenidən dirçəlir. Küçələri, tarixi abidələri, mədəni həyatı canlanır. Bütün bu proseslər bir daha göstərir ki, Şuşanın azadlığı təkcə hərbi qələbə deyil, həm də mənəvi oyanışın, milli birliyin təntənəsidir.

Şuşa Zəfərinə gedən yol uzun idi – amma bu yolun hər addımı inamla, səbrlə, vətən sevgisi ilə atıldı. Bu gün 8 Noyabrda hər bir azərbaycanlı qürurla deyir: “Biz qalib xalqıq, Şuşa azaddır!”

 

Marusa Qasımova – Zərdab rayonu Körpükənd kənd ümumi orta ümumtəhsil məktəbinin direktoru

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki