image-media-qanunla-reklam-49zqr58lyeum0wphsf12
image-susa

Şuşa Zəfərinə gedən uzun yol

image-legitimaz-810x90

Şuşa Zəfərinə gedən uzun yol

Şuşa Zəfəri Azərbaycan xalqının çoxəsrlik dövlətçilik tarixinin, milli iradəsinin, sarsılmaz vətənpərvərlik ruhunun və uzun illər ərzində həyata keçirilən məqsədyönlü siyasi, diplomatik və hərbi strategiyanın möhtəşəm nəticəsidir. Qarabağın tacı, Azərbaycanın tarixi-mədəni irsinin incisi və milli kimliyimizin rəmzi olan Şuşa şəhərinin azadlığına aparan yol 1992-ci il mayın 8-də şəhərin Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilməsi ilə başlayan 28 il yarımlıq ağır həsrət, mübarizə və qətiyyət dövründən keçmişdir. Şuşanın işğalı Azərbaycan xalqına yalnız ərazi itkisi deyil, həm də milli-mənəvi və mədəni irsimizə vurulmuş ağır zərbə idi. İşğal nəticəsində şəhərin 195 sakini həlak olmuş, 165 nəfər yaralanmış, 58 nəfər itkin düşmüş, 24 mindən çox insan etnik təmizləməyə məruz qalmışdır. Şəhərdəki tarixi-memarlıq abidələri, məscidlər, muzeylər və mədəniyyət ocaqları dağıntılara və vandalizmə məruz qalmışdır. Lakin bütün bu faciələr Azərbaycan xalqının Şuşaya qayıtmaq əzmini sarsıda bilmədi. Ulu Öndər Heydər Əliyevin 1977-ci ildə Şuşanın tarixi hissəsinin tarix-memarlıq qoruğu elan edilməsi təşəbbüsü şəhərin milli-mədəni irsinin qorunması istiqamətində mühüm tarixi addım olmuşdu. 1993-cü ildə siyasi hakimiyyətə qayıtdıqdan sonra isə Heydər Əliyev Azərbaycanın müstəqilliyinin möhkəmləndirilməsi, dövlətçiliyin qorunması, nizami ordu quruculuğu və ölkənin beynəlxalq mövqelərinin gücləndirilməsi istiqamətində fundamental işlər həyata keçirdi. 1994-cü il mayın 12-də atəşkəsin əldə olunması Azərbaycana hərbi, iqtisadi və siyasi potensialını gücləndirmək üçün imkan yaratdı. Sonrakı illərdə Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən ardıcıl dövlət siyasəti nəticəsində ölkənin iqtisadi qüdrəti artırıldı, müdafiə sənayesi inkişaf etdirildi, Silahlı Qüvvələr ən müasir silah və texnologiyalarla təchiz olundu, beynəlxalq əməkdaşlıq və strateji tərəfdaşlıq əlaqələri genişləndirildi. 2016-cı ilin aprel döyüşləri və 2018-ci ilin Günnüt əməliyyatı Azərbaycan Ordusunun döyüş qabiliyyətini, peşəkarlığını və torpaqlarımızın azad olunması istiqamətindəki qətiyyətini nümayiş etdirdi. Nəhayət, 2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin cəbhəboyu ərazilərdəki hücumlarına cavab olaraq başlayan Vətən müharibəsi Azərbaycanın ərazi bütövlüyünün bərpası istiqamətində həlledici mərhələyə çevrildi. 44 gün davam edən müharibə ərzində Azərbaycan Ordusu bir sıra şəhər, qəsəbə və kəndləri işğaldan azad edərək strateji üstünlük əldə etdi. Şuşa uğrunda döyüşlər isə Vətən müharibəsinin ən mürəkkəb və həlledici hərbi mərhələlərindən biri oldu. Dəniz səviyyəsindən təxminən 1300–1600 metr yüksəklikdə yerləşən, üç tərəfdən sıldırım qayalarla əhatə olunan Şuşanın coğrafi mövqeyi onun hərbi-strateji əhəmiyyətini daha da artırırdı. Azərbaycan əsgər və zabitlərinin yüksək döyüş ruhu, qəhrəmanlığı, fədakarlığı və mürəkkəb relyef şəraitində nümayiş etdirdikləri şücaət nəticəsində 2020-ci il noyabrın 8-də Şuşa şəhəri işğaldan azad edildi. Həmin gün Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev Şəhidlər xiyabanından Azərbaycan xalqına müraciət edərək tarixi müjdəni elan etdi: “Əziz Şuşa, sən azadsan! Əziz Şuşa, biz qayıtmışıq! Əziz Şuşa, biz səni dirçəldəcəyik!” Şuşanın azad edilməsi 44 günlük Vətən müharibəsinin taleyində həlledici rol oynadı və 2020-ci il noyabrın 10-da üçtərəfli Bəyanatın imzalanması ilə müharibənin başa çatmasına gətirib çıxaran əsas amillərdən biri oldu. Bu tarixi Qələbədən sonra 7 may 2021-ci il tarixli Prezident Sərəncamı ilə Şuşa Azərbaycanın mədəniyyət paytaxtı elan edildi, şəhərdə genişmiqyaslı bərpa və quruculuq işlərinə başlanıldı. 2023-cü ildə keçirilən “Xarıbülbül” musiqi festivalları və Vaqif Poeziya Günləri Şuşanın yenidən Azərbaycanın mədəni həyatının mərkəzinə çevrilməsinin parlaq göstəricisi oldu. 2024-cü il mayın 11-dən etibarən keçmiş məcburi köçkünlərin Şuşaya qayıdışına başlanılması isə tarixi ədalətin bərpasının və Böyük Qayıdış prosesinin mühüm mərhələsinə çevrildi. Beləliklə, Şuşa Zəfəri yalnız hərbi qələbə deyil, həm də 28 il yarımdan artıq davam edən həsrətin sona çatması, tarixi ədalətin bərpası, milli birliyin və dövlətçilik iradəsinin təntənəsidir. Bu Zəfər Azərbaycan xalqının öz tarixinə, mədəniyyətinə, torpağına və milli dəyərlərinə sahib çıxmaq əzminin əbədi təcəssümü kimi tarixə yazılmışdır.

Veteran müəllim Etibar Niftəliyev


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki