Şuşa Zəfərinə gedən uzun yol
Şuşanın azad edilməsi Azərbaycan dövlətinin uzun illər ərzində həyata keçirdiyi ardıcıl və məqsədyönlü siyasətin, milli maraqlara əsaslanan prinsipial mövqeyinin və ərazi bütövlüyünün bərpasına yönəlmiş strateji fəaliyyətinin mühüm nəticələrindən biridir. Bu tarixi hədəfə aparan yolun əsasını Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi dövlətçilik strategiyası, Qarabağ məsələsinin daim ölkənin xarici və daxili siyasətinin prioritet istiqamətlərindən biri kimi saxlanılması təşkil etmişdir.Cənab Prezident İlham Əliyev hakimiyyətə gəldiyi ilk gündən Qarabağ probleminin Azərbaycanın milli maraqları çərçivəsində həllini dövlət siyasətinin başlıca vəzifələrindən biri kimi müəyyənləşdirmiş, beynəlxalq platformalarda ölkəmizin haqlı mövqeyinin müdafiəsi, işğal faktının dünya ictimaiyyətinə çatdırılması və münaqişənin hüquqi-siyasi əsaslarının beynəlxalq gündəmdə saxlanılması istiqamətində ardıcıl fəaliyyət göstərmişdir. Uzun illər ərzində aparılan diplomatik danışıqlar, beynəlxalq təşkilatlar çərçivəsində həyata keçirilən siyasi fəaliyyət və münaqişənin sülh yolu ilə həlli istiqamətində göstərilən səylər Azərbaycanın beynəlxalq mövqeyinin möhkəmləndirilməsinə xidmət etmişdir. Bununla yanaşı, Ermənistanın qeyri-konstruktiv mövqeyi, danışıqlar prosesini nəticəsiz saxlamaq cəhdləri və işğalın davam etdirilməsi regionda davamlı sülhün bərqərar olmasına mane olmuşdur. Azərbaycan rəhbərliyi bütün bu proseslərdə ölkənin ərazi bütövlüyünün danışıqların əsas prinsipi olduğunu bəyan etmiş, işğal faktı ilə heç vaxt barışmayacağını və tarixi torpaqlarının azad edilməsi istiqamətində bütün zəruri imkanlardan istifadə edəcəyini dəfələrlə vurğulamışdır.
Cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlət quruculuğu siyasəti, iqtisadi inkişaf və hərbi potensialın gücləndirilməsi qarşıya qoyulmuş strateji məqsədlərin reallaşdırılması üçün möhkəm zəmin yaratmışdır. Azərbaycanın beynəlxalq nüfuzunun artması, müstəqil xarici siyasət kursunun möhkəmlənməsi, müdafiə qabiliyyətinin yüksəldilməsi və müasir ordu quruculuğunun davamlı xarakter alması ölkəmizin regional proseslərdə mövqelərini əhəmiyyətli dərəcədə gücləndirmişdir. Dövlət başçısının siyasi iradəsi və qətiyyətli mövqeyi Azərbaycanın milli maraqlarının müdafiəsində prinsipiallıq nümayiş etdirməsinin, beynəlxalq hüquqa əsaslanan tələblərini ardıcıl şəkildə irəli sürməsinin əsasını təşkil etmişdir.
2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsi Azərbaycan dövlətinin uzun illər ərzində formalaşdırdığı siyasi, iqtisadi və hərbi potensialın reallaşdığı tarixi mərhələ olmuşdur. Müharibənin ilk günlərindən Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev çıxışlarında Qarabağın azad edilməsinin, xüsusilə Şuşanın Azərbaycanın tarixi və mədəni həyatındakı müstəsna yerinin əhəmiyyətini xüsusi vurğulamışdır. Dövlət başçısının Şuşasız Qarabağ məsələsinin tam həll olunmuş hesab edilə bilməyəcəyinə dair mövqeyi bu şəhərin azad edilməsinin hərbi məqsədlə yanaşı, böyük siyasi və mənəvi əhəmiyyət daşıdığını bir daha nümayiş etdirmişdir. 44 günlük Vətən müharibəsi ərzində Azərbaycan Ordusunun həyata keçirdiyi uğurlu əməliyyatlar nəticəsində işğal altındakı ərazilərin azad edilməsi istiqamətində mühüm nailiyyətlər əldə olunmuşdur. Hərbi əməliyyatların gedişində nümayiş etdirilən yüksək peşəkarlıq, çevik idarəetmə və müasir döyüş imkanlarından səmərəli istifadə Azərbaycan Ordusunun gücünü təsdiqləmişdir. Şuşanın azad edilməsi istiqamətində aparılan hərbi əməliyyatlar isə müharibənin ən mühüm və mürəkkəb mərhələlərindən birini təşkil etmişdir. Azərbaycan hərbçilərinin çətin relyef və mürəkkəb şəraitdə nümayiş etdirdikləri qəhrəmanlıq şəhərin azad olunması ilə nəticələnmişdir..
Şuşa Zəfərinin mühüm siyasi əhəmiyyəti ondan ibarət olmuşdur ki, bu hadisə Ermənistanın işğalçılıq siyasətinin iflasa uğramasını sürətləndirmiş, müharibənin sonrakı gedişinə və regionda yaranmış yeni siyasi reallıqlara ciddi təsir göstərmişdir. Azərbaycanın hərbi meydanda əldə etdiyi uğurlar dövlətimizin beynəlxalq münasibətlər sistemində mövqeyini daha da möhkəmləndirmiş, regionda gələcək sülh və əməkdaşlıq gündəliyinin formalaşmasında ölkəmizin aparıcı rolunu artırmışdır. Şuşanın azad olunması, eyni zamanda, Azərbaycanın öz milli maraqlarını müdafiə etmək və suveren hüquqlarını təmin etmək əzmində olduğunu beynəlxalq ictimaiyyətə nümayiş etdirmişdir.
Şuşa Zəfəri Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu dövlətçilik siyasətinin Cənab Prezident İlham Əliyev tərəfindən davam etdirilməsinin, Azərbaycanın müstəqil siyasi kursunun, güclü dövlət və ordu quruculuğunun, milli maraqların müdafiəsində nümayiş etdirilən qətiyyətin tarixi təzahürüdür. Bu Zəfər Azərbaycan xalqının öz tarixinə, mədəniyyətinə və torpaqlarına bağlılığının, dövlətimizin suverenliyini təmin etmək əzminin parlaq ifadəsidir. Şuşanın azadlığı ilə Azərbaycan tarixinin yeni mərhələsi başlanmış, şəhər yenidən milli-mədəni həyatımızın mühüm mərkəzinə çevrilmişdir. Noyabrın 8-i xalqımızın yaddaşında əbədi olaraq Şuşanın azadlığı və milli qürurun təntənəsi günü kimi yaşayacaqdır.
Çinarə Pirməmmədova- Zərdab rayon Hüseynxanlı kənd körpələr evi-uşaq bağçasının müdiri























