Şuşa – xalqımızın qəlbində yaşayan müqəddəs şəhər
Azərbaycanın hər bir bölgəsi öz tarixi və gözəlliyi ilə seçilir. Şuşa isə bu gözəlliklər arasında xüsusi yer tutur. Uca dağlar qoynunda yerləşən bu şəhər xalqımızın tarixini, mədəniyyətini və milli ruhunu özündə yaşadır. Şuşa adı çəkiləndə hər bir azərbaycanlının qəlbində qürur və sevinc hissləri oyanır. Şuşa əsrlər boyu Azərbaycanın mədəni həyatında mühüm rol oynayıb. Burada yetişən şairlər, bəstəkarlar və musiqiçilər milli sənətimizin inkişafına böyük töhfələr veriblər. Şəhərin qədim küçələri, tarixi abidələri və zəngin musiqi ənənələri onun nə qədər qiymətli bir mədəniyyət mərkəzi olduğunu göstərir. Uzun illər Şuşa həsrəti ilə yaşayan xalqımız 2020-ci il noyabrın 8-də böyük sevincə qovuşdu. Azərbaycan Ordusunun qəhrəmanlığı nəticəsində şəhər işğaldan azad edildi. Bu qələbə xalqımızın birliyini, əzmini və Vətənə bağlılığını bir daha nümayiş etdirdi.
Şuşanın azad olunması yalnız hərbi qələbə deyil, həm də milli qürurumuzun bərpası idi. Bu tarixi uğur uğrunda canından keçən şəhidlərimizin xatirəsi xalqımızın yaddaşında daim yaşayacaq. Bu gün Şuşada yeni həyat qurulur. Şəhərin tarixi siması qorunur, mədəniyyət abidələri bərpa edilir, yollar və yaşayış evləri yenidən tikilir. Şuşada keçirilən konsertlər, festivallar və müxtəlif tədbirlər şəhərin mədəni həyatını canlandırır. Doğma sakinlərin öz yurdlarına qayıtması isə bu gözəl şəhərin dirçəlişinə yeni nəfəs verir. 8 Noyabr – Şuşa Şəhəri Günü hər birimizə Vətən sevgisinin, birliyin və mübarizənin nə qədər böyük gücə malik olduğunu xatırladır. Bu gün həm də gələcək nəsillərə tariximizi öyrətmək, milli dəyərlərimizi qorumaq üçün mühüm bir fürsətdir. Şuşa Azərbaycanın dünəni, bu günü və gələcəyidir. Qoy bu qədim şəhər daim inkişaf etsin, küçələrində uşaqların gülüşü, evlərində sevinc və hər zaman sülh hökm sürsün!
Zərdab rayon Hüseynxanlı kənd ümumi orta ümumtəhsil məktəbinin müəllimi- Əfsun Nuriyev























