Şuşa – tariximizin canlı şahidi, gələcəyimizin qüruru
Azərbaycanın hər bir guşəsi öz gözəlliyi və tarixi ilə seçilir. Lakin Şuşanın xalqımızın qəlbində xüsusi yeri var. Bu şəhər milli mədəniyyətimizin, musiqimizin və mənəvi dəyərlərimizin beşiyidir. Şuşanın adı çəkiləndə gözümüz önündə uca dağlar, qədim küçələr və zəngin tarix canlanır. Şuşa 1752-ci ildə Qarabağ xanı Pənahəli xan tərəfindən salınıb. Şəhər uzun illər ərzində Azərbaycanın tanınmış mədəniyyət mərkəzlərindən biri olub. Burada dahi şairlər, bəstəkarlar və sənətkarlar yetişib. Üzeyir Hacıbəyli, Bülbül, Xan Şuşinski kimi sənətkarların adı Şuşa ilə bağlıdır. Onların yaradıcılığı Azərbaycan mədəniyyətini dünyaya tanıdıb.
Şuşa xalqımız üçün yalnız tarixi şəhər deyil, həm də azadlıq və qayıdış arzusunun rəmzi olub. 1992-ci ildə şəhərin işğal edilməsi hər bir azərbaycanlının qəlbində dərin iz buraxdı. Uzun illər Şuşaya qayıdış ümidi ilə yaşayan xalqımız 2020-ci il noyabrın 8-də bu arzusuna çatdı. Azərbaycan Ordusunun qəhrəmanlığı nəticəsində Şuşa işğaldan azad edildi. Şuşanın azadlığı Vətən müharibəsində əldə etdiyimiz tarixi Zəfərin ən mühüm hadisələrindən biri oldu. Bu qələbə xalqımızın birliyini, ordumuzun gücünü və Vətən sevgisini bir daha nümayiş etdirdi. Şuşanın azad edilməsi uğrunda canından keçən şəhidlərimizin xatirəsi hər zaman ehtiramla yad edilir.
Bu gün Şuşada həyat yenidən canlanır. Şəhərdə bərpa və quruculuq işləri aparılır, tarixi abidələr qorunur, yeni yaşayış binaları və infrastruktur yaradılır. Mədəni tədbirlər və festivallar Şuşanın əvvəlki şöhrətini yenidən yaşadır. Doğma yurdlarına qayıdan sakinlər şəhərin dirçəlişinə öz töhfələrini verirlər. 8 Noyabr – Şuşa Şəhəri Günü bizə tariximizi unutmamağı, milli dəyərlərimizi qorumağı və gələcək nəsillərə ötürməyi xatırladır. Bu əlamətdar gün xalqımızın qürurunu və Vətənə bağlılığını ifadə edir. Şuşa daim inkişaf edən, mədəniyyətimizin və milli kimliyimizin rəmzi olan bir şəhərdir. Qoy onun küçələrində həmişə sevinc səsləri eşidilsin, doğma Şuşamız gələcək nəsillər üçün də qürur mənbəyi olaraq yaşasın!
Zərdab rayon Dəkkəoba kənd tam orta ümumtəhsil məktəbinin direktoru- Səlim Zeynalov






















