Şuşa sevgisi nəsillərdən-nəsillərə ötürülən milli dəyərimizdir
Hər bir xalqın elə tarixi məkanları var ki, onlar sadəcə bir şəhər və ya yaşayış yeri deyil, xalqın kimliyini, keçmişini və mənəvi dünyasını ifadə edir. Şuşa da Azərbaycan xalqı üçün belə müqəddəs yerlərdən biridir. Bu şəhərə olan sevgi illər keçsə də azalmır, əksinə, hər yeni nəsildə daha da güclənir. Şuşanı digər şəhərlərimizdən fərqləndirən əsas xüsusiyyətlərdən biri onun zəngin mənəvi irsidir. Azərbaycan musiqisinin, poeziyasının və incəsənətinin inkişafında bu şəhərin böyük rolu olub. Şuşanın adı dahi sənətkarlarımızın, məşhur musiqiçilərimizin və tanınmış ziyalılarımızın adı ilə sıx bağlıdır. Bu şəhər xalqımıza yalnız görkəmli şəxsiyyətlər deyil, həm də zəngin mədəni irs bəxş edib.
Şuşanın işğal altında olduğu illərdə xalqımız bu şəhərin həsrəti ilə yaşadı. Doğma torpaqlarından uzaq düşən insanların ən böyük arzusu yenidən öz evlərinə qayıtmaq idi. 2020-ci il noyabrın 8-də Azərbaycan Ordusunun qəhrəmanlığı sayəsində Şuşanın azad olunması bu arzuları gerçəkləşdirdi. Bu tarixi hadisə xalqımızın yaddaşında əbədi yaşayacaq. Şuşanın azad olunması ilə qarşıda yeni bir vəzifə dayandı: şəhərin əvvəlki gözəlliyini bərpa etmək, tarixi irsini qorumaq və gələcək nəsillərə olduğu kimi çatdırmaq. Bu gün həyata keçirilən bərpa və abadlıq işləri məhz bu məqsədə xidmət edir. Şuşanın qorunması yalnız dövlətin deyil, hər bir vətəndaşın da mənəvi məsuliyyətidir. Biz bu şəhərin tarixini öyrənməli, onun mədəniyyətini tanımalı və gənc nəsildə Şuşaya sevgi hissini gücləndirməliyik. Çünki tarixi yaşatmaq yalnız keçmişi xatırlamaq deyil, onu gələcəyə ötürmək deməkdir. Prezident İlham Əliyevin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə hər il noyabrın 8-i Şuşa Şəhəri Günü kimi təsis edilib. Bu gün xalqımızın tarixi qələbəsini, milli birliyini və Vətənə bağlılığını ifadə edir.
Şuşa bizim üçün sadəcə xəritədə bir şəhər deyil. O, tariximizə hörmətin, milli dəyərlərimizə bağlılığın və gələcəyə inamın rəmzidir. Şuşanın hər bir daşını, hər bir abidəsini qorumaq, onun şöhrətini yaşatmaq hamımızın borcudur. Şuşa sevgisi bir günün deyil, bütün ömrün sevgisidir. Bu sevgi hər zaman qəlbimizdə yaşayacaq!
Zərdab rayon Gəlmə kənd sakini, gənc fəal – Ziya Tağızadə























