image-media-qanunla-reklam-49zqr58lyeum0wphsf12
image-images-1

“Şuşa şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planı”

image-legitimaz-810x90

“Şuşa şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planı”

 

 

Şuşanın işğaldan azad edilməsindən sonra şəhərin tarixi simasının qorunması, müasir tələblərə uyğun yenidən qurulması və uzunmüddətli inkişafının təmin edilməsi dövlət siyasətinin əsas istiqamətlərindən birinə çevrilmişdir. Qarabağın mədəniyyət paytaxtı olan Şuşanın gələcək inkişafı planlaşdırılarkən onun çoxəsrlik tarixi, özünəməxsus memarlıq üslubu, təbii-coğrafi xüsusiyyətləri və zəngin mədəni irsi əsas götürülmüşdür. Şəhərin yenidən qurulması prosesi yalnız yaşayış və infrastruktur obyektlərinin yaradılmasını deyil, həm də tarixi-mədəni mühitin qorunmasını, ekoloji tarazlığın təmin edilməsini və müasir şəhərsalma prinsiplərinin tətbiqini əhatə edir.

Azərbaycan Respublikasının Nazirlər Kabineti 2024-cü il oktyabrın 21-də “Şuşa şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planı”nı təsdiq etmişdir. Bu sənəd şəhərin növbəti illər üzrə məkan planlaşdırılmasını, sosial-iqtisadi inkişaf istiqamətlərini, yaşayış məskənlərinin formalaşdırılmasını və mühəndis-kommunikasiya infrastrukturunun qurulmasını müəyyən edən mühüm strateji sənəddir. Baş planın hazırlanmasında Şuşanın tarixi-memarlıq quruluşunun mühafizəsi, təbii landşaftının qorunması və şəhərin gələcək nəsillər üçün özünəməxsus simasının saxlanılması başlıca prinsiplər kimi nəzərə alınmışdır.

Şəhərin konseptual inkişaf sxemi hazırlanarkən yerləşdiyi ərazinin relyefi, iqlim şəraiti, təbii landşaft xüsusiyyətləri və mövcud tarixi-mədəni strukturu hərtərəfli qiymətləndirilmişdir. Bu yanaşma Şuşanın təbii mühitinə uyğun şəhərsalma modelinin formalaşdırılmasına, tikinti və məskunlaşma proseslərinin ərazinin xüsusiyyətləri əsasında tənzimlənməsinə imkan verir. Eyni zamanda, gələcək inkişafın uzunmüddətli perspektivləri nəzərə alınaraq yaşayış, ictimai, mədəni və xidmət sahələrinin qarşılıqlı əlaqədə planlaşdırılması əsas götürülmüşdür.

Baş planda şəhər əhalisinin perspektiv sayı, yaşayış fonduna olan tələbat, sosial və mədəni-məişət xidmətlərinin təşkili üçün zəruri ərazilər ayrıca nəzərdə tutulmuşdur. Məskunlaşmanın təşkili zamanı təbii landşaftın qorunması, ərazilərin funksional zonalara uyğun istifadəsi və yaşayış məntəqələrinin şəhərin ümumi inkişaf istiqamətləri ilə uzlaşdırılması prinsipləri əsas götürülmüşdür. Yaşayış sahələrinin sıxlığı müəyyənləşdirilərkən yalnız proqnozlaşdırılan əhali sayı deyil, həmçinin məktəb, uşaq bağçası, səhiyyə müəssisələri, ictimai xidmət və digər sosial infrastruktur obyektlərinin yerləşmə imkanları da nəzərə alınmışdır. Bu yanaşma şəhər sakinlərinin gündəlik tələbatlarının yaşayış məkanına yaxın ərazilərdə təmin edilməsinə və rahat şəhər mühitinin formalaşdırılmasına xidmət edir.

Baş planın mühüm istiqamətlərindən biri Şuşanın tarixi şəhər quruluşunun və memarlıq irsinin qorunmasıdır. Xüsusilə şəhərin şərq və mərkəzi hissələrində mövcud tarixi planlaşdırma strukturunun saxlanılması məqsədilə yol şəbəkəsinə müdaxilənin minimum səviyyədə həyata keçirilməsi nəzərdə tutulmuşdur. Tarixi-mədəniyyət abidələrinin bərpası və rekonstruksiyası, qədim küçə və məhəllələrin özünəməxsus xüsusiyyətlərinin qorunması şəhərin memarlıq simasının gələcək inkişaf prosesində də yaşadılmasına imkan verəcəkdir. Müasir tikinti həllərinin tarixi mühitlə uzlaşdırılması Şuşanın şəhərsalma siyasətində xüsusi əhəmiyyət daşıyır. Şəhərin nəqliyyat və mühəndis-kommunikasiya infrastrukturu da uzunmüddətli inkişaf perspektivləri nəzərə alınmaqla planlaşdırılmışdır. Yol şəbəkəsinin formalaşdırılmasında piyadaların hərəkətinin rahatlığı, velosiped yollarının təşkili və ictimai nəqliyyatın üstün mövqeyinin təmin edilməsi əsas prinsiplər kimi müəyyənləşdirilmişdir. Bu yanaşma nəqliyyat sisteminin səmərəliliyinin artırılmasına, avtomobillərdən asılılığın azaldılmasına və şəhər mühitinin daha əlverişli təşkilinə şərait yaradacaqdır. Eyni zamanda, bütün sosial xidmət müəssisələrinin ictimai nəqliyyat marşrutları ilə əlaqələndirilməsi, təhsil, səhiyyə və digər xidmət obyektlərinə əlçatanlığın təmin olunması Baş planın mühüm hədəflərindəndir.

 

Dilarə Məmmədova- Zərdab şəhər 2 saylı körpələr evi-uşaq bağçasının müdiri

 

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki