Şuşa şəhəri tarixən Azərbaycanın mədəni, ictimai, siyasi həyatının mühüm mərkəzlərindən biri olub
Şuşa əsrlər boyu Azərbaycanın ictimai-siyasi, mədəni və mənəvi həyatında mühüm rol oynamış, milli tariximizin və zəngin mədəni irsimizin formalaşmasında özünəməxsus yer tutmuşdur. Qarabağın tacı, Qafqazın incisi kimi tanınan bu qədim şəhər görkəmli dövlət və ictimai xadimlərin, şairlərin, bəstəkarların, musiqi və incəsənət nümayəndələrinin vətəni olmaqla yanaşı, Azərbaycanın milli-mədəni dəyərlərinin qorunub yaşadıldığı mühüm mərkəzlərdən biri olmuşdur. Şuşanın əlverişli coğrafi mövqeyi, təbii relyefi və strateji əhəmiyyəti onun tarixən mühüm müdafiə məntəqəsi və qala şəhəri kimi formalaşmasında da həlledici rol oynamışdır. Şəhərin Ermənistan tərəfindən işğal edilməsi nəticəsində onun əsrlər boyu formalaşmış tarixi-memarlıq görkəminə, dini abidələrinə, mədəniyyət müəssisələrinə və milli-mənəvi irsinə ciddi ziyan vurulmuşdur. İşğal dövründə çoxsaylı tarixi abidələr dağıdılmış, muzeylər talan edilmiş, Azərbaycan xalqının görkəmli şəxsiyyətlərinin xatirəsini yaşadan mədəniyyət nümunələri məqsədyönlü şəkildə zədələnmişdir. Şəhərin tarixi simasının dəyişdirilməsi, milli-mədəni irsin izlərinin silinməsi və Azərbaycan xalqının əsrlər boyu yaratdığı maddi-mənəvi sərvətlərin mənimsənilməsi işğalın ağır nəticələrindən olmuşdur. Bütün bunlara baxmayaraq, Şuşa xalqımızın tarixi yaddaşında özünəməxsus yerini qoruyub saxlamış, şəhərin azad edilməsi və tarixi görkəminin bərpası ümummilli əhəmiyyət daşıyan məqsəd olaraq qalmışdır.
2020-ci il noyabrın 8-də Şuşanın işğaldan azad edilməsindən dərhal sonra şəhərdə genişmiqyaslı bərpa və quruculuq işlərinə başlanılmışdır. Bu proses yalnız infrastrukturun yenidən qurulması və yaşayış şəraitinin yaxşılaşdırılması ilə məhdudlaşmamış, tarixi-mədəniyyət abidələrinin qorunması, bərpası və əvvəlki görkəminə qaytarılmasını da əhatə etmişdir. Şəhərin özünəməxsus memarlıq üslubunun saxlanılması, tarixi küçə və məhəllələrin qorunması, dağıdılmış abidələrin bərpası aparılan işlərin əsas istiqamətlərini təşkil etmişdir. Bütün layihələrin vahid konsepsiya əsasında və planlı şəkildə həyata keçirilməsi Şuşanın tarixi irsi ilə müasir şəhərsalma tələblərinin uzlaşdırılmasına imkan yaratmışdır. Bərpa işlərinin mühüm istiqamətlərindən biri Azərbaycanın görkəmli şəxsiyyətlərinin xatirəsinin əbədiləşdirilməsi və onların mədəni irsinin yaşadılması olmuşdur. İşğal dövründə güllələnmiş Xurşidbanu Natəvanın, Üzeyir Hacıbəylinin və Bülbülün büstlərinin bərpa edilərək əvvəlki yerlərinə qaytarılması şəhərin tarixi-mədəni yaddaşının dirçəldilməsi baxımından xüsusi əhəmiyyət daşıyır. Bu addım Azərbaycan xalqının görkəmli şəxsiyyətlərinə, milli mədəniyyətinə və tarixi irsinə göstərilən ehtiramın ifadəsi olmaqla yanaşı, Şuşanın əvvəlki mənəvi mühitinin bərpasına xidmət etmişdir.
Şəhərin sosial və turizm infrastrukturunun yenidən qurulması istiqamətində də mühüm layihələr həyata keçirilmişdir. “Xarıbülbül”, “Qarabağ” və “Yasəmən” hotellərinin yenidənqurmadan sonra istifadəyə verilməsi Şuşanın turizm imkanlarının genişləndirilməsinə, şəhərdə xidmət sektorunun inkişafına və qonaqların rahatlığının təmin olunmasına şərait yaratmışdır. Bununla yanaşı, modul tipli xəstəxananın və Dövlət Xidmətləri Mərkəzinin fəaliyyətə başlaması əhalinin tibbi və inzibati xidmətlərə əlçatanlığının yaxşılaşdırılması baxımından mühüm addımlar olmuşdur. Zəfər yolu üzərində yerləşən Şuşa Hotel-Konqres Mərkəzi Kompleksinin istifadəyə verilməsi isə şəhərin beynəlxalq tədbirlərin, konfransların və müxtəlif ictimai-mədəni görüşlərin keçirildiyi məkana çevrilməsinə əlavə imkanlar yaratmışdır. Şuşanın yenidən yaşayış məkanına çevrilməsi, keçmiş məcburi köçkünlərin doğma şəhərlərinə qayıdışının təmin edilməsi bərpa siyasətinin əsas istiqamətlərindən biridir. Şuşada həyata keçirilən bərpa və quruculuq işlərinin digər mühüm xüsusiyyəti şəhərin tarixi simasının qorunması ilə müasir yaşayış və xidmət infrastrukturunun yaradılmasının paralel aparılmasıdır. Bu yanaşma qədim memarlıq nümunələrinin gələcək nəsillərə çatdırılmasına, şəhərin təbii landşaftının mühafizəsinə və yeni tikililərin mövcud memarlıq mühitinə uyğunlaşdırılmasına imkan verir. Tarixi abidələrin bərpası, ictimai məkanların yenilənməsi, nəqliyyat və kommunal sistemlərin təkmilləşdirilməsi Şuşanın hərtərəfli inkişafını təmin edən vahid şəhərsalma siyasətinin əsas istiqamətləridir.
Şəhla Xəlilova- Zərdab şəhər 1 saylı körpələr evi-uşaq bağçasının müdiri






















