Şuşa şəhəri günü
Azərbaycan xalqının milli-mənəvi yaddaşında, tarixində və mədəniyyətində Şuşanın özünəməxsus yeri vardır. Qarabağın tacı, Azərbaycanın mədəniyyət beşiyi adlandırılan bu qədim şəhər əsrlər boyu xalqımızın zəngin tarixinin, milli kimliyinin və mənəvi dəyərlərinin daşıyıcısı olmuşdur. Şuşa yalnız coğrafi məkan deyil, həm də Azərbaycan xalqının ruhunu, iradəsini, milli qürurunu və azadlıq arzusunu təcəssüm etdirən müqəddəs şəhərdir.
2020-ci il noyabrın 8-də Azərbaycan Ordusunun qəhrəmanlığı, əsgər və zabitlərimizin misilsiz şücaəti, Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin qətiyyətli rəhbərliyi ilə Şuşa şəhəri Ermənistanın işğalından azad edildi. Bu tarixi hadisə 44 günlük Vətən müharibəsinin ən möhtəşəm səhifələrindən biri olmaqla, Azərbaycan xalqının iradəsinin, birliyinin və yenilməz ruhunun təntənəsinə çevrildi. Şuşanın azad olunması hərbi-strateji baxımdan mühüm əhəmiyyət daşımaqla yanaşı, xalqımızın tarixi ədalətin bərpasına olan inamını da gerçəkləşdirdi.
Şuşa əməliyyatı Azərbaycan hərb tarixində xüsusi yer tutur. Çətin relyef şəraitində, sıldırım qayalıqlardan keçərək şəhərə daxil olan qəhrəman hərbçilərimizin göstərdiyi igidlik dünya hərb tarixində nadir nümunələrdən biri kimi qiymətləndirilir. Şəhərin azad edilməsi düşmənin müqavimət imkanlarını ciddi şəkildə sarsıtdı və müharibənin taleyinə həlledici təsir göstərdi. Prezident İlham Əliyevin noyabrın 8-də xalqa müraciətində səsləndirdiyi “Əziz Şuşa, sən azadsan!” ifadəsi isə Azərbaycan tarixinin unudulmaz anlarından birinə çevrildi.
Şuşanın azad olunması ilə xalqımız təkcə torpaqlarına deyil, həm də milli-mədəni irsinə sahib çıxdı. Uzun illər işğal altında qalan şəhərin tarixi abidələri, məscidləri, mədəniyyət ocaqları və memarlıq nümunələri xalqımızın milli sərvətidir. Üzeyir Hacıbəyli, Bülbül, Xan Şuşinski, Cabbar Qaryağdıoğlu, Natəvan kimi görkəmli şəxsiyyətlərin yetişdiyi bu şəhər Azərbaycan musiqisinin, poeziyasının və incəsənətinin inkişafında müstəsna rol oynamışdır. Məhz buna görə Şuşanın azadlığı həm də milli-mədəni irsimizin öz sahibinə qayıdışı demək idi.
Prezident İlham Əliyevin 2023-cü il 31 iyul tarixli Sərəncamı ilə 8 Noyabr – Şuşa Şəhəri Günü təsis edilmişdir. Bu əlamətdar günün hər il qeyd olunması tarixi Zəfərin əbədiləşdirilməsi, Şuşanın azadlığı uğrunda canından keçən şəhidlərimizin xatirəsinin ehtiramla yad edilməsi və gələcək nəsillərə qəhrəmanlıq salnaməsinin çatdırılması baxımından mühüm əhəmiyyət daşıyır.
Bu gün Şuşada genişmiqyaslı bərpa və quruculuq işləri həyata keçirilir. Tarixi-memarlıq abidələri bərpa olunur, yollar, sosial infrastruktur və yaşayış məkanları yenidən qurulur. Şəhərin əvvəlki şöhrətinin qaytarılması, mədəni həyatının canlandırılması istiqamətində ardıcıl tədbirlər görülür. Şuşada keçirilən beynəlxalq tədbirlər, musiqi festivalları və mədəniyyət layihələri şəhərin Azərbaycanın mədəniyyət paytaxtı kimi mövqeyini daha da möhkəmləndirir.
Bu gün Şuşa azadlığın, Zəfərin və milli birliyin rəmzi kimi ucalır. Onun hər küçəsi, hər daşı xalqımızın tarixi yaddaşını, şəhidlərimizin qanı ilə yazılmış qəhrəmanlıq salnaməsini yaşadır. Şuşanın azadlığı Azərbaycan xalqının öz tarixinə, torpağına və milli dəyərlərinə sahib çıxmaq əzminin parlaq ifadəsidir.
8 Noyabr – Şuşa Şəhəri Günü hər bir azərbaycanlı üçün qürur və fəxarət günüdür. Bu gün biz Şuşanı azad edən qəhrəmanlarımızı ehtiramla yad edir, onların əziz xatirəsi qarşısında baş əyir və əminliklə bildiririk ki, Şuşa əbədi olaraq Azərbaycanın ayrılmaz parçası, milli ruhumuzun və dövlətçilik tariximizin müqəddəs ünvanı olaraq qalacaqdır.
Rafiq Mustafayev – Zərdab rayonu Alıcanlı kənd sakini























