image-media-qanunla-reklam-49zqr58lyeum0wphsf12
image-images

Şuşa – qürurumuzun və Zəfərimizin şəhəri

image-legitimaz-810x90

Şuşa – qürurumuzun və Zəfərimizin şəhəri

 

Azərbaycan xalqının tarixində elə şəhərlər var ki, onların adı çəkiləndə hər birimizin qəlbində qürur, sevinc və Vətən sevgisi hissləri oyanır. Şuşa da belə şəhərlərimizdəndir. Qarabağın gözəl guşəsində yerləşən bu qədim şəhər Azərbaycanın zəngin tarixini, mədəniyyətini və milli ruhunu özündə yaşadır.

Şuşanın əsası 1752-ci ildə Qarabağ xanı Pənahəli xan tərəfindən qoyulub. Şəhər qısa müddətdə Azərbaycanın mühüm mədəniyyət mərkəzlərindən birinə çevrilib. Burada görkəmli şairlər, yazıçılar, musiqiçilər və sənətkarlar yetişib. Şuşa həm də muğamımızın, milli musiqimizin və ədəbiyyatımızın inkişafında böyük rol oynayıb. Məhz buna görə də Şuşa haqlı olaraq Azərbaycanın mədəniyyət beşiyi adlandırılır.

1992-ci il mayın 8-də Şuşa Ermənistan silahlı qüvvələri tərəfindən işğal edildi. Şəhərin işğalı xalqımız üçün ağır itki oldu. Uzun illər ərzində Şuşa həsrətini yaşayan Azərbaycan xalqı doğma şəhərin azad olunacağı günü səbirsizliklə gözlədi. Nəhayət, 2020-ci il noyabrın 8-də, 44 günlük Vətən müharibəsi zamanı Azərbaycan Ordusu Şuşanı işğaldan azad etdi. Bu tarixi qələbə xalqımıza böyük sevinc və qürur yaşatdı. Şuşanın azad edilməsi Azərbaycanın Zəfərinin ən mühüm hadisələrindən biri oldu. Həmin gün həm də Zəfər Günü kimi tariximizə yazıldı. Prezident İlham Əliyevin 2023-cü il 31 iyul tarixli Sərəncamına əsasən, hər il noyabrın 8-i Şuşa Şəhəri Günü kimi qeyd olunur. Bu gün yalnız Şuşanın azadlığını deyil, həm də xalqımızın birliyini, əzmini və Vətən sevgisini ifadə edir.

Bu gün Şuşada geniş bərpa və quruculuq işləri aparılır. Tarixi abidələr yenidən bərpa olunur, yollar, məktəblər və yaşayış binaları tikilir. Şəhər öz əvvəlki gözəlliyinə qovuşur. Şuşaya keçmiş məcburi köçkünlərin qayıdışı da bu dirçəlişin mühüm hissəsidir. Şuşa bu gün Azərbaycanın mədəniyyət paytaxtı olmaqla yanaşı, milli qürurumuzun və tarixi yaddaşımızın rəmzidir. Onun hər küçəsi, hər daşı xalqımızın keçmişindən xəbər verir. 8 Noyabr – Şuşa Şəhəri Günü münasibətilə bütün xalqımızı təbrik edir, Şuşanın daim inkişaf etməsini, ölkəmizdə sülhün və əmin-amanlığın möhkəmlənməsini arzulayırıq. Şuşa bizimdir və daim bizim olacaq!

 

Zərdab rayon Gəlmə kənd tam orta ümumtəhsil məktəbinin direktoru-Rasif Qaçayev


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki