image-media-qanunla-reklam-49zqr58lyeum0wphsf12
image-70162fe6170600079324967880510692125

Şuşa İli

image-legitimaz-810x90

Şuşa İli

Şuşanın Azərbaycanın tarixi, mədəni və mənəvi həyatında tutduğu müstəsna mövqe, şəhərin milli kimliyimizin qorunmasındakı rolu və işğaldan azad edilməsinin yaratdığı tarixi reallıqlar onun dövlət səviyyəsində xüsusi diqqət mərkəzində saxlanılmasını zəruri etmişdir. Şuşanın azadlığı ilə başlanan yeni inkişaf mərhələsinin mühüm istiqamətlərindən biri şəhərin zəngin tarixi-mədəni irsinin bərpası, milli ənənələrinin yaşadılması və ölkənin ictimai-mədəni həyatında əvvəlki mövqeyinin yenidən təmin edilməsi olmuşdur.

Cənab Prezident İlham Əliyevin 2022-ci il 5 yanvar tarixli Sərəncamı ilə 2022-ci ilin Azərbaycan Respublikasında “Şuşa İli” elan edilməsi şəhərin tarixi əhəmiyyətinə verilən yüksək dövlət qiymətinin ifadəsi idi. Bu qərar Şuşanın Azərbaycanın mədəniyyət paytaxtı kimi mövqeyinin möhkəmləndirilməsi, onun zəngin irsinin daha geniş miqyasda təbliği və şəhərin gələcək inkişafına diqqətin artırılması baxımından mühüm əhəmiyyət daşımışdır. “Şuşa İli” çərçivəsində həyata keçirilən tədbirlər şəhərin tarixi keçmişinin, milli-mədəni dəyərlərinin və Azərbaycan xalqının həyatındakı xüsusi yerinin daha geniş ictimaiyyətə çatdırılmasına xidmət etmişdir. İl ərzində ölkənin müxtəlif bölgələrində, eləcə də beynəlxalq miqyasda Şuşanın tarixi, mədəniyyəti, memarlığı, ədəbiyyatı və incəsənətinə həsr olunmuş çoxsaylı tədbirlər təşkil edilmişdir. Konfranslar, elmi müzakirələr, sərgilər, konsert proqramları, ədəbi-bədii layihələr və maarifləndirici təşəbbüslər vasitəsilə şəhərin çoxəsrlik tarixi və zəngin mədəni irsi diqqətə çatdırılmışdır. Bu tədbirlər Şuşanın yalnız Azərbaycanın deyil, bütövlükdə regionun mühüm mədəniyyət mərkəzlərindən biri kimi tanıdılmasına, onun beynəlxalq mədəni əlaqələrinin genişləndirilməsinə imkan yaratmışdır.

“Şuşa İli”nin mühüm istiqamətlərindən biri də şəhərin tarixi-memarlıq irsinin qorunması və bərpası olmuşdur. İşğal dövründə dağıntılara və vandalizmə məruz qalmış tarixi abidələrin, məscidlərin, muzeylərin, mədəniyyət ocaqlarının və digər memarlıq nümunələrinin yenidən qurulması istiqamətində həyata keçirilən işlərə xüsusi diqqət yetirilmişdir. Şəhərin tarixi simasının qorunması, qədim memarlıq ənənələrinin yaşadılması və müasir infrastrukturun yaradılması Şuşanın gələcək inkişafının əsas istiqamətlərini müəyyənləşdirmişdir. Bu il çərçivəsində Şuşanın görkəmli şəxsiyyətlərinin irsinin öyrənilməsi və təbliği, şəhərin Azərbaycan ədəbiyyatı və musiqisindəki rolunun araşdırılması da xüsusi aktuallıq qazanmışdır. Xurşidbanu Natəvan, Üzeyir Hacıbəyli, Bülbül, Mir Möhsün Nəvvab və digər görkəmli şəxsiyyətlərin yaradıcılıq irsinin tanıdılması milli mədəniyyətimizin tarixi köklərinə diqqəti artırmışdır. Şuşanın yetişdirdiyi bu şəxsiyyətlərin fəaliyyəti şəhərin Azərbaycan mədəniyyətinin inkişafına verdiyi töhfələrin miqyasını bir daha nümayiş etdirmişdir.

“Şuşa İli” çərçivəsində həyata keçirilən tədbirlər şəhərin dirçəldilməsi ilə yanaşı, işğaldan azad edilmiş ərazilərin bərpası və Böyük Qayıdış prosesinin sürətləndirilməsi ilə də əlaqəli olmuşdur. Şəhərin sosial-iqtisadi potensialının inkişaf etdirilməsi, infrastruktur təminatının yaxşılaşdırılması, turizm imkanlarının genişləndirilməsi və mədəni mühitin canlandırılması istiqamətində görülən işlər Şuşanın gələcək inkişafı üçün mühüm əsaslar yaratmışdır. Tarixi irsin qorunması ilə müasir şəhərsalma prinsiplərinin uzlaşdırılması bu prosesin başlıca xüsusiyyətlərindən biri olmuşdur. “Şuşa İli”nin elan edilməsi Azərbaycan xalqının tarixi yaddaşına, milli-mənəvi dəyərlərinə və mədəni irsinə göstərilən dövlət qayğısının mühüm təzahürü kimi əhəmiyyət kəsb edir. Bu təşəbbüs Şuşanın işğaldan azad edilməsindən sonra şəhərin həyatında başlanan yeni mərhələnin məzmununu müəyyənləşdirmiş, onun milli mədəniyyətimizin inkişafında və beynəlxalq miqyasda tanıdılmasında rolunu daha da artırmışdır.

 

Ramiz Sərdarzadə- Zərdab rayon Şahhüseynli kənd tam orta ümumtəhsil məktəbinin direktoru


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki