image-media-qanunla-reklam-49zqr58lyeum0wphsf12
image-images-4

Şuşa, eyni zamanda, Türk dünyası və İslam aləmi üçün də mühüm mədəniyyət mərkəzidir

image-legitimaz-810x90

Şuşa, eyni zamanda, Türk dünyası və İslam aləmi üçün də mühüm mədəniyyət mərkəzidir

Şuşanın əhəmiyyəti yalnız onun tarixi və mədəni irsi ilə məhdudlaşmır. Bu şəhər hazırda Azərbaycanın beynəlxalq əlaqələrinin inkişafında, ölkəmizin mövqeyinin dünyaya çatdırılmasında mühüm rol oynayır. Azad olunandan sonra Şuşada keçirilən beynəlxalq tədbirlər, görüşlər və forumlar şəhərin yeni imkanlarını nümayiş etdirir. Xüsusilə Şuşa Qlobal Media Forumları dünya mediasının diqqətini Azərbaycana və regionda baş verən proseslərə yönəldən mühüm platformaya çevrilib.

Şuşada keçirilən beynəlxalq tədbirlər zamanı Azərbaycan öz sülh, əməkdaşlıq və təhlükəsizlik çağırışlarını dünya ictimaiyyətinə çatdırır. Müxtəlif ölkələrin nümayəndələrinin, dövlət və hökumət başçılarının, beynəlxalq təşkilatların təmsilçilərinin bu şəhərə səfərləri Şuşanın artan nüfuzunu göstərir. Qarabağın tacı olan bu şəhər Azərbaycan xalqının birliyini, dövlətimizin gücünü və regionda yaranmış yeni reallıqları nümayiş etdirir.

Şuşa, eyni zamanda, Türk dünyası və İslam aləmi üçün də mühüm mədəniyyət mərkəzidir. Şəhərin beynəlxalq səviyyədə mədəniyyət paytaxtı kimi tanınması onun zəngin tarixinə və mədəni irsinə verilən yüksək qiymətin göstəricisidir. Şuşada keçirilən mədəni tədbirlər, musiqi festivalları və beynəlxalq görüşlər müxtəlif xalqlar arasında dostluq və əməkdaşlıq əlaqələrinin möhkəmlənməsinə xidmət edir.

Xüsusilə “Xarıbülbül” Musiqi Festivalının yenidən Şuşada keçirilməsi böyük mənəvi əhəmiyyət daşıyır. Uzun illər işğal altında qalan şəhərdə yenidən musiqi səslərinin eşidilməsi, tanınmış sənətkarların çıxışları və müxtəlif xalqların nümayəndələrinin bir araya gəlməsi Şuşanın öz əvvəlki mədəni həyatına qayıtdığını göstərir. Bir vaxtlar dağıntılara məruz qalmış bu şəhər bu gün musiqi, sənət və mədəniyyət tədbirlərinin keçirildiyi canlı məkana çevrilir.

Dövlət başçısı İlham Əliyevin Şuşaya mütəmadi səfərləri də şəhərin inkişafına göstərilən diqqətin bariz nümunəsidir. 2026-cı ilədək Prezidentin Şuşaya 37 səfəri olub. Bu səfərlər zamanı bərpa və quruculuq işlərinin gedişi ilə tanışlıq, yeni obyektlərin açılışı, müxtəlif layihələrin təməlqoyma mərasimləri keçirilib. Bu diqqət Şuşanın və bütövlükdə Qarabağın Azərbaycanın ayrılmaz hissəsi olduğunu, dövlətimizin bu torpaqların inkişafı üçün ardıcıl və məqsədyönlü siyasət həyata keçirdiyini göstərir.

Şuşanın azad olunması ilə Azərbaycan yalnız ərazi bütövlüyünün bərpası istiqamətində mühüm addım atmadı, həm də xalqımızın milli ruhunu və özünəinamını daha da gücləndirdi. Bu Qələbə sübut etdi ki, birlik olan yerdə güc, Vətən sevgisi olan yerdə isə böyük uğurlar qazanmaq mümkündür. 44 günlük Vətən müharibəsində əldə edilən tarixi Zəfər xalqımızın yaddaşında əbədi yaşayacaq.

Bu gün Şuşaya baxarkən keçmişin ağrılarını, işğal illərində yaşanan çətinlikləri və azadlıq uğrunda göstərilən qəhrəmanlığı xatırlayırıq. Eyni zamanda, şəhərin yenidən qurulmasını, insanların doğma yurdlarına qayıtmasını və gələcəyə inamla addımlamasını görürük. Şuşanın hər bir küçəsi, hər bir tarixi abidəsi, hər bir daşı xalqımızın keçmişindən xəbər verir, bu günümüzün qürurunu və gələcəyimizin ümidlərini özündə birləşdirir.

8 Noyabr – Şuşa Şəhəri Günü bizə bir daha xatırladır ki, Vətən torpağı xalq üçün ən böyük dəyərdir. Bu torpaqların azadlığı uğrunda canından keçən şəhidlərimizin qəhrəmanlığı heç vaxt unudulmayacaq. Qazilərimizin fədakarlığı, əsgər və zabitlərimizin igidliyi, xalqımızın birliyi və dövlətimizin qətiyyətli siyasəti sayəsində bu gün Şuşada Azərbaycan bayrağı dalğalanır.

Şuşa artıq keçmişin həsrət dolu xatirəsi deyil, müasir Azərbaycanın inkişaf edən, yenidən canlanan və dünyaya açılan şəhəridir. Burada görülən işlər, həyata keçirilən layihələr və sakinlərin doğma evlərinə qayıtması Böyük Qayıdışın uğurlu nəticələrini göstərir.

 

Fəxrət Məmmədəliyev – Təzəkənd kənd sakini, fəal gənc

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki