image-media-qanunla-reklam-49zqr58lyeum0wphsf12
image-susa

Şuşa – azadlığın və yenidənqurmanın ünvanı

image-legitimaz-810x90

Şuşa – azadlığın və yenidənqurmanın ünvanı

 

Şuşa Azərbaycanın qədim tarixini, zəngin mədəniyyətini və milli dəyərlərini özündə birləşdirən şəhərdir. Qarabağın dağları qoynunda yerləşən bu gözəl məkan əsrlər boyu xalqımızın sevimli şəhərlərindən biri olub. Şuşanın adı hər zaman musiqi, sənət və vətən sevgisi ilə yanaşı çəkilib. Şuşa təkcə gözəl təbiəti ilə deyil, həm də yetişdirdiyi böyük şəxsiyyətlərlə tanınır. Bu şəhər Azərbaycan musiqisinin inkişafında mühüm rol oynayıb. Burada dünyaya gələn və fəaliyyət göstərən sənətkarlar milli mədəniyyətimizin zənginləşməsinə böyük töhfələr veriblər. Şuşa bu gün də öz mədəni irsi ilə fəxr edir.

1992-ci ildə Şuşanın işğal olunması xalqımızın yaddaşında dərin iz buraxdı. Şəhərin sakinləri doğma evlərindən uzaq düşdülər. Lakin Şuşaya qayıdış ümidi heç vaxt sönmədi. Hər bir azərbaycanlı bu qədim şəhərin azad olunacağı günü gözləyirdi. 2020-ci il noyabrın 8-də Azərbaycan Ordusu Şuşanı işğaldan azad etdi. Bu qələbə xalqımızın tarixində yeni bir səhifə açdı. Şuşanın azad edilməsi Azərbaycan əsgərinin qəhrəmanlığını və xalqımızın sarsılmaz iradəsini bütün dünyaya göstərdi. Həmin gün ölkəmizdə böyük sevinc və qürur hissi yaşandı.

Bu gün Şuşa yenidən qurulur və inkişaf edir. Şəhərin tarixi abidələri bərpa olunur, yeni yollar çəkilir, yaşayış evləri və sosial obyektlər tikilir. Şuşada keçirilən mədəni tədbirlər şəhərin əvvəlki şöhrətini yenidən canlandırır. Doğma sakinlərin öz yurdlarına qayıtması isə bu dirçəlişə xüsusi məna verir. Şuşa Şəhəri Günü xalqımızın azadlıq iradəsini və tarixi qələbəsini qeyd etdiyi əlamətdar gündür. Bu tarix bizə Vətən uğrunda canından keçən qəhrəmanlarımızı xatırladır, gələcəyə inamımızı gücləndirir. Şuşa bizim tariximiz, mədəniyyətimiz və qürurumuzdur. Qoy bu şəhərdə daim həyat, sevinc və quruculuq hökm sürsün. Şuşamızın gözəlliyi və şöhrəti gələcək nəsillərə də miras qalsın!

 

Zərdab rayon Əlibəyli  kənd tam orta ümumtəhsil məktəbinin müəllimi- Gülşən İsmayılova


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki