image-media-qanunla-reklam-49zqr58lyeum0wphsf12
image-images-4

Sənayenin yeni inkişaf mərhələsinə doğru

image-legitimaz-810x90

Sənayenin yeni inkişaf mərhələsinə doğru

Azərbaycanın iqtisadi inkişaf strategiyasının mühüm xüsusiyyətlərindən biri qəbul edilən dövlət proqramlarının konkret hədəflərə və icra müddətlərinə əsaslanmasıdır. Prezident İlham Əliyevin “Azərbaycan Respublikasında 2027–2030-cu illərdə dağ-mədən (metal filizləri) və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramı”na həsr olunmuş müşavirədə çıxışı da bu baxımdan qarşıdakı dövr üçün yeni iqtisadi prioritetləri müəyyənləşdirir.

Dövlət başçısının diqqət çəkdiyi əsas məsələlərdən biri proqramın 2030-cu ilin sonunadək, yəni dörd il ərzində tam icra edilməli olmasıdır. Bu müddət təsadüfi deyil. Müasir iqtisadiyyat çevik qərarlar, konkret hədəflər və nəticəyönümlü idarəetmə tələb edir. Dağ-mədən və metallurgiya sənayesinin inkişafı üzrə proqramın qısamüddətli xarakter daşıması qarşıya qoyulan məqsədlərin mərhələli şəkildə həyata keçirilməsinə, mövcud potensialın daha səmərəli istifadəsinə və nəticələrin konkret göstəricilər əsasında qiymətləndirilməsinə imkan verəcək.

Bu proqramı yalnız sənaye sahəsinin inkişafı ilə məhdudlaşdırmaq da düzgün olmazdı. Çünki dağ-mədən və metallurgiya sənayesinin genişləndirilməsi yeni istehsal sahələrinin yaradılması, məşğulluğun artırılması, investisiya imkanlarının genişləndirilməsi və regionların iqtisadi fəallığının yüksəldilməsi baxımından da əhəmiyyətlidir. Başqa sözlə, sənaye siyasəti ilə regional inkişaf siyasəti arasında qarşılıqlı bağlılıq daha da güclənir.

Azərbaycanın regionlarının sosial-iqtisadi inkişafı istiqamətində həyata keçirilən dövlət proqramları bunun aydın nümunəsidir. 2004-cü ildə qəbul edilmiş ilk regional inkişaf proqramından başlayaraq ölkənin bütün bölgələrində infrastrukturun yenilənməsi, sahibkarlığın inkişafı, yeni müəssisələrin yaradılması və sosial obyektlərin tikintisi istiqamətində genişmiqyaslı işlər görülüb. Sonrakı illərdə qəbul edilən proqramlar bu siyasətin davamlı xarakter daşıdığını göstərib.

Lakin regional inkişafı başa çatmış proses kimi qəbul etmək mümkün deyil. Əhali artır, yeni yaşayış məntəqələri formalaşır, iqtisadi fəallıq genişlənir, əmək bazarının tələbləri dəyişir. Buna görə də vaxtilə yaradılmış infrastrukturun yenilənməsi və genişləndirilməsi, yeni istehsal və xidmət sahələrinin təşviqi daim diqqətdə saxlanılmalıdır. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, dövlət proqramları statik sənədlər deyil, dəyişən reallıqlara uyğun olaraq təkmilləşdirilən inkişaf mexanizmləridir.

2027–2030-cu illəri əhatə edəcək yeni proqramın da məhz bu yanaşma üzərində qurulması gözlənilir. Burada sənaye potensialının artırılması ilə yanaşı, regionların sosial-iqtisadi inkişafına dair gündəmin də nəzərə alınması mühüm məqamdır. Bu, iqtisadi artımın yalnız ayrı-ayrı sahələrdə deyil, regionlar üzrə daha geniş və davamlı şəkildə təmin edilməsinə xidmət edə bilər.

Qarşıdakı dörd il Azərbaycan üçün həm sənaye, həm də regional inkişaf baxımından yeni imkanlar dövrü kimi nəzərdən keçirilir. Dağ-mədən və metallurgiya sənayesinin inkişafı üzrə Dövlət Proqramının konkret müddət ərzində icrası qarşıya qoyulan məqsədlərin real nəticələrə çevrilməsini tələb edir. Regional inkişaf siyasətinin davamlılığı isə bu nəticələrin ölkənin müxtəlif bölgələrində iqtisadi fəallığın, məşğulluğun və sosial rifahın artmasına töhfə verməsi üçün mühüm zəmin yaradır.

 

Rafiq Mustafayev – Zərdab rayonu Alıcanlı kənd sakini

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki