Milli Məclisin sədri Sahibə Qafarova parlamentin bu gün keçirilən plenar iclasında çıxış edib.
Xeberaz.info– nun məlumatına görə, spiker gündəliyin ilk məsələsi barədə danışaraq bildirib ki, müzakirəyə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının üzvlərinin və əvəzedici üzvlərinin təyin edilməsi haqqında qərar layihəsi təqdim olunur.
Mərkəzi Seçki Komissiyası üzvlərinin səlahiyyət müddətinin başa çatdığını və “Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin birinci hissəsinə əlavələr edilməsi haqqında” Konstitusiya Qanununa əsasən, Milli Məclisin MSK-nın yeni tərkibini formalaşdırmalı olduğunu qeyd edən Sahibə Qafarova daha sonra bunları söyləyib:
“Seçki Məcəlləsinə uyğun olaraq, Mərkəzi Seçki Komissiyasının 18 üzvünün namizədlikləri aşağıdakı qaydada təqdim edilməlidir:
6 nəfərin namizədlikləri Milli Məclisdə çoxluq təşkil edən siyasi partiya tərəfindən;
6 nəfərin namizədlikləri heç bir siyasi partiyaya mənsub olmayan (müstəqil) deputatlar tərəfindən;
6 nəfərin namizədlikləri isə Milli Məclisdə azlıq təşkil edən siyasi partiyalar tərəfindən.
Bununla birlikdə, Seçki Məcəlləsinə görə, Mərkəzi Seçki Komissiyasının 3 nəfər əvəzedici üzvünün namizədlikləri də eyni qaydada Milli Məclisə təqdim edilməlidir. Artıq bütün lazımi prosedurlar icra olunub və namizədlər müəyyən edilib. Milli Məclisdə çoxluq təşkil edən Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin qərarı ilə Mərkəzi Seçki Komissiyasının 6 nəfər üzvünün və 1 nəfər əvəzedici üzvünün, heç bir siyasi partiyaya mənsub olmayan (müstəqil) deputatların yığıncağının qərarı ilə Mərkəzi Seçki Komissiyasının 6 nəfər üzvünün və 1 nəfər əvəzedici üzvünün, habelə Milli Məclisdə azlıq təşkil edən siyasi partiyaları – Vətəndaş Həmrəyliyi Partiyasını, Ədalət, Hüquq, Demokratiya Partiyasını, Azərbaycan Demokratik İslahatlar Partiyasını, Böyük Quruluş Partiyasını, Azərbaycan Demokratik Maarifçilik Partiyasını, Milli Cəbhə Partiyasını, Böyük Azərbaycan Partiyasını, Azərbaycan Milli İstiqlal Partiyasını, Ana Vətən Partiyasını, Respublikaçı Alternativ Partiyasını Milli Məclisdə təmsil edən deputatların yığıncağının qərarı ilə Mərkəzi Seçki Komissiyasının 6 nəfər üzvünün və 1 nəfər əvəzedici üzvünün namizədlikləri Milli Məclisə təqdim edilib”.
Spiker Mərkəzi Seçki Komissiyasının üzvlüyünə namizədlərin iclasda iştirak etdiklərini deyib:
“Onu da qeyd edim ki, Seçki Məcəlləsinin tələbinə uyğun olaraq, Milli Məclisdə heç bir siyasi partiyaya mənsub olmayan (müstəqil) deputatların təqdim etdiyi namizədlərdən biri Milli Məclisdə çoxluq təşkil edən Yeni Azərbaycan Partiyasının nümayəndələri ilə, digər bir namizəd isə azlıq təşkil edən siyasi partiyaların nümayəndələri ilə razılaşdırılıb”.

























