Sadə Azərbaycan ziyalısı
Azərbaycan xalqının milli özünüdərkinin ən önəmli amillərindən biri xatirə anlayışına, unudulmazlıq məfhumuna sədaqətidir. Xalqımız şəxsiyyəti, əməlləri, yaratdıqları, davamçıları ilə tarix yazmış görkəmli simaları, nəcib insani keyfiyyətlərə, yüksək ali dəyərlərə malik şəxsiyyətləri əbədi yaddaşına ona görə bu qədər israrla həkk edir ki, onlarla qürur duysun, öyünsün, bu insanların varlığı ilə millət olduğunu dərk etsin və özünə güvənsin. Yüksək elmi nailiyyətləri, milli mənəvi-əxlaqi dəyərlərə, eyni zamanda müasirlik və inkişafa bağlılığı, xeyirxah və nəcib əməlləri ilə xalqımızın yaddaşında həmişəyaşarlıq qazanmış görkəmli elm və səhiyyə xadimi, AMEA-nın həqiqi üzvü, tibb elmləri doktoru, professor Zərifə Əziz qızı Əliyevanın adı Azərbaycanın XX əsr tarixinin ən görkəmli və yaradıcı simaları sırasına qızıl hərflərlə yazılmışdır. Tanınmış ziyalı nəslin layiqli davamçısı, sədaqətli ömür-gün yoldaşı, qayğıkeş ana, dünya tibb elminə əvəzolunmaz töhfələr vermiş böyük oftalmoloq-alim və xeyirxah insan kimi şərəfli bir ömür yaşamış Zərifə xanımın həyatının hər bir anı mənəvi kamillik və müdriklik məktəbidir. Geniş dünyagörüşü, fitri istedadı və intellekti ilə seçilmiş bu böyük insan ömrünü zərrə-zərrə xalqının və vətəninin gələcəyi üçün şam kimi əritmiş, insanlara sevgisi, geniş dünyagörüşü və dərin bilikləri sayəsində böyük uğurlara imza atmışdır.
Həyatı hər bir alim və tibb işçisi üçün başdan-başa örnək olan akademik Zərifə Əliyeva 28 aprel 1923-cü ildə Naxçıvanın Şahtaxtı kəndində Azərbaycanın səhiyyə və dövlətçilik tarixində özünəməxsus yeri ilə seçilən ictimai və dövlət xadimi, Əməkdar həkim, professor Əziz Əliyevin ailəsində dünyaya göz açmışdır. Ulu Tanrının ən yüksək mənəvi xüsusiyyətlər bəxş etdiyi Zərifə xanım müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, bütün mənalı ömrünü Vətəninin və xalqının tərəqqisinə həsr etmiş dahi şəxsiyyətin – Ulu Öndər Heydər Əliyevin məslək, əqidə və əməl silahdaşı, vəfalı ömür-gün yoldaşı olmuş, şəfqətli ANA kimi müasir Azərbaycanın lideri, millətin müzəffərlik və qalibiyyət tarixinə yeni-yeni səhifələr yazan görkəmli dövlət xadimi, Prezident İlham Əliyevin şəxsiyyət kimi formalaşmasında həlledici rol oynamışdır. Zərifə xanım oftalmologiya elminin korifeyi, ziyalı və işıqlı bir şəxsiyyət olmaqla görmə problemli insanlara və ümumən ətrafındakı hər kəsə sözün həm həqiqi, həm də məcazi mənasında nur paylayan, gözlərə işıq, qəlblərə həyat eşqi bəxş edən, ətrafına gözəlliklər saçan mələk misallı bir insan olmuşdur. Görkəmli alim və təbibin zəngin elmi irsi, oftalmologiyanın müxtəlif sahələri üzrə apardığı tədqiqatlar, əldə etdiyi mühüm nailiyyətlər, bunların əsasında yaratdığı fundamental əsərlər Azərbaycan tibb elminin parlaq səhifələridir.
Ziya Nağıyev –Zərdab rayon Dəli Quşçu kənd sakini






















