Sabitlik və milli dəyərlər – Türk dünyasının inkişaf dayaqları
Türk Dövlətləri Təşkilatının sürətli inkişafı yalnız üzv ölkələr arasında tarixi-mədəni bağların möhkəmliyi ilə deyil, həm də sabitlik, təhlükəsizlik və davamlı iqtisadi inkişaf kimi mühüm amillərlə şərtlənir. Prezident İlham Əliyevin TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxsləri ilə görüşündə səsləndirdiyi fikirlər bu reallığın mühüm məqamlarını diqqətə çatdırır.
Müasir dünyanın mürəkkəb və dəyişkən geosiyasi mənzərəsində sabitliyin qorunması dövlətlərin inkişafı üçün əsas şərtlərdən biridir. Siyasi və iqtisadi sabitlik investisiyaların cəlb olunmasına, yeni texnologiyaların tətbiqinə, innovasiyaların inkişafına və biznes mühitinin genişlənməsinə imkan yaradır. TDT məkanında sabitlik və təhlükəsizliyin qorunması təşkilata daxil olan dövlətlərin əməkdaşlıq imkanlarını genişləndirir, onların regional və beynəlxalq proseslərdə daha fəal iştirakına şərait yaradır.
Bu baxımdan təhlükəsizlik yalnız hərbi amil kimi deyil, həm də iqtisadi inkişafın və sosial rifahın təməli kimi qiymətləndirilir. Sabitlik şəraitində dövlətlər uzunmüddətli inkişaf strategiyalarını daha ardıcıl həyata keçirə, iqtisadi potensiallarını səfərbər edə və qarşılıqlı əməkdaşlıq layihələrini genişləndirə bilirlər. TDT ölkələrinin iqtisadi artım, sənaye istehsalı və maliyyə sabitliyi istiqamətində nümayiş etdirdiyi müsbət dinamika da bu amillərin qarşılıqlı əlaqəsini göstərir.
Prezident İlham Əliyevin çıxışında diqqət çəkilən digər mühüm məqam milli və mənəvi dəyərlərin qorunmasıdır. Türk dövlətlərini birləşdirən ortaq tarixi yaddaş, dil və mədəniyyətlə yanaşı, milli özünüdərk və mənəvi prinsiplərə bağlılıq da təşkilatın strateji potensialının mühüm hissəsidir. Qloballaşmanın sürətləndiyi bir dövrdə milli kimliyin qorunması və gələcək nəsillərə ötürülməsi dövlətlərin qarşısında duran mühüm vəzifələrdən biridir.
Bu prosesdə gənclər siyasəti xüsusi əhəmiyyət daşıyır. Gənc nəslin vətənpərvərlik, milli-mənəvi dəyərlərə hörmət və dövlətçilik düşüncəsi əsasında formalaşması Türk dünyasının gələcək inkişafına birbaşa təsir edən amillərdəndir. Bu baxımdan TDT çərçivəsində gənclər arasında təhsil, mədəniyyət, elm, idman və sosial layihələrin genişləndirilməsi ortaq dəyərlərin daha da möhkəmlənməsinə xidmət edə bilər.
Təhlükəsizlik, siyasi sabitlik, iqtisadi inkişaf və milli-mənəvi dəyərlərə bağlılıq TDT məkanında qarşılıqlı tamamlanan strateji istiqamətlər kimi çıxış edir. Bu amillərin vəhdəti Türk Dövlətləri Təşkilatının institusional imkanlarının genişlənməsi və üzv ölkələr arasında əməkdaşlığın daha sistemli xarakter alması üçün mühüm zəmin yaradır. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, sabitlik və təhlükəsizlik olmadan davamlı inkişaf mümkün deyil; milli dəyərlərin qorunması isə bu inkişafın mənəvi dayaqlarından biridir.
Yaşar Nuriyev – Zərdab rayonu Alıcanlı kənd sakini























