25 ildən artıq YAP üzvü olan və yubiley yaşı qeyd edilən partiya veteranı, şəhid atası Vaqif Əmirəslanovun yubileyi münasibətilə görüş keçirilib.
Xeberaz.info xəbər verir ki, YAP Saatlı rayon təşkilatının sədri Elşən Əzizov yubilyarı doğum günü münasibətilə təbrik edib, ona möhkəm can sağlığı, uzun ömür arzulayıb. O, Vaqif Əmirəslanovun uzun illər ərzində rayonun ictimai-siyasi həyatında fəal iştirak etdiyini, partiya ideyalarının təbliği və təşkili istiqamətində göstərdiyi xidmətləri yüksək qiymətləndirib. Vurğulandı ki, Vaqif Əmirəslanov həm partiya veteranı, həm də şəhid atası kimi rayonda hər zaman böyük rəğbət və ağsaqqal hörməti ilə qarşılanır.
Daha sonra çıxış edən Saatlı rayon Ağsaqqallar Şurasının sədri Sədafər Hüseynov yubilyarı təbrik edərək, onun keçdiyi mənalı ömür yolunun və dövlətçiliyə sadiqliyinin gənc nəsil üçün əsl vətənpərvərlik məktəbi olduğunu bildirib. S.Hüseynov şəhid atasının cəmiyyətdəki mənəvi ucalığını önə çəkərək, ona uzun ömür və tükənməz gümrahlıq arzulayıb.
Partiya veteranı Vaqif Əmirəslanov göstərilən diqqətə, qayğıya və ünvanına söylənilən xoş sözlərə görə təşəkkürünü bildirib. O, Ulu Öndər Heydər Əliyev tərəfindən təsis edilmiş Yeni Azərbaycan Partiyası sıralarında fəaliyyət göstərməkdən qürur duyduğunu vurğulayıb.
Görüş zamanı YAP Saatlı rayon təşkilatı tərəfindən 25 ildən artıq YAP üzvü olan, yubiley yaşı qeyd edilən partiya veteranına fəxri fərman və xatirə hədiyyəsi təqdim edilib, onunla xatirə şəkilləri çəkdirilib.

























