Yeni Azərbaycan Partiyası Saatlı rayon təşkilatının təşkilatçılığı ilə gənc partiya üzvləri və partiya fəallarının iştirakı ilə Saatlı rayon Heydər Əliyev Mərkəzində Ulu Öndər Heydər Əliyevin ilk dəfə hakimiyyətə gəlişi ilə bağlı “Müasir dövlətçilik tariximizin dönüş nöqtəsi” adlı tədbir keçirildi.
Xeberaz.info xəbər verir ki, tədbirdə Ulu Öndər Heydər Əliyevin, ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda şəhid olmuş qəhrəmanlarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Tədbiri giriş sözü ilə açan YAP Saatlı rayon təşkilatının sədri Elşən Əzizov çıxış edərək ölkəmizin çoxəsrlik dövlətçilik tarixində Heydər Əliyev dövrünün müstəsna əhəmiyyət kəsb etdiyini tədbir iştirakçılarının diqqətinə çatdırdı. Bildirdi ki, Ulu Öndərin Azərbaycanda birinci dəfə siyasi hakimiyyətə gəldiyi 1969-cu ilin 14 iyul günü xalqımızın tarixi taleyində oynadığı misilsiz rolu ilə daim xatırlanır və bu tarix Azərbaycanın xilasının birinci mərhələsi, xalqın özünə qayıdış tarixidir. E.Əzizov bildirdi ki, Ümummilli Liderin əsasını qoyduğu bu müdrik inkişaf strategiyası və siyasi kurs bu gün möhtərəm Prezidentimiz, Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Ulu Öndərin uzaqgörən siyasəti və dövlətçilik təməlləri üzərində yüksələn müasir Azərbaycan, Cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə həm iqtisadi, həm də hərbi qüdrətini zirvəyə daşımışdır. Bu uğurlu siyasətin və sarsılmaz xalq-iqtidar birliyinin ən parlaq nəticəsi olaraq, rəşadətli ordumuz torpaqlarımızı işğaldan azad edərək tarixi Zəfərə imza atmış, ölkəmizin suverenliyini tam bərpa etmişdir. O vurğuladı ki, bu tarixi Zəfəri qorumaq, Ulu Öndərin ideyalarını yaşatmaq və müasir Azərbaycanın inkişafına töhfə vermək bu gün dövlətimizin hər tərəfli qayğısı ilə əhatə olunmuş gənclərimizin ən müqəddəs vəzifəsidir.
Daha sonra tədbirdə çıxış edən Səmədağa Məmmədov, Orxan Məmmədov, Sevinc Gülüşova və Fəxrəddin Əliyev bildirdilər ki, Ulu Öndər siyasi fəaliyyətinin bütün mərhələlərində Vətənə, xalqa, torpağa sonsuz məhəbbət və sədaqət hissi ilə, qurub-yaratmaq amalı ilə yaşamış, hər zaman milli dəyərlərə bağlı olmuşdur. Ümummilli liderimiz bütün zəngin və mənalı həyatı boyu daim xalqını, Vətənini düşünmüş, Azərbaycanın ən çətin məqamlarında onu üzləşdiyi faciələrdən, çətinliklərdən xilas etmək üçün misilsiz fədakarlıqlar göstərmiş, tarixi hadisələrin inkişaf məcrasını qabaqcadan müəyyən edə bilmişdir. Vurğulandı ki, bu gün fəxrlə qeyd etdiyimiz hərtərəfli tərəqqi, iqtisadi və siyasi sabitlik məhz dahi şəxsiyyətin uzaqgörən strategiyasının bəhrəsidir. Heydər Əliyev irsi hər bir azərbaycanlı üçün tükənməz vətənpərvərlik nümunəsidir. Çıxışçılar sonda bildirdilər ki, dahi rəhbərin xalqına bəxş etdiyi bu tükənməz vətənpərvərlik nümunəsi və ideoloji irs məhz gənclərimiz tərəfindən böyük qürurla öyrənilir və gələcək nəsillərə ötürülür.































