Qeyri-neft sektorunun yüksəlişi iqtisadi dayanıqlığın əsas dayağıdır
Azərbaycan iqtisadiyyatının qarşıdakı inkişaf mərhələsində əsas hədəflərdən biri iqtisadi artımın daha çox şaxələndirilmiş və dayanıqlı mənbələr hesabına təmin edilməsidir. Prezident İlham Əliyevin dağ-mədən və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramına həsr olunmuş müşavirədə səsləndirdiyi fikirlər də məhz bu baxımdan xüsusi əhəmiyyət daşıyır. Dövlət başçısının qeyd etdiyi kimi, 2026-cı ilin ilk səkkiz ayında qeyri-neft sektorunda 5,4 faizlik artım qeydə alınıb.
Ümumi daxili məhsulun artım tempinin 1,2 faiz təşkil etməsi, ilk növbədə, neft hasilatının təbii azalması ilə əlaqələndirilir. “Azəri-Çıraq-Günəşli” yatağının uzun müddətdir istismarda olması hasilat dinamikasına təsir edən obyektiv amillərdəndir. Lakin iqtisadi inkişafın real perspektivlərini yalnız neft hasilatının göstəriciləri ilə ölçmək düzgün yanaşma deyil. Əsas məsələ qeyri-neft sektorunun hansı sürətlə inkişaf etməsi, yeni istehsal sahələrinin yaradılması və iqtisadiyyatın əlavə dəyər yaradan istiqamətlər üzrə şaxələndirilməsidir.
Məhz bu baxımdan 5,4 faizlik göstərici qeyri-neft iqtisadiyyatının potensialını nümayiş etdirən mühüm faktordur. Burada söhbət yalnız mövcud istehsalın artırılmasından deyil, iqtisadiyyatın strukturunun dəyişdirilməsindən, xammalın ölkə daxilində daha dərindən emalından və daha yüksək əlavə dəyərin yaradılmasından gedir. Prezident İlham Əliyevin vurğuladığı kimi, yeni Dövlət Proqramının əsas məqsədi daha çox xammal hasil etmək deyil, xammalı ölkə daxilində daha çox emal etmək və yüksək əlavə dəyər yaratmaqdır.
Bu yanaşma dağ-mədən və metallurgiya sənayesinin inkişafına yeni məzmun verir. 2027–2030-cu illəri əhatə edən Dövlət Proqramında mineral xammal bazasının genişləndirilməsi, mövcud istehsal güclərinin artırılması və yeni layihələrin həyata keçirilməsi nəzərdə tutulur. Dəmir filizi, alüminium, mis və qızıl əsas istiqamətlər kimi müəyyənləşdirilib. Proqram üzrə 5,3 milyard manat həcmində investisiya ehtiyacı qiymətləndirilir və növbəti dörd ildə sektorun əlavə dəyərinin və illik ixrac potensialının 2,6 dəfə artırılması hədəflənir.
Burada diqqətçəkən məqam dövlət və özəl sektorun imkanlarının bir araya gətirilməsidir. İnvestisiyaların təxminən 80 faizinin qeyri-büdcə mənbələri hesabına formalaşdırılması nəzərdə tutulur. Bu isə yeni istehsal sahələrinin yaradılması ilə yanaşı, özəl investisiyaların iqtisadiyyatın sənaye sektoruna daha geniş cəlb edilməsinə şərait yarada bilər.
Qeyri-neft sektorunda əldə olunan artım sadəcə statistik göstərici deyil, iqtisadiyyatın gələcək strukturunun formalaşması baxımından mühüm prosesdir. 23 sentyabr 2026-cı ildə Dövlət Proqramının təsdiq edilməsi ilə bu istiqamətdə növbəti mərhələnin hüquqi çərçivəsi də müəyyənləşdirilib. Azərbaycanın iqtisadi inkişaf strategiyasında əsas məqsəd təbii resurslardan səmərəli istifadə etməklə yanaşı, həmin resursların emalını, sənaye istehsalını, ixrac imkanlarını və yüksək əlavə dəyəri artırmaqdır. Qeyri-neft sektorunda 5,4 faizlik artım isə bu istiqamətdə formalaşan yeni iqtisadi dinamikanın mühüm göstəricilərindən biri kimi çıxış edir.
Bəylər Cəfərov – Zərdab rayonu Alıcanlı kənd sakini





















