Qeyri-neft sektoru bu ilin 8 ayında 5,4 faiz artmışdır.
Azərbaycan iqtisadiyyatının davamlı inkişafının təmin edilməsi, iqtisadiyyatın şaxələndirilməsi və qeyri-neft sektorunun xüsusi çəkisinin artırılması son illərdə həyata keçirilən iqtisadi siyasətin əsas istiqamətlərindəndir. Ölkədə yeni istehsal sahələrinin yaradılması, sənaye potensialının genişləndirilməsi və investisiya imkanlarının artırılması istiqamətində həyata keçirilən tədbirlər artıq öz nəticələrini göstərməkdədir.
Cənab Prezident İlham Əliyevin sədrliyi ilə Azərbaycan Respublikasında 2027-2030-cu illərdə dağ-mədən, metal filizləri və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramına həsr olunmuş müşavirədə də ölkə iqtisadiyyatının qarşısında duran mühüm vəzifələr diqqət mərkəzində olub. Müşavirədə qeyri-neft sektorunun inkişafı, sənaye potensialının artırılması və yeni dövlət proqramlarının qarşıya qoyduğu hədəflər barədə ətraflı danışılıb.
Ölkə iqtisadiyyatının ümumi göstəricilərinə nəzər saldıqda bu ilin ilk səkkiz ayında ümumi daxili məhsulun 1,2 faiz artdığı görünür. Cənab Prezident İlham Əliyev bu artım tempinin formalaşmasına təsir edən əsas amillərdən birinin neft hasilatının azalması olduğunu bildirib. Bununla yanaşı, dövlət başçısı qeyri-neft sektorunda əldə olunan nəticələrin daha mühüm göstərici olduğunu vurğulayıb.
Prezident İlham Əliyev çıxışı zamanı deyib: “Əgər ölkə iqtisadiyyatının ümumi inkişafına baxsaq görərik ki, artım templəri çox da böyük deyil. Bunun təbii səbəbləri var, ilk növbədə, təbii neft hasilatının aşağı düşməsi. Bizim əsas neft yatağımız Azəri-Çıraq-Günəşli artıq 30 ilə yaxındır istismardadır və təbii ki, obyektiv səbəblərə görə hasilatın düşmə templəri də var. Çalışırıq ki, bu templəri sabitləşdirək. Eyni zamanda, əminəm ki, yeni layihələr bundan sonra da Azərbaycanda neft hasilatını lazımi səviyyədə saxlayacaq və ümid edirəm, hətta artım da olacaq. Ancaq bu gün bizim ümumi iqtisadi inkişafımızın, ümumi daxili məhsulumuzun 1,2 faiz artmasının səbəbi budur. Bu, bizi narahat etməməlidir, çünki bundan daha vacib göstərici qeyri-neft sektorunun inkişafıdır. Burada da son 8 ayda, yəni bu ilin 8 ayında 5,4 faiz artım olmuşdur. Yəni qeyri-neft sənayesi sahəsində biz yaxşı nəticələr göstəririk və o cümlədən qəbul edilmiş proqramlar bu artımı daimi və uzunmüddətli edəcək.”
Qeyri-neft sektorunda 5,4 faizlik artım iqtisadiyyatın şaxələndirilməsi istiqamətində görülən işlərin əhəmiyyətini bir daha nümayiş etdirir. Sənayenin inkişafı, yeni müəssisələrin yaradılması, müasir texnologiyaların tətbiqi və yerli istehsal imkanlarının genişləndirilməsi ölkənin iqtisadi potensialının artırılmasına mühüm töhfə verir.
Bu baxımdan dağ-mədən və metallurgiya sənayesinin inkişafına dair yeni Dövlət Proqramı xüsusi əhəmiyyət daşıyır. Proqramın həyata keçirilməsi nəticəsində mineral xammal ehtiyatlarından daha səmərəli istifadə olunması, yeni istehsal sahələrinin yaradılması və mövcud müəssisələrin fəaliyyətinin genişləndirilməsi nəzərdə tutulur.
Azərbaycanın iqtisadi inkişafında qeyri-neft sektorunun rolunun artırılması uzunmüddətli məqsədlərdən biridir. Bu məqsədlə qəbul edilən dövlət proqramları müxtəlif sahələr üzrə konkret hədəflərin müəyyənləşdirilməsinə və onların mərhələli şəkildə həyata keçirilməsinə imkan yaradır.
Bu gün əsas məsələ qeyri-neft sektorunda əldə olunan artımın davamlılığını təmin etməkdir. Yeni dövlət proqramlarının icrası, sənaye potensialının genişləndirilməsi, investisiyaların artırılması və ixrac imkanlarının böyüdülməsi qarşıdakı illərdə iqtisadi inkişafın mühüm istiqamətlərindən olacaq.
Marusa Qasımova – Zərdab rayonu Körpükənd kənd ümumi orta ümumtəhsil məktəbinin direktoru


















