Qəhrəman Ordumuzun yazdığı Zəfər tarixi
17 Oktyabr – Füzuli şəhəri günü Azərbaycan xalqının yaddaşına qürur və qəhrəmanlıq tarixi kimi həkk olunub. Bu əlamətdar gün xalqımızın birliyini, Azərbaycan Ordusunun gücünü, əsgər və zabitlərimizin Vətənə sonsuz sevgisini bir daha nümayiş etdirir. Füzulinin işğaldan azad edilməsi 44 günlük Vətən müharibəsində qazanılan tarixi Qələbənin mühüm səhifələrindən biridir. Füzuli rayonu uzun illər Ermənistanın işğalı altında qalıb. 1993-cü ildə rayonun böyük hissəsinin işğal edilməsi nəticəsində minlərlə insan doğma yurdunu tərk etməyə məcbur olub. Evlər dağıdılıb, yaşayış məntəqələri viran qoyulub, insanların doğma torpaqlara qayıtmaq arzusu uzun illər həyata keçməyib. Buna baxmayaraq, Azərbaycan xalqı öz torpaqlarını heç vaxt unutmayıb, onların azad olunacağına inamını qoruyub saxlayıb.
2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsi Azərbaycan tarixində yeni bir mərhələnin əsasını qoydu. Azərbaycan Ordusu Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə işğal altında olan torpaqlarımızın azad edilməsi uğrunda döyüşlərə başladı. Ordumuzun hərbçiləri böyük cəsarət, döyüş əzmi və peşəkarlıq nümayiş etdirərək düşmənin müdafiə mövqelərini yarıb irəlilədilər. 2020-ci il oktyabrın 17-də Füzuli şəhəri işğaldan azad edildi. Bu xəbər bütün Azərbaycanda böyük sevinc və qürur hissi yaratdı. Füzulinin azad olunması həm hərbi-strateji, həm də mənəvi baxımdan mühüm əhəmiyyət daşıyırdı. Bu qələbə Azərbaycan əsgərinin gücünü, xalqımızın iradəsini və dövlətimizin öz torpaqlarını azad etmək əzmini bütün dünyaya göstərdi. Füzuli uğrunda döyüşlər Azərbaycan hərbçilərinin hansı çətinliklərə sinə gərdiyini bir daha ortaya qoydu. Onlar mürəkkəb döyüş şəraitində, düşmənin istehkamlarına və maneələrinə baxmayaraq, irəliyə doğru inamla addımladılar. Hər bir əsgər üçün Vətən torpağının azadlığı ən böyük məqsəd idi. Onların göstərdiyi qəhrəmanlıq xalqımızın yaddaşında daim yaşayacaq. Qəhrəman Ordumuzun qələbəsi təkcə silah və hərbi texnikanın gücü ilə bağlı deyildi. Bu uğurun arxasında illərlə aparılan ordu quruculuğu, hərbçilərin hazırlığı, müasir texnologiyalardan istifadə, düzgün planlaşdırma və xalq-ordu birliyi dayanırdı. Azərbaycan əsgəri döyüş meydanında öz peşəkarlığını, cəsarətini və yüksək mənəvi ruhunu nümayiş etdirdi. Bu Zəfər böyük qurbanlar hesabına qazanıldı. Vətən uğrunda canından keçən şəhidlərimiz xalqımızın qəlbində əbədi yaşayacaq. Sağlamlığını itirən qazilərimizin fədakarlığı da hər zaman yüksək qiymətləndirilməlidir. Onların qəhrəmanlığı gələcək nəsillər üçün Vətənə sədaqət və mərdlik nümunəsidir.
Füzulinin azad olunması Azərbaycan Ordusunun digər uğurları ilə birlikdə 44 günlük Vətən müharibəsinin gedişinə mühüm təsir göstərdi. Bu qələbə xalqımıza böyük ruh yüksəkliyi verdi, işğal altında olan digər torpaqlarımızın azad olunmasına aparan yolda mühüm addım oldu. Azərbaycan xalqı bir daha sübut etdi ki, milli birlik və Vətən sevgisi ən çətin sınaqlardan keçməyə güc verir.
Bu gün Füzulidə geniş quruculuq və bərpa işləri aparılır. Yeni yaşayış binaları, yollar və sosial obyektlər tikilir, insanların doğma yurdlarına qayıtması üçün şərait yaradılır. Füzuli Beynəlxalq Hava Limanının istifadəyə verilməsi də şəhərin və bütövlükdə bölgənin inkişafına mühüm töhfə verir. Bir vaxtlar dağıntılarla üz-üzə qalan ərazilərdə yeni həyat qurulur. Azad edilmiş torpaqlarda aparılan quruculuq işləri qəhrəman Ordumuzun qazandığı Zəfərin davamıdır. Çünki torpaqları azad etmək nə qədər vacibdirsə, həmin torpaqlarda təhlükəsiz və firavan həyat qurmaq da bir o qədər əhəmiyyətlidir. Füzulinin yenidən dirçəlməsi xalqımızın öz doğma yurdlarına bağlılığını və gələcəyə inamını göstərir. Bu Zəfər heç vaxt unudulmayacaq, şəhidlərimizin xatirəsi daim uca tutulacaq. Füzuli şəhəri günü bizə bir daha xatırladır ki, Vətən torpağını qorumaq, onun azadlığını və inkişafını təmin etmək hər bir nəsil üçün müqəddəs vəzifədir.
Zərdab rayon Şəftəhal kənd tam oratü ümumtəhsil məktəbinin direktoru-Sədiyar Xəlilov


















