Qəhrəman əsgər və zabitlərimiz qürur mənbəyimizdir
Vətən üçün döyüşmək, onun torpağını və təhlükəsizliyini qorumaq böyük məsuliyyət və cəsarət tələb edir. Azərbaycan əsgər və zabitləri bu məsuliyyəti hər zaman şərəflə daşıyıblar. Vətən müharibəsi zamanı onların göstərdiyi qəhrəmanlıq xalqımızın yaddaşında xüsusi yer tutub. Döyüş meydanında hər bir əsgər qarşısına qoyulan vəzifəni yerinə yetirmək üçün böyük iradə nümayiş etdirdi. Əsgər və zabitlərimiz çətin şəraitdə bir-birinə dayaq oldular, qarşılarına qoyulan məqsədə doğru inamla irəlilədilər. Onların göstərdiyi şücaət Azərbaycanın tarixi qələbəsinin mühüm səhifələrindən birinə çevrildi. Vətən müharibəsində iştirak edən hərbçilərimizin arasında müxtəlif yaşlarda, müxtəlif bölgələrdən olan insanlar var idi. Lakin onların hamısını birləşdirən əsas amal Vətənə xidmət etmək və torpaqlarımızın azadlığı uğrunda mübarizə aparmaq idi. Bu birlik Azərbaycan əsgərinin mənəvi gücünü daha da artırdı.
Bu mübarizədə həyatını itirən hər bir hərbçimizin xatirəsi bizim üçün əzizdir. Şəhidlərimizin adı ailələrinin, doğmalarının və bütün Azərbaycan xalqının qəlbində yaşayır. Onların qəhrəmanlığı heç vaxt unudulmayacaq. Döyüşlərdə yaralanaraq sağlamlığını itirən qazilərimiz də xalqımızın qürur mənbəyidir. Onların keçdiyi çətin yol Vətən qarşısında fədakarlığın bariz nümunəsidir. Azərbaycan cəmiyyəti şəhid ailələrinə və qazilərə hər zaman hörmət və ehtiram göstərir.
27 Sentyabr – Anım Günü münasibətilə qəhrəman əsgər və zabitlərimizin keçdiyi şərəfli döyüş yolunu bir daha xatırlayırıq. Bu tarix bizə Vətənin müdafiəsinin nə qədər müqəddəs olduğunu göstərir. Hərbi xidmət zamanı göstərilən cəsarət və fədakarlıq gənc nəsil üçün də mühüm örnəkdir. Bu gün Azərbaycan əsgərinin adı xalqımız üçün güc, sədaqət və Vətən sevgisi ilə bağlıdır. Şəhidlərimizin müqəddəs xatirəsi, qazilərimizin fədakarlığı və hərbçilərimizin qəhrəmanlığı Azərbaycanın yaddaşında daim yaşayacaq.
Zərdab rayon İsaqbağı kənd tam orta ümumtəhsil məktəbinin direktoru-Dayangül Vəliyeva




















