image-media-qanunla-reklam-49zqr58lyeum0wphsf12
image-images-1

Qarabağ Universitetinin yaradılması – Qarabağda təhsilin yeni mərhələsi

image-legitimaz-810x90

Qarabağ Universitetinin yaradılması – Qarabağda təhsilin yeni mərhələsi

 

İşğaldan azad edilmiş ərazilərdə həyata keçirilən genişmiqyaslı bərpa və quruculuq işləri həmin ərazilərin bütün sahələr üzrə inkişafını nəzərdə tutur. Bu prosesdə təhsil xüsusi əhəmiyyət daşıyır. Qarabağın dayanıqlı inkişafı, əhalinin məskunlaşması, yeni iqtisadi imkanların yaradılması və əmək bazarının tələblərinə uyğun mütəxəssislərin hazırlanması ali təhsil müəssisəsinin fəaliyyət göstərməsini zəruri edən əsas amillərdəndir. Bu məqsədlə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 28 noyabr 2023-cü il tarixli Sərəncamı ilə Xankəndi şəhərində “Qarabağ Universiteti” publik hüquqi şəxs yaradılmışdır.

Qarabağ Universitetinin yaradılması yalnız yeni ali təhsil müəssisəsinin təsis edilməsi deyil, eyni zamanda Xankəndidə təhsil ənənələrinin yenidən bərpası baxımından mühüm hadisədir. Prezidentin Sərəncamında qeyd edildiyi kimi, Qarabağ regionunda ali təhsil ənənəsi tarixən mövcud olmuşdur. Burada ilk ali təhsil ocağı 1969-cu ildə Azərbaycan Pedaqoji İnstitutunun filialı kimi yaradılmış, 1973–1988-ci illərdə ali təhsil müəssisəsi kimi fəaliyyət göstərmiş, ərazilərin işğalı nəticəsində isə fəaliyyətini dayandırmışdır. Yeni universitetin yaradılması həmin təhsil ənənəsinin müasir dövrdə davam etdirilməsi məqsədi daşıyır.

Universitetin əsas vəzifələrindən biri regionun gələcək inkişafına uyğun yüksəkixtisaslı kadrların hazırlanmasıdır. Qarabağda yeni yaşayış məntəqələrinin salınması, infrastruktur layihələrinin həyata keçirilməsi, iqtisadi fəaliyyətin genişləndirilməsi və müxtəlif sahələrdə yeni iş yerlərinin yaradılması peşəkar kadrlara olan tələbatı artırır. Bu baxımdan Qarabağ Universitetinin fəaliyyəti regionun sosial-iqtisadi inkişafı ilə birbaşa əlaqələndirilir. Universitetdə hazırlanacaq mütəxəssislərin müasir əmək bazarının tələblərinə cavab verməsi və müxtəlif istiqamətlər üzrə regionun inkişafına töhfə verməsi nəzərdə tutulur.

Qarabağ Universitetinin yaradılması ilə bağlı Sərəncamda Universitetin Xankəndi şəhərində torpaq sahəsi, tədris və yataqxana binaları, idman meydançası və digər zəruri infrastrukturla təmin olunması məsələlərinin həlli də nəzərdə tutulmuşdur. Bu, ali təhsil müəssisəsinin yalnız tədris fəaliyyəti göstərən qurum kimi deyil, tələbələrin təhsil, yaşayış və sosial ehtiyaclarını əhatə edən müasir universitet kompleksi kimi formalaşdırılmasına yönəlmişdir.

Universitetin fəaliyyətinin təşkili üçün dövlət tərəfindən maliyyə dəstəyi də göstərilmişdir. Prezidentin 15 fevral 2024-cü il tarixli Sərəncamı ilə Universitetin fəaliyyətinin təşkilinə maliyyə dəstəyi məqsədilə Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan Elm və Təhsil Nazirliyinə 10 milyon manat ayrılmışdır.

2024-cü il sentyabrın 20-də Xankəndi şəhərində Qarabağ Universitetinin təmirdən sonra açılışının keçirilməsi Universitetin fəaliyyətində yeni mərhələnin başlanğıcı oldu. Rəsmi məlumatda qısa müddət ərzində universitetdə müasir tədris infrastrukturunun yaradıldığı bildirilmişdir. Tələbələr üçün yataqxana, təqaüd və kompüterlə təminat kimi imkanların nəzərdə tutulması da təhsil mühitinin formalaşdırılmasına göstərilən diqqəti nümayiş etdirir.

Qarabağ Universitetinin yaradılması işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən bərpa-quruculuq prosesinin mühüm istiqamətlərindən biridir. Universitet Xankəndidə təhsil ənənələrinin yenidən yaşadılmasına, region üçün yüksəkixtisaslı kadrların hazırlanmasına və gənclərin Qarabağın gələcək inkişafında fəal iştirakına imkan yaradır. Bu ali təhsil ocağının fəaliyyəti Qarabağda quruculuq prosesinin yalnız fiziki infrastrukturun yaradılması ilə məhdudlaşmadığını, eyni zamanda elm, təhsil və insan kapitalının inkişafını da əhatə etdiyini göstərir.

 

Fuad Eyvazov – Məmmədqasımlı kənd sakini, sahibkar


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki