image-media-qanunla-reklam-49zqr58lyeum0wphsf12
image-images

Qarabağ Universitetinin yaradılması

image-legitimaz-810x90

Qarabağ Universitetinin yaradılması.

 

Qarabağ Universitetinin yaradılması işğaldan azad edilmiş ərazilərin bərpası və Böyük Qayıdış prosesinin yalnız fiziki-infrastruktur deyil, həm də təhsil, elm və insan kapitalının inkişafı istiqamətində davam etdirilməsinin mühüm göstəricilərindən biridir. Azərbaycan Respublikası Prezidentinin 28 noyabr 2023-cü il tarixli 4182 nömrəli Sərəncamı ilə Xankəndi şəhərində yerləşən ali təhsil müəssisəsinin bazasında Elm və Təhsil Nazirliyinin tabeliyində “Qarabağ Universiteti” publik hüquqi şəxsi yaradılıb. Sərəncamın əsas məqsədləri sırasında regionun sosial-iqtisadi ehtiyaclarına uyğun yüksəkixtisaslı kadr hazırlığının təmin edilməsi, ərazilərin dayanıqlı inkişafına töhfə verilməsi və Qarabağda tarixən mövcud olmuş ali təhsil ənənələrinin bərpası xüsusi yer tutur. Sənəddə qeyd olunur ki, Qarabağ regionunda ali təhsil ənənəsinin əsası 1969-cu ildə Azərbaycan Pedaqoji İnstitutunun filialının yaradılması ilə qoyulub, həmin ali məktəb 1973–1988-ci illərdə fəaliyyət göstərib və ərazilərin işğalı nəticəsində fəaliyyətini dayandırıb. Universitetin institusional bazası 6 fevral 2024-cü ildə Nazirlər Kabinetinin 73 nömrəli Qərarı ilə təsdiq edilmiş Nizamnamə ilə rəsmiləşdirilib; Nizamnaməyə əsasən, universitet ali təhsil proqramları ilə yanaşı, elmi tədqiqat fəaliyyəti həyata keçirən publik hüquqi şəxsdir. Universitetin fəaliyyətinin təşkili üçün dövlət büdcəsindən 10 milyon manat vəsait ayrılıb; bu barədə Prezidentin 15 fevral 2024-cü il tarixli Sərəncamında müvafiq qərar qəbul edilib. Qısa müddətdə Xankəndidə müasir tədris infrastrukturu yaradılıb və 20 sentyabr 2024-cü ildə Prezident İlham Əliyevin iştirakı ilə təmirdən sonra universitetin açılışı keçirilib. Universitet 2024–2025-ci tədris ilində fəaliyyətə 6 fakültə — Pedaqoji, İncəsənət, Humanitar və sosial elmlər, İqtisadiyyat, Mühəndislik və Turizm fakültələri — və 27 ixtisas proqramı üzrə başlayıb; Elm və Təhsil Nazirliyinin məlumatına görə, qəbul planında 1120 yer nəzərdə tutulub, 1104 tələbə qəbul olunub və planın icra səviyyəsi 98,5 faiz təşkil edib. Universitetin yaradılması sonrakı mərhələdə də genişlənən institusional modelə çevrilib: 7 fevral 2025-ci ildə “Qarabağ Universitetinin Klinikası” publik hüquqi şəxs yaradılıb və onun əsas vəzifələri tibb ixtisasları üzrə tələbələrin praktiki hazırlığını, tibbi elmi tədqiqatları və region əhalisinin sağlamlığının qorunmasına iştirakı təmin etmək kimi müəyyənləşdirilib. Beləliklə, Qarabağ Universiteti Xankəndinin yenidən regional təhsil və elm mərkəzinə çevrilməsi istiqamətində formalaşdırılan institusional mexanizmlərdən biri olmaqla yanaşı, işğaldan azad edilmiş ərazilərdə yeni nəsil mütəxəssislərin hazırlanmasını, elmi-tədqiqat və innovasiya fəaliyyətinin inkişafını və regionun sosial-iqtisadi ehtiyacları ilə ali təhsilin əlaqələndirilməsini nəzərdə tutan uzunmüddətli dövlət siyasətinin mühüm elementidir.

 

Zərdab rayon Nizami Gəncəvi adına Şəftəhal kənd tam orta ümumtəhsil məktəbin müəllimi Mirzəyeva Roza Rasim qızı.

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki