image-media-qanunla-reklam-49zqr58lyeum0wphsf12
image-images-3

“Qarabağ Azərbaycandır və nida işarəsi” – 2023-cü ilin antiterror əməliyyatı

image-legitimaz-810x90

“Qarabağ Azərbaycandır və nida işarəsi” – 2023-cü ilin antiterror əməliyyatı.

Prezident İlham Əliyevin 2020-ci il 10 dekabr tarixində keçirilmiş Zəfər paradındakı “Qarabağ Azərbaycandır və nida işarəsi!” ifadəsi 2023-cü il sentyabrın 19–20-də Qarabağ iqtisadi rayonunda keçirilmiş lokal xarakterli antiterror tədbirlərinin siyasi-tarixi mahiyyətini ifadə edən şüarlardan birinə çevrildi. 2020-ci il Vətən müharibəsindən sonra Azərbaycanın ərazi bütövlüyünün böyük hissəsi bərpa edilsə də, Qarabağ iqtisadi rayonunda Ermənistan silahlı qüvvələrinin qalıqları və qanunsuz silahlı birləşmələr mövcudluğunu davam etdirirdi. Azərbaycan Müdafiə Nazirliyinin məlumatına görə, 2023-cü ilin sentyabrına qədər həmin silahlı birləşmələr tərəfindən müxtəlif təxribatlar törədilir, Azərbaycan ərazisində hərbi mövqelər möhkəmləndirilirdi. 19 sentyabr 2023-cü ildə Əhmədbəyli–Füzuli–Şuşa avtomobil yolunda Azərbaycan dövlət qurumlarına məxsus nəqliyyat vasitələrinin əvvəlcədən quraşdırılmış minaya düşməsi nəticəsində polis əməkdaşlarının və mülki şəxslərin həlak olması və yaralanması ilə nəticələnən hadisədən sonra Azərbaycan Silahlı Qüvvələri Qarabağ iqtisadi rayonunda lokal xarakterli antiterror tədbirlərinə başladı. Rəsmi məlumata görə, tədbirlərin məqsədi genişmiqyaslı təxribatların qarşısını almaq, Ermənistan silahlı qüvvələrinin qalıqlarını tərksilah etmək, onların hərbi infrastrukturunu zərərsizləşdirmək, mülki əhalinin və bərpa-quruculuq işlərinə cəlb olunmuş şəxslərin təhlükəsizliyini təmin etmək və Azərbaycan Respublikasının Konstitusiya quruluşunu bərpa etmək idi. Antiterror tədbirləri 19 sentyabr 2023-cü il saat 13:10-da başlayıb və 20 sentyabr saat 13:00-da dayandırılıb. Azərbaycan Müdafiə Nazirliyinin rəsmi məlumatında əməliyyatın 23 saat 43 dəqiqə davam etdiyi bildirilir. Əməliyyat zamanı Ermənistan silahlı qüvvələrinin birləşmələrinin ön xətt və dərinlikdə yerləşən mövqeləri, uzunmüddətli atəş nöqtələri, döyüş vasitələri və hərbi təyinatlı obyektləri yüksək dəqiqlikli silahlarla hədəfə alınıb. Azərbaycan tərəfinin məlumatına görə, Qarabağdakı qanunsuz silahlı birləşmələr atəşkəs razılaşmasına razılıq verib və silahların yerə qoyulması, döyüş mövqelərindən çıxılması və tam tərksilah olunması barədə şərtlər qəbul edilib. Bu hadisənin nəticəsi Azərbaycanın rəsmi mövqeyinə görə, Qarabağ iqtisadi rayonu üzərində dövlət suverenliyinin tam bərpası oldu. Azərbaycan Prezidentinin 19 sentyabr 2024-cü il tarixli Dövlət Suverenliyi Gününün təsis edilməsi haqqında Sərəncamında qeyd edilir ki, 2023-cü il sentyabrın 19-da başlanan və 20 sentyabrda başa çatan antiterror tədbirləri nəticəsində Azərbaycan Ordusu qarşısına qoyulmuş vəzifələri yerinə yetirib və bununla da Azərbaycan Respublikasının suverenliyi tam bərpa edilib. Beləliklə, 1990-cı illərin əvvəllərindən etibarən davam edən işğal və separatçı idarəetmə mərhələsindən sonra Azərbaycanın dövlət hakimiyyətinin Qarabağda tam bərqərar olması üçün yeni mərhələ yarandı. Antiterror tədbirlərinin mühüm nəticələrindən biri də Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərlərində Azərbaycan dövlət rəmzlərinin bərpası oldu. 15 oktyabr 2023-cü ildə Prezident İlham Əliyev Xankəndi şəhərində, daha sonra Xocalı, Xocavənd və Ağdərədə Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaltdı. Bu hadisələr 2023-cü ilin sentyabrında baş vermiş hərbi-siyasi prosesin ardınca həmin ərazilərdə Azərbaycan dövlət hakimiyyətinin bərqərar olmasının simvolik ifadəsi kimi tarixə düşdü.

Zərdab rayon Heydər Əliyev Mərkəzinin əməkdaşı İmanova Xanım

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki