image-media-qanunla-reklam-49zqr58lyeum0wphsf12
image-images-3

“Qarabağ Azərbaycandır və nida işarəsi” – 2023-cü ilin antiterror əməliyyatı

image-legitimaz-810x90

“Qarabağ Azərbaycandır və nida işarəsi” – 2023-cü ilin antiterror əməliyyatı

 

20 Sentyabr Azərbaycanın çoxəsrlik dövlətçilik tarixində müstəsna əhəmiyyətə malik, ədalətin, milli qürurun və suverenliyin tam bərpa olunduğu şanlı bir gündür. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin illər öncə qətiyyətlə bəyan etdiyi “Qarabağ Azərbaycandır və nida işarəsi!” ifadəsi 2023-cü ilin sentyabrında həyata keçirilən lokal xarakterli antiterror əməliyyatı ilə əyani reallığa çevrildi. Bu şüar təkcə siyasi iradənin deyil, həm də xalqımızın otuz illik həsrətinə son qoyan güclü dövlət strategiyasının simvolu oldu.

44 günlük Vətən müharibəsindən sonra imzalanmış 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanata baxmayaraq, Qarabağ bölgəsində hələ də Ermənistan silahlı qüvvələrinin qalıqları və qanunsuz erməni silahlı birləşmələri qalmaqda davam edirdi. Uzun müddət ərzində bu qruplaşmalar tərəfindən mütəmadi olaraq təxribatlar törədilir, Azərbaycan ərazisində yeni mina terrorları həyata keçirilir, hərbçilərimiz və mülki vətəndaşlarımız hədəfə alınardı.

Cənab Prezident İlham Əliyevin həyata keçirdiyi uzaqgörən daxili və xarici siyasət, eləcə də ordu quruculuğu istiqamətində görülən sistemli işlər Azərbaycanın hərbi-siyasi mövqeyini hər gün daha da gücləndirirdi. Dövlət başçısı dəfələrlə bəyan etmişdi ki, Azərbaycan öz suveren ərazilərində heç bir separatçı rejimin mövcudluğuna dözməyəcək və ölkəmizin Konstitusiya quruluşu bütün sərhədlərimiz boyu tam təmin edilməlidir.

Xüsusilə, Prezidentin rəhbərliyi ilə Azərbaycan Silahlı Qüvvələrinin modernləşdirilməsi, xüsusi təyinatlı qüvvələrin potensialının artırılması və ən müasir hərbi texnologiyalarla təchiz olunması qətiyyətli addımların atılması üçün zəmin yaratdı. Bütün beynəlxalq çağırışlara və xəbərdarlıqlara məhəl qoyulmayaraq separatçılar silahı yerə qoymaqdan imtina etdikdə, Azərbaycan Ali Baş Komandanının rəhbərliyi ilə qəti qərar qəbul olundu.

2023-cü il sentyabrın 19-da Azərbaycan Ordusu Qarabağ iqtisadi rayonunda lokal xarakterli antiterror tədbirlərinə başladı. Cəmi 23 saat 43 dəqiqə davam edən bu əməliyyat Azərbaycan hərb tarixinin ən parlaq səhifələrindən birinə çevrildi.

Əməliyyat zamanı Azərbaycan Ordusu misilsiz peşəkarlıq, dəqiqlik və döyüş ruhu nümayiş etdirdi. Düşmənin uzun illər ərzində qurduğu mühəndis-istehkam qurğuları, döyüş mövqeləri, artilleriya qurğuları və hərbi infrastrukturu yüksək dəqiqlikli zərbələrlə sıradan çıxarıldı. Ən əsası isə, Prezident İlham Əliyevin birbaşa tapşırığına uyğun olaraq, əməliyyat zamanı beynəlxalq humanitar hüquq norma ciddi şəkildə qorundu – mülki əhali hədəfə alınmadı, bütün hərbi hədəflər yalnız legitim düşmən obyektləri ilə məhdudlaşdı. Azərbaycan əsgərinin qarşısında dözə bilməyən qanunsuz hərbi birləşmələr ağ bayraq qaldırmağa, təslim olmağa və silahlarını təhvil verməyə məcbur qaldılar.

Sentyabrın 20-də antiterror tədbirlərinin dayandırılması ilə bağlı qərar qəbul edildi və bununla da Azərbaycan Respublikasının bütün ərazisində suverenlik tam bərpa olundu. Xankəndi, Xocalı, Xocavənd, Ağdərə və digər əzəli torpaqlarımızda üçrəngli Azərbaycan bayrağı ucaldıldı.

Cənab Prezident İlham Əliyevin siyasi iradəsi ilə həyata keçirilən bu tarixi nailiyyət xalqımızın otuz illik yurd həsrətinə son qoydu. Azərbaycan dövləti bu gün həmin ərazilərdə genişmiqyaslı bərpa və quruculuq işləri həyata keçirir, “Böyük Qayıdış” proqramı uğurla icra olunur.

Azərbaycan Respublikası Prezidentinin 2024-cü il sentyabrın 19-da imzaladığı Sərəncama əsasən hər il 20 Sentyabr – Dövlət Suverenliyi Günü kimi qeyd edilir. Bu gün şəhidlərimizin qanı, qazilərimizin şücaəti və Ali Baş Komandanın dəmir iradəsi sayəsində əldə olunan qələbənin, ərazi bütövlüyümüzün və qürurumuzun əbədi təntənəsidir. Qarabağda əbədi dalğalanan suveren bayrağımız bir daha bütün dünyaya sübut etdi ki, Qarabağ Azərbaycandır!

 

Marusa Qasımova – Zərdab rayonu Körpükənd kənd ümumi orta ümumtəhsil məktəbinin direktoru

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki