image-media-qanunla-reklam-49zqr58lyeum0wphsf12
image-img_20260601_141153

Özünəgüvən Təbliğatının Qurbanları

image-legitimaz-810x90

Özünəgüvən Təbliğatının Qurbanları

Son illər sosial şəbəkələrdə qəribə bir “mütəxəssis” sinfi yaranıb. Bir neçə aylıq kurs, haradan və necə alındığı bəlli olmayan sertifikatlar, bir az emosional musiqi və kamera qarşısında inamlı danışıq – vəssalam, artıq yeni bir “ekspert” hazırdır. Cəmiyyətdə artıq istehza ilə “padval sertifikatlı psixoloqlar” adlandırılan bu şəxslər ailə münasibətləri kimi son dərəcə mürəkkəb məsələlərə bir cümləlik reseptlər yazırlar. Onların əsas məhsulu isə ailə problemlərinin həddindən artıq sadələşdirilmiş izahıdır. Sanki hər mübahisənin, hər incikliyin, hər narazılığın bir cavabı var: “Ayrıl!” Məhz bu cür yanaşmaların nəticəsində ailə münasibətlərinə baxış dəyişir, boşanmalar adi və hətta təqdir olunan seçim kimi təqdim edilir.

Bu şəxslərin təbliğ etdiyi əsas ideya çox vaxt ifrat fərdiyyətçilik üzərində qurulur. İnsanlara davamlı olaraq “özünü hər şeydən üstün tut”, “heç nəyə güzəşt etmə”, “sənə narahatlıq verən hər kəsi həyatından çıxar” kimi çağırışlar edilir. Halbuki ailə yalnız hüquqlardan deyil, qarşılıqlı məsuliyyət, səbir, anlayış və fədakarlıqdan da ibarətdir. Hər bir ailədə fikir ayrılıqları, mübahisələr və çətin dövrlər olur. Bunların hamısını “toksiklik” adlandıraraq münasibətləri dağıtmağa çağırmaq isə məsuliyyətsiz yanaşmadır.

Bu təbliğatın qurbanları arasında yalnız gənclər yoxdur. Təəssüf ki, uzun illər evli olmuş, övlad və nəvə sahibi yaşlı insanlar da bu təsirin altına düşə bilirlər. Xüsusilə bəzi hallarda analar və qaynanalar sosial şəbəkələrdə eşitdikləri şüarları həyat həqiqəti kimi qəbul etməyə başlayırlar. Dünənə qədər “ailəni qoru”, “otur danış”, “hər evdə söz-söhbət olar” deyən insanlar bu gün qızlarının ailəsində baş verən ən kiçik narazılığı belə ayrılıq səbəbi kimi qiymətləndirə bilirlər.
Bəzən vəziyyət o həddə çatır ki, ailəni qorumağa çalışan tərəf qınanır, dağıtmağa meyilli olan isə alqışlanır.

Daha qəribəsi isə odur ki, ailəsini qorumağa çalışan insanlara bəzən yuxarıdan aşağı baxılır. Ər-arvad arasında anlaşılmazlığı həll etməyə çalışan qadına “özünə hörmət etmirsən”, güzəştə gedən kişiyə isə “zəifsən” damğası vurulur. Sanki ailə üçün fədakarlıq etmək ayıb, kompromisə getmək isə gerilik əlamətidir. Halbuki ailələri ayaqda saxlayan məhz qarşılıqlı anlayış, səbir və məsuliyyət olub. Bu gün bəzi çevrələrdə ailəsini qoruyan insanlara geridəqalmış kimi baxıldığı halda, bir anlıq emosional qərarla münasibətləri dağıdanlar “güclü şəxsiyyət” nümunəsi kimi təqdim edilir.

Sosial şəbəkələrdə tez-tez belə şüarlara rast gəlinir: “Kraliça kimi yaşa!”, “Sən heç kimə borclu deyilsən!”, “Kim səni narahat edirsə, həyatından çıxar!” Bu fikirlər müəyyən hallarda faydalı görünə bilər. Lakin ailə həyatına tətbiq ediləndə ortaya vacib suallar çıxır: Bəs məsuliyyət harada qaldı? Bəs övladlar? Bəs birlikdə qurulan həyat və ortaq gələcək? Bəs çətin günlərdə bir-birinə dayaq olmaq anlayışı?

Əlbəttə, heç kim zorakılığa, təhqirə və ya ağır problemlərə dözməyi təbliğ etmir. Ancaq hər narazılığı faciə, hər mübahisəni zəhərli münasibət, hər kompromisi isə məğlubiyyət kimi təqdim etmək də sağlam yanaşma deyil. Ailə məhkəmə qərarı ilə deyil, çox vaxt söhbət, anlayış və qarşılıqlı iradə ilə qorunur. Hər problemin cavabı ayrılıq olmadığı kimi, hər güzəşt də zəiflik deyil.

Özünə hörmət vacibdir. Lakin özünə hörmətlə eqoizm eyni şey deyil. Güclü insan hər narazılıqda qapını çırpıb çıxan deyil, lazım gəldikdə problemi həll etməyi bacaran insandır. Ailə qurmaq çətin olduğu kimi, onu qorumaq da zəhmət tələb edir. Təəssüf ki, bəzi sosial şəbəkə “ekspertləri” bu zəhmətin dəyərini anlatmaq əvəzinə, dağıtmağı qurmaqdan daha asan yol kimi təqdim edirlər. Nəticədə isə bu təbliğatın qurbanları təkcə ər-arvadlar olmur; uşaqlar, valideynlər, nəvələr və bütövlükdə cəmiyyət də bunun ağır nəticələrini yaşayır.

Elyar Bağırov.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki