image-media-qanunla-reklam-49zqr58lyeum0wphsf12
image-453778

Ordumuzun hər uğurlu əməliyyatı, hər azad edilən kənd və şəhər ölkəmizdə böyük sevinc və ruh yüksəkliyi yaradırdı

image-legitimaz-810x90

Ordumuzun hər uğurlu əməliyyatı, hər azad edilən kənd və şəhər ölkəmizdə böyük sevinc və ruh yüksəkliyi yaradırdı

 

Azərbaycan xalqının tarixində elə günlər var ki, həmin tarixlər heç vaxt unudulmur, nəsildən-nəslə ötürülərək milli yaddaşımızın ayrılmaz hissəsinə çevrilir. 8 Noyabr – Zəfər Günü də məhz belə əlamətdar günlərdən biridir. Bu tarix xalqımızın uzun illər davam edən torpaq həsrətinə son qoyulmasının, milli birliyimizin, dövlətimizin gücünün və Azərbaycan Ordusunun qəhrəmanlığının təntənəsidir. Bu böyük Qələbənin ən mühüm hadisələrindən biri isə Qarabağın incisi, Azərbaycanın mədəniyyət beşiyi olan Şuşa şəhərinin işğaldan azad edilməsidir.

2020-ci il sentyabrın 27-də başlayan 44 günlük Vətən müharibəsi Azərbaycan tarixində yeni bir dövrün başlanğıcı oldu. Həmin gün Azərbaycan Ordusu Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə torpaqlarımızın işğaldan azad edilməsi uğrunda əks-hücum əməliyyatlarına başladı. Uzun illər düşmən işğalı altında qalan torpaqlarımız bir-bir azad edilir, xalqımızın illərlə gözlədiyi qələbəyə doğru inamı gündən-günə artırdı. Ordumuzun hər uğurlu əməliyyatı, hər azad edilən kənd və şəhər ölkəmizdə böyük sevinc və ruh yüksəkliyi yaradırdı.

Bu müharibənin ən mühüm və həlledici hadisəsi isə 2020-ci il noyabrın 8-də Şuşanın azad edilməsi oldu. Bu xəbər bütün Azərbaycanı sevincə boğdu. Çünki Şuşa sadəcə bir şəhər deyildi. Şuşa Azərbaycan xalqının tarixini, mədəniyyətini, musiqisini, ədəbiyyatını və milli ruhunu özündə yaşadan müqəddəs bir məkan idi.

1992-ci il mayın 8-də Şuşanın işğal edilməsi xalqımız üçün böyük faciə olmuşdu. Şəhərin işğalı ilə minlərlə insan doğma yurd-yuvasından didərgin düşmüş, tarixi abidələrimizə, məscidlərimizə, muzeylərimizə və mədəni irsimizə ciddi ziyan vurulmuşdu. Uzun illər ərzində Şuşasız yaşamaq hər bir azərbaycanlının qəlbində ağır bir nisgilə çevrilmişdi. İnsanlar Şuşaya qayıtmaq, doğma küçələrdə gəzmək, Cıdır düzündə yenidən Azərbaycan musiqisinin səsləndiyini eşitmək arzusunda idilər.

Şuşa Azərbaycan mədəniyyətinin formalaşmasında böyük rol oynayan şəhərlərdən biridir. Burada yetişən görkəmli şəxsiyyətlərimiz ölkəmizin adını bütün dünyada tanıtmışlar. Üzeyir Hacıbəyli, Bülbül, Xan Şuşinski, Cabbar Qaryağdıoğlu, Molla Pənah Vaqif, Xurşidbanu Natəvan və başqa sənətkarların adları Şuşa ilə sıx bağlıdır. Bu şəhər Azərbaycan musiqisinin, poeziyasının və incəsənətinin inkişafına böyük töhfələr verib. Məhz buna görə də Şuşanın işğaldan azad edilməsi yalnız ərazi bütövlüyümüzün bərpası deyil, həm də milli-mədəni dəyərlərimizin yenidən özünə qaytarılması demək idi.

Azərbaycanın bu böyük Qələbəyə çatmasında Ümummilli Lider Heydər Əliyevin əsasını qoyduğu dövlətçilik siyasətinin xüsusi əhəmiyyəti olmuşdur. Ulu Öndərin hakimiyyəti dövründə ölkəmizdə sabitliyin təmin edilməsi, dövlət institutlarının möhkəmləndirilməsi, iqtisadiyyatın inkişafı və güclü ordunun yaradılması istiqamətində mühüm addımlar atılmışdır. Bu siyasət sonrakı illərdə Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilmişdir.

Ölkəmizin iqtisadi və hərbi gücünün artırılması, ordunun müasir silahlarla təchiz edilməsi, hərbi qulluqçuların peşəkarlığının yüksəldilməsi Azərbaycanın gələcək qələbəsinin əsasını təşkil edirdi. Eyni zamanda, Azərbaycan beynəlxalq müstəvidə öz mövqeyini gücləndirir, torpaqlarımızın işğalı ilə bağlı həqiqətləri dünya ictimaiyyətinə çatdırırdı. Bütün bunlar 44 günlük Vətən müharibəsində əldə etdiyimiz tarixi Qələbə üçün mühüm zəmin yaratdı.

 

Gülnaz Məmmədova – Zərdab şəhər sakini, təqaüdçü


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki