image-media-qanunla-reklam-49zqr58lyeum0wphsf12
image-images-1

Ordu quruculuğu sahəsində mühüm nailiyyətlər

image-legitimaz-810x90

Ordu quruculuğu sahəsində mühüm nailiyyətlər

 

Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin dövlətçilik fəaliyyətində ordu quruculuğu və milli hərbi kadrların hazırlanması xüsusi yer tutmuşdur. Hələ sovet dövründə respublikaya rəhbərlik etdiyi illərdə Heydər Əliyev gələcəkdə Azərbaycanın təhlükəsizliyinin və müdafiə qabiliyyətinin güclü milli hərbi potensialdan asılı olacağını uzaqgörənliklə dəyərləndirmiş, bu istiqamətdə mühüm addımlar atmışdır. Məhz onun təşəbbüsü və qətiyyətli fəaliyyəti nəticəsində Azərbaycanda milli hərbi kadr hazırlığı sisteminin əsası qoyulmuş, sonradan müstəqil Azərbaycan Ordusunun formalaşmasında mühüm rol oynayan kadr bazası yaradılmışdır. 1969-cu ildə Azərbaycan SSR-ə rəhbər seçilən Heydər Əliyev mövcud vəziyyəti dərindən təhlil edərək müəyyən etmişdi ki, azərbaycanlıların keçmiş SSRİ Silahlı Qüvvələrində və ali hərbi məktəblərdə təmsilçiliyi olduqca aşağı səviyyədədir. Bu vəziyyət gələcəkdə milli hərbi kadr çatışmazlığı yarada bilərdi. Buna görə də Ulu Öndər hərbi sahədə peşəkar milli kadrların hazırlanmasını strateji vəzifələrdən biri kimi müəyyənləşdirdi. Onun məqsədi Azərbaycan gənclərinin hərbi peşəyə marağını artırmaq, onları yüksək ixtisaslı zabit kimi yetişdirmək və xalqın gələcək hərbi potensialını formalaşdırmaq idi. Bu istiqamətdə atılan ən mühüm addımlardan biri 1971-ci ildə Bakıda Cəmşid Naxçıvanski adına Hərbi Məktəbin yaradılması oldu. Həmin dövrdə SSRİ rəhbərliyinin ciddi müqavimətinə baxmayaraq, Heydər Əliyev böyük siyasi iradə nümayiş etdirərək bu təhsil müəssisəsinin fəaliyyətə başlamasına nail oldu. Cəmşid Naxçıvanski adına Hərbi Məktəb Azərbaycanda hərbi kadr hazırlığının əsas mərkəzinə çevrildi. Burada təhsil alan minlərlə gənc sonradan Sovet İttifaqının nüfuzlu ali hərbi məktəblərinə daxil olaraq peşəkar zabit kimi yetişdi. Onların əksəriyyəti müstəqillik dövründə Azərbaycan Silahlı Qüvvələrinin yaradılması və inkişafında mühüm rol oynadılar. Heydər Əliyevin təşəbbüsü ilə eyni zamanda yüzlərlə azərbaycanlı gəncin SSRİ-nin Moskva, Leninqrad, Kiyev, Minsk, Odessa və digər şəhərlərində yerləşən ali hərbi məktəblərə göndərilməsi təmin edildi. Bu gənclər müxtəlif qoşun növləri üzrə müasir hərbi biliklərə yiyələnərək gələcəkdə yüksək ixtisaslı zabit və komandirlər kimi fəaliyyət göstərdilər. Sonralar həmin kadrlar Azərbaycanın hərbi idarəetmə sisteminin formalaşdırılmasında, hərbi hissələrin yaradılmasında və döyüş hazırlığının gücləndirilməsində mühüm xidmətlər göstərdilər. 1991-ci ildə Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra ölkə qarşısında dayanan əsas vəzifələrdən biri milli ordunun yaradılması idi. Lakin həmin dövrdə ölkədə siyasi qeyri-sabitlik, idarəetmədə pərakəndəlik və vahid komandanlığın olmaması ordunun formalaşmasına ciddi maneələr yaradırdı. 1993-cü ildə Heydər Əliyevin xalqın tələbi ilə yenidən hakimiyyətə qayıdışından sonra ordu quruculuğu sahəsində sistemli islahatlara başlanıldı. Silahlı qüvvələrdə vahid komandanlıq sistemi yaradıldı, nizami ordu quruculuğu prosesi sürətləndirildi, fərqli silahlı birləşmələrin vahid idarəetmə altında birləşdirilməsi təmin edildi. Heydər Əliyevin rəhbərliyi ilə həyata keçirilən tədbirlər nəticəsində Azərbaycan Ordusunun döyüş qabiliyyəti əhəmiyyətli dərəcədə yüksəldi. Hərbi hissələrin maddi-texniki bazası möhkəmləndirildi, şəxsi heyətin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində mühüm qərarlar qəbul olundu, hərbi təhsil sisteminin inkişafına xüsusi diqqət yetirildi. Məhz bu siyasət nəticəsində Azərbaycan Silahlı Qüvvələri peşəkar ordu modelinə keçid üçün möhkəm zəmin qazandı. Ümummilli Lider tərəfindən əsası qoyulan ordu quruculuğu strategiyası sonrakı dövrdə Prezident, Ali Baş Komandan İlham Əliyev tərəfindən uğurla davam etdirilmişdir. Ordunun müasir silah və texnika ilə təchiz edilməsi, hərbi hazırlığın beynəlxalq standartlara uyğunlaşdırılması və peşəkar zabit korpusunun gücləndirilməsi nəticəsində Azərbaycan regionun ən güclü ordularından birinə çevrilmişdir. Vətən müharibəsi zamanı əldə edilən tarixi Qələbə göstərdi ki, Heydər Əliyevin vaxtilə müəyyən etdiyi ordu quruculuğu strategiyası öz bəhrəsini vermişdir. Güclü hərbi kadr potensialı, yüksək peşəkarlığa malik zabit heyəti və müasir ordu modeli Azərbaycanın ərazi bütövlüyünün bərpasında həlledici rol oynamışdır. Buna görə də Heydər Əliyevin ordu quruculuğu sahəsində həyata keçirdiyi siyasət Azərbaycan dövlətçiliyinin möhkəmlənməsinə xidmət edən ən mühüm tarixi nailiyyətlərdən biri kimi qiymətləndirilir.

 

Zərdab rayon Nizami Gəncəvi adına Şəftəhal kənd tam orta ümumtəhsil məktəbin müəllimi Hüseynova Yasəmən Ədalət qızı.

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki