image-media-qanunla-reklam-49zqr58lyeum0wphsf12
image-16245431393642230298_1200x630

Ordu quruculuğu sahəsində mühüm nailiyyət.

image-legitimaz-810x90

Ordu quruculuğu sahəsində mühüm nailiyyət.

Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra qarşıda duran əsas vəzifələrdən biri güclü və peşəkar milli ordunun yaradılması idi. Lakin ölkədə hökm sürən siyasi qeyri-sabitlik, iqtisadi çətinliklər və Ermənistanın hərbi təcavüzü ordu quruculuğu prosesini xeyli çətinləşdirirdi. 1993-cü ildə xalqın tələbi ilə hakimiyyətə qayıdan Ulu Öndər Heydər Əliyev dövlət quruculuğu ilə yanaşı, ordu quruculuğunu da əsas prioritet istiqamətlərdən biri kimi müəyyənləşdirdi. Onun rəhbərliyi ilə Silahlı Qüvvələrdə vahid komandanlıq sistemi yaradıldı, nizami hərbi hissələrin formalaşdırılmasına başlanıldı, hərbi intizam möhkəmləndirildi və ordunun döyüş qabiliyyətinin artırılması istiqamətində mühüm tədbirlər həyata keçirildi. Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi ilk dövrdə də milli hərbi kadrların hazırlanmasına xüsusi diqqət yetirilmişdi. Məhz onun təşəbbüsü ilə 1971-ci ildə Cəmşid Naxçıvanski adına hərbi lisey yaradıldı. Bu təhsil ocağı uzun illər ərzində minlərlə peşəkar zabit yetişdirərək Azərbaycan Ordusunun kadr potensialının formalaşmasına mühüm töhfə verdi. Eyni zamanda, azərbaycanlı gənclərin SSRİ-nin nüfuzlu ali hərbi məktəblərində təhsil almaları üçün geniş imkanlar yaradıldı ki, bu da gələcəkdə milli zabit korpusunun formalaşmasına mühüm təsir göstərdi. Müstəqillik illərində həyata keçirilən islahatlar nəticəsində Azərbaycan Ordusunun maddi-texniki bazası əhəmiyyətli dərəcədə möhkəmləndirildi. Silahlı Qüvvələr müasir silah və hərbi texnika ilə təchiz edildi, döyüş hazırlığı beynəlxalq standartlara uyğunlaşdırıldı, hərbi qulluqçuların sosial müdafiəsinin gücləndirilməsi istiqamətində mühüm addımlar atıldı. Müdafiə sənayesinin inkişaf etdirilməsi də ordunun ehtiyaclarının yerli istehsal hesabına təmin olunmasına şərait yaratdı. Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə ordu quruculuğu yeni inkişaf mərhələsinə qədəm qoydu. Ordunun peşəkarlıq səviyyəsinin yüksəldilməsi, müasir texnologiyaların tətbiqi, beynəlxalq hərbi əməkdaşlığın genişləndirilməsi və müntəzəm hərbi təlimlərin keçirilməsi Silahlı Qüvvələrin döyüş imkanlarını daha da artırdı. Aparılan məqsədyönlü siyasətin nəticəsində Azərbaycan Ordusu regionun ən güclü ordularından birinə çevrildi. 2020-ci ildə 44 günlük Vətən müharibəsində qazanılan tarixi Zəfər Azərbaycan Ordusunun keçdiyi inkişaf yolunun və həyata keçirilən ordu quruculuğu siyasətinin ən mühüm nəticəsi oldu. Müasir döyüş taktikası, yüksək peşəkarlıq, hərbi texnikadan səmərəli istifadə və şəxsi heyətin vətənpərvərliyi nəticəsində torpaqlarımız işğaldan azad edildi. Sonrakı dövrdə ölkənin bütün ərazisində dövlət suverenliyinin tam təmin olunması da Azərbaycan Silahlı Qüvvələrinin gücünü və hazırlıq səviyyəsini bir daha nümayiş etdirdi. Beləliklə, Azərbaycanda ordu quruculuğu sahəsində əldə olunan nailiyyətlər uzun illər ərzində həyata keçirilən məqsədyönlü dövlət siyasətinin nəticəsidir. Güclü, peşəkar və müasir Azərbaycan Ordusu bu gün ölkənin müstəqilliyinin, təhlükəsizliyinin və ərazi bütövlüyünün etibarlı təminatçısı kimi çıxış edir.

 

 

 

 

Sevil Mecidli – Zərdab Gənclər evinin dərnək rəhbəri


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki