Ordu quruculuğu sahəsində mühüm nailiyyət
Azərbaycan dövlətçiliyinin möhkəmlənməsində və milli təhlükəsizliyin təmin edilməsində güclü ordunun formalaşdırılması xüsusi əhəmiyyət kəsb edir. Müstəqil Azərbaycan Ordusunun bugünkü qüdrətinin əsasında Ulu Öndər Heydər Əliyev tərəfindən müəyyən edilmiş uzaqgörən siyasət dayanır. Məhz onun təşəbbüsü və qətiyyəti sayəsində Azərbaycanda milli hərbi kadrların hazırlanmasının təməli qoyulmuş, gələcək ordu quruculuğu prosesinin möhkəm əsasları yaradılmışdır. Bu siyasi kurs bu gün Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Ulu Öndər Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrdə milli hərbi kadrların hazırlanması məsələsi xüsusi diqqət mərkəzində olmuşdur. O dövrdə SSRİ daxilində milli respublikaların hərbi sahədə inkişaf imkanları məhdud olsa da, Heydər Əliyev böyük uzaqgörənlik nümayiş etdirərək Azərbaycanın gələcəyi üçün strateji əhəmiyyət daşıyan addımlar atmışdır. Bu addımların ən mühümlərindən biri 1971-ci ildə görkəmli hərbçi Cəmşid Naxçıvanskinin adını daşıyan hərbi liseyin yaradılması olmuşdur. Həmin hərbi məktəbin yaradılması Azərbaycanın hərb tarixində mühüm hadisə kimi qiymətləndirilir. Çünki bu təhsil ocağı minlərlə gəncin hərbi peşəyə marağının artmasına, vətənpərvərlik ruhunda yetişməsinə və peşəkar zabit kimi formalaşmasına şərait yaratmışdır. Sonrakı illərdə Azərbaycan Silahlı Qüvvələrinin rəhbər heyətində və müxtəlif qoşun növlərində xidmət edən çoxsaylı zabitlər məhz bu məktəbin məzunları olmuşlar.
Ulu Öndərin təşəbbüsü ilə azərbaycanlı gənclərin Bakı Ali Birləşmiş Komandanlıq Məktəbində, Bakı Ali Hərbi Dənizçilik Məktəbində və SSRİ-nin nüfuzlu hərbi təhsil müəssisələrində oxuması üçün geniş imkanlar yaradılmışdır. Bu məqsədlə müxtəlif güzəştlər tətbiq edilmiş, milli zabit kadrlarının hazırlanması dövlət siyasətinin mühüm istiqamətlərindən birinə çevrilmişdir. Həmin dövrdə yetişdirilən peşəkar hərbçilər sonradan müstəqil Azərbaycan Ordusunun formalaşmasında mühüm rol oynamışlar.
1993-cü ildə xalqın tələbi ilə hakimiyyətə qayıdan Heydər Əliyev ölkədə hökm sürən siyasi və hərbi böhran şəraitində ordu quruculuğunu prioritet məsələlərdən biri kimi müəyyənləşdirdi. O dövrdə pərakəndə silahlı dəstələrin vahid komandanlıq altında birləşdirilməsi, nizami ordunun yaradılması və hərbi intizamın möhkəmləndirilməsi istiqamətində mühüm tədbirlər həyata keçirildi. Azərbaycan Silahlı Qüvvələrinin inkişaf strategiyası müəyyənləşdirildi və dövlətin müdafiə qabiliyyətinin gücləndirilməsi istiqamətində ardıcıl addımlar atıldı.
Ulu Öndərin müəyyən etdiyi ordu quruculuğu siyasəti Prezident cənab İlham Əliyev tərəfindən yeni mərhələdə daha da inkişaf etdirilmişdir. Son illərdə Azərbaycan Ordusu maddi-texniki təminat, peşəkarlıq, döyüş hazırlığı və müasir silah sistemləri baxımından dünyanın qabaqcıl orduları sırasına yüksəlmişdir. Dövlət büdcəsindən müdafiə sahəsinə ayrılan vəsaitlərin artırılması, yeni hərbi hissələrin yaradılması və müasir hərbi texnikanın alınması bu siyasətin mühüm nəticələridir.
Prezident İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən islahatlar nəticəsində Azərbaycan Ordusunun döyüş qabiliyyəti əhəmiyyətli dərəcədə yüksəlmişdir. Xüsusilə hərbi təhsil sisteminin inkişafı, zabit hazırlığının müasir tələblərə uyğunlaşdırılması və beynəlxalq təcrübənin öyrənilməsi istiqamətində mühüm işlər görülmüşdür. Bu gün Cəmşid Naxçıvanski adına hərbi lisey və digər hərbi təhsil müəssisələri ölkəmiz üçün yüksək ixtisaslı zabitlər hazırlamaqda davam edir.
Azərbaycan Ordusunun gücü və peşəkarlığı 2020-ci ildə baş vermiş 44 günlük Vətən müharibəsində bütün dünyaya nümayiş etdirildi. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusu işğal altında olan torpaqlarımızı azad edərək tarixi Zəfərə imza atdı. Bu Qələbə illərlə həyata keçirilən məqsədyönlü ordu quruculuğu siyasətinin məntiqi nəticəsi idi. Vətən müharibəsində qəhrəmanlıq göstərən minlərlə zabit və hərbçinin sırasında vaxtilə Ulu Öndərin yaratdığı hərbi təhsil ənənələrinin yetirmələri də olmuşdur.
Bu gün Azərbaycan Ordusu regionun ən güclü ordularından biri hesab edilir. Müasir silahlarla təchiz olunmuş, yüksək peşəkarlığa malik şəxsi heyətə sahib olan Silahlı Qüvvələrimiz ölkəmizin təhlükəsizliyinin əsas təminatçısıdır. Ordunun inkişafı istiqamətində həyata keçirilən siyasət dövlətimizin qüdrətinin və müstəqilliyinin möhkəmlənməsinə xidmət edir. Qazanılmış nailiyyətlər göstərir ki, güclü dövlətin əsas dayaqlarından biri güclü ordudur və Azərbaycan bu sahədə mühüm uğurlara imza atmağa davam edir.
Zərdab şəhər sakini Cavid Məmmədov



















