image-media-qanunla-reklam-49zqr58lyeum0wphsf12
image-1c177f4cd6f7ef3110359b8dde932a26

Ölkədə qulaqdibi xəstəliyinin artması iddiaları ilə bağlı RƏSMİ AÇIQLAMA

image-legitimaz-810x90

Son günlər sosial şəbəkələrdə Bakı şəhərində epidemik parotit (qulaqdibi) xəstəliyinin geniş yayıldığı ilə bağlı paylaşımlar yayılır.

Xeberaz.info xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyinin Mətbuat xidməti məlumat yayıb.

Azərbaycan Respublikası Səhiyyə Nazirliyindən bildirilib ki, həmin məlumatlar mövcud epidemioloji vəziyyəti əks etdirmir.

“Hazırda ölkədə epidemik parotit üzrə epidemioloji vəziyyət sabitdir. Qeydiyyata alınan yoluxma halları ayrı-ayrı sporadik hallardan ibarətdir, hər hansı epidemiya və ya kütləvi yayılma qeydə alınmayıb”,-deyə nazirliyin Mətbuat xidmətindən əlavə edilib.

Qeyd edilib ki, mövcud vəziyyət aidiyyəti tibb müəssisələri tərəfindən daim epidemioloji nəzarətdə saxlanılır, zəruri profilaktik və əks-epidemik tədbirlər ardıcıl şəkildə həyata keçirilir:

“Epidemik parotit daha çox peyvənd olunmamış və ya natamam peyvənd olunmuş şəxslər arasında müşahidə edilir. Xəstəlik əsasən hava-damcı yolu ilə – öskürmə, asqırma və yaxın təmas zamanı ötürülür. İnkubasiya dövrü adətən 11–23 gün davam edir.

Xəstəliyin əsas əlamətləri bədən hərarətinin yüksəlməsi, qulaqətrafı tüpürcək vəzilərində şişkinlik və ağrı, çeynəmə və udma zamanı narahatlıq, ümumi halsızlıq, baş ağrısı və iştahanın azalmasıdır.

Əksər hallarda epidemik parotit yüngül keçir və tam sağalma ilə nəticələnir. Bununla belə, peyvənd olunmamış yeniyetmələrdə və böyüklərdə nadir hallarda müəyyən ağırlaşmaların inkişaf etməsi mümkündür. Bu səbəbdən xəstəliyin qarşısının alınmasında vaxtında peyvəndlənmə xüsusi əhəmiyyət daşıyır.

Azərbaycanda Milli Peyvənd Təqviminə uyğun olaraq qızılca, epidemik parotit və məxmərək əleyhinə kombinə olunmuş (QPM) peyvənd uşaqlara 12 aylığında vurulur, 6 yaşında isə revaksinasiya aparılır. QPM peyvəndi epidemik parotitdən qorunmanın ən etibarlı və effektiv vasitəsidir.

Səhiyyə Nazirliyi valideynlərə övladlarının peyvənd statusunu yoxlamağı tövsiyə edir. Hər hansı səbəbdən peyvənd təxirə salınıbsa və ya buraxılıbsa, yaşayış yeri üzrə tibb müəssisəsinə müraciət edərək həkimlə məsləhətləşmək tövsiyə olunur”.

“Xəstəlikdən qorunmaq üçün xəstə şəxslərlə yaxın təmasdan çəkinmək, şəxsi gigiyena qaydalarına əməl etmək, əlləri mütəmadi yumaq və qapalı məkanları tez-tez havalandırmaq, xəstəliyə xas əlamətlər müşahidə olunduqda özünümüalicədən çəkinmək, həkimə müraciət etmək və tam sağalanadək kollektivə qayıtmamaq kimi profilaktik tədbirlərə riayət olunması tövsiyə edilir.

Səhiyyə Nazirliyi bir daha bildirir ki, ölkədə epidemik vəziyyət tam nəzarət altındadır. Əhalinin sağlamlığının qorunması məqsədilə epidemioloji monitorinq və operativ nəzarət tədbirləri fasiləsiz davam etdirilir.Vətəndaşlardan yalnız rəsmi mənbələrə istinad etmələri, sosial şəbəkələrdə yayılan təsdiqlənməmiş məlumatlara inanmamaları və onları paylaşmamaları xahiş olunur”, – məlumatda qeyd edilib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki