Oftalmologiya Elminə və İnsanlığa Həsr Olunmuş İrs
Azərbaycanın görkəmli alimi, Əməkdar elm xadimi, tibb elmləri doktoru, professor, Azərbaycan Elmlər Akademiyasının həqiqi üzvü, alim-oftalmoloq Zərifə Əliyeva eyni zamanda dərin dünyagörüşə malik filosof və yüksək pedaqoji keyfiyyətləri ilə seçilən şəxsiyyət olmuşdur. O, elmi, pedaqoji və ictimai fəaliyyəti bir-birindən ayrılmaz hesab etmiş, həyatını bu sahələrin vəhdətində qurmuşdur.
Zərifə Əliyeva görmə orqanına müxtəlif zərərli amillərin təsirini öyrənmək məqsədilə respublikanın sənaye müəssisələrində genişmiqyaslı elmi tədqiqatlar aparmışdır. Onun araşdırmaları gözün ön seqmenti, buynuz qişa, gözdaxili təzyiq, görmə sahəsi və digər mühüm fizioloji göstəriciləri əhatə etmişdir. Xüsusilə yod və şin istehsalı sahələrində çalışan işçilərin görmə orqanında baş verən dəyişiklikləri tədqiq edərək kimyəvi maddələrin uzunmüddətli təsirinin nəticələrini elmi əsaslarla ortaya qoymuşdur.
Alim müəyyən etmişdir ki, istehsalat mühitində kimyəvi maddələrin normadan artıq konsentrasiyası göz qişasının həssaslığının azalmasına, buynuz qişanın zəifləməsinə və digər funksional pozuntulara səbəb olur. Bu nəticələr peşə xəstəliklərinin profilaktikası və müalicəsi istiqamətində mühüm əhəmiyyət kəsb etmişdir.
Zərifə Əliyeva peşə patologiyası sahəsində geniş profilli mütəxəssis olmaqla yanaşı, həm də yüksək səviyyəli pedaqoq kimi tanınmışdır. Onun elmi-pedaqoji fəaliyyəti nəticəsində oftalmologiya sahəsində yeni nəsil mütəxəssislər yetişmiş, elmi məktəb formalaşmışdır. Peşə diaqnostikası və oftalmologiyanın müxtəlif problemlərinə həsr olunmuş monoqrafiyaları bu sahədə mühüm elmi mənbələrdən hesab olunur. Alimin tədqiqatlarında göz damarlarının patologiyası, gözün hidrodinamik sistemi kimi mürəkkəb məsələlər də geniş şəkildə araşdırılmışdır. Onun elmi fəaliyyətinin yüksək səviyyəsi, sosial əhəmiyyəti və ictimai fəallığı nəticəsində Zərifə Əliyeva Azərbaycan Elmlər Akademiyasının həqiqi üzvü seçilmişdir. Zərifə Əliyeva yalnız görkəmli alim deyil, həm də yüksək mənəvi keyfiyyətlərə malik, qayğıkeş ana və xeyirxah insan kimi yadda qalmışdır. Ümummilli lider Heydər Əliyev onun haqqında yüksək fikirlər səsləndirərək, onu istedadlı, sadə və xeyirxah insan kimi xarakterizə etmişdir. Alimin zəngin elmi irsi oftalmologiyanın müxtəlif sahələrini əhatə edir. O, xüsusilə traxoma xəstəliyinin öyrənilməsi və aradan qaldırılması istiqamətində mühüm xidmətlər göstərmiş, xəstəliyin mərhələlərinin tədqiqi və müalicə üsullarının işlənib hazırlanması sahəsində dəyərli nəticələr əldə etmişdir.
Zərifə Əliyeva tibbi etika və deontologiya məsələlərinə də xüsusi önəm vermiş, bu sahədəki baxışlarını “Həkimin yüksək vəzifəsi” və “Oftalmologiyanın aktual problemləri” adlı əsərlərində əks etdirmişdir. Bu əsərlər həm elmi ictimaiyyət, həm də praktik həkimlər tərəfindən yüksək qiymətləndirilmişdir.Azərbaycan oftalmologiyasını beynəlxalq səviyyədə tanıdan alim novator yanaşması ilə seçilmiş, elmi-pedaqoji fəaliyyətində gənc kadrların hazırlanmasına və mütəxəssislərin ixtisaslarının artırılmasına xüsusi diqqət yetirmişdir. Zərifə Əliyeva sadəliyi, səmimiyyəti, yüksək insani keyfiyyətləri və dərin elmi düşüncəsi ilə seçilən şəxsiyyət olmuşdur. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev onun haqqında yüksək fikirlər səsləndirərək, Zərifə Əliyevanı əsl alim və fədakar ana kimi dəyərləndirmişdir. Akademik Zərifə Əliyevanın zəngin elmi irsi, humanist fəaliyyəti və yüksək mənəvi dəyərləri Azərbaycan xalqının yaddaşında daim yaşayır və gələcək nəsillər üçün örnək olaraq qalır.
Kəmalə Əliyeva – Zərdab rayonu, Qaravəlli kənd tam ümumtəhsil məktəbinin direktoru






















