Naxçıvanda müasir sənaye komplekslərinin yaradılması nəzərdə tutulur.
Azərbaycanın iqtisadi inkişaf strategiyasında sənayeləşmə siyasəti xüsusi yer tutur. Son illərdə ölkədə qeyri-neft sənayesinin inkişafı, müasir istehsal müəssisələrinin yaradılması, yerli resurslardan səmərəli istifadə və rəqabətqabiliyyətli məhsul istehsalının artırılması istiqamətində mühüm layihələr həyata keçirilib. Sənaye parkları və sənaye məhəllələri bu siyasətin əsas alətlərindən birinə çevrilib. Dövlət tərəfindən yaradılan infrastruktur, vergi və gömrük güzəştləri, sahibkarlara göstərilən digər dəstək mexanizmləri yeni investisiyaların cəlb olunmasına, istehsalın genişləndirilməsinə və yeni iş yerlərinin yaradılmasına şərait yaradır.
Azərbaycan sənayesinin inkişafında əsas hədəflərdən biri iqtisadiyyatın şaxələndirilməsi və yüksək əlavə dəyər yaradan istehsal sahələrinin genişləndirilməsidir. Sənaye zonaları ixracyönümlü məhsulların istehsalının artırılmasına, idxaldan asılılığın azaldılmasına, innovativ texnologiyaların tətbiqinə və məşğulluğun yüksəldilməsinə mühüm töhfə verir.
Bu siyasətin Naxçıvan üçün də xüsusi əhəmiyyəti var. 2024-cü il 5 dekabr tarixli Prezident Fərmanı ilə yaradılan Naxçıvan Sənaye Parkı 310 hektar ərazini əhatə edir və burada müasir texnologiyalar əsasında rəqabətqabiliyyətli məhsul istehsalı və xidmət sahələrinin inkişafı nəzərdə tutulur. Parkın yaradılmasının əsas məqsədlərindən biri sahibkarlığın inkişafı ilə yanaşı, regionda yeni istehsal sahələrinin və məşğulluq imkanlarının formalaşdırılmasıdır.
Cənab Prezident İlham Əliyev 11 avqust 2026-cı ildə Naxçıvana səfəri zamanı Azərbaycan Televiziyasına müsahibəsində muxtar respublikada məşğulluğun artırılması və sənaye potensialının genişləndirilməsi məsələlərinə toxunaraq deyib: “İşsizliklə bağlı görülən tədbirlər. Xüsusilə qeyd etdiyim kimi, Naxçıvan Sənaye Parkının yaradılması buna böyük təkan verəcək. Naxçıvanda müasir sənaye komplekslərinin yaradılması nəzərdə tutulur. Sosial infrastrukturun yaradılması, bərpası nəzərdə tutulur. Mənə verilən məlumata görə, uşaq bağçalarının tikintisinə, təmirinə ehtiyac var, bunu biz edəcəyik”.
Yeni sənaye müəssisələrinin yaradılması əmək bazarının genişlənməsinə, əhalinin daimi iş yerləri ilə təmin olunmasına və sahibkarlıq fəallığının artmasına imkan verəcək. Naxçıvan Sənaye Parkının qarşıdakı dövrdə fəaliyyətinin genişləndirilməsi muxtar respublikanın iqtisadi potensialından daha səmərəli istifadə baxımından mühüm addımdır. Burada müasir sənaye komplekslərinin yaradılması Naxçıvanın həm daxili bazarın təminatında, həm də gələcəkdə rəqabətqabiliyyətli məhsulların ixracında rolunu artıra bilər. Sənaye infrastrukturu ilə yanaşı, sosial infrastrukturun, məktəbəqədər müəssisələrin, digər sosial obyektlərin yaradılması və bərpasının diqqətdə saxlanılması isə iqtisadi inkişafla sosial siyasətin paralel aparıldığını nümayiş etdirir.
Cənab Prezident İlham Əliyevin Naxçıvanla bağlı səsləndirdiyi fikirlər Azərbaycanın ümumi sənayeləşmə siyasətinin muxtar respublikada yeni mərhələyə qədəm qoyduğunu göstərir. Ölkə üzrə yaradılan sənaye parklarının və yeni istehsal müəssisələrinin əsas nəticəsi yalnız istehsalın artması deyil, həm də yeni iş yerlərinin açılması, regionların iqtisadi fəallığının yüksəlməsi və insanların sosial rifahının yaxşılaşmasıdır.
Marusa Qasımova – Zərdab rayonu Körpükənd kənd ümumi orta ümumtəhsil məktəbinin direktoru

























