Milli mətbuat yolunda atılan ilk addım – “Əkinçi” qəzeti
Azərbaycan milli mətbuatının tarixi xalqımızın milli oyanış, maariflənmə və ictimai tərəqqi salnaməsinin ayrılmaz tərkib hissəsidir. Bu şərəfli yolun başlanğıcı 1875-ci il iyulun 22-də böyük maarifçi, publisist və ictimai xadim Həsən bəy Zərdabinin təşəbbüsü ilə Azərbaycan dilində nəşr olunan “Əkinçi” qəzeti ilə qoyulmuşdur. Məhz bu qəzet xalqın ana dilində maariflənməsinə, milli düşüncənin formalaşmasına və cəmiyyətin inkişafına xidmət edən ilk mətbuat orqanı kimi tarixə düşmüşdür.
“Əkinçi” qəzeti fəaliyyət göstərdiyi qısa müddət ərzində təkcə xəbərlər yayan bir nəşr deyil, həm də cəmiyyətin problemlərini işıqlandıran, elmə, təhsilə, mədəniyyətə və milli-mənəvi dəyərlərə çağırış edən mühüm bir tribuna olmuşdur. Qəzetin əsas məqsədi xalq arasında savadlılığın artırılması, kənd təsərrüfatının inkişafı, elm və texnologiyanın təbliği, insanların dünyagörüşünün genişləndirilməsi idi. Həsən bəy Zərdabi inanırdı ki, xalqın tərəqqisi ilk növbədə maarifdən və doğru məlumatlandırmadan keçir.
“Əkinçi”nin cəmi 56 sayı nəşr olunsa da, onun yaratdığı ənənə sonrakı dövrlərdə milli mətbuatın inkişafı üçün möhkəm zəmin formalaşdırdı. Bu qəzetdən sonra müxtəlif istiqamətli mətbuat orqanları fəaliyyətə başladı, Azərbaycan ziyalılarının fikir və ideyalarının geniş kütlələrə çatdırılmasına şərait yarandı. Milli mətbuat xalqın hüquqlarının müdafiəsində, milli kimliyin qorunmasında və azərbaycançılıq ideologiyasının təbliğində mühüm rol oynadı.
Müasir dövrdə Azərbaycan mətbuatı zəngin tarixi irsə söykənərək yeni inkişaf mərhələsinə qədəm qoymuşdur. İnformasiya texnologiyalarının sürətli inkişafı media qarşısında yeni imkanlar açmaqla yanaşı, daha böyük məsuliyyət də yaratmışdır. Dəqiq, operativ və obyektiv informasiya cəmiyyətin düzgün məlumatlandırılmasının əsas şərti olaraq qalır. Milli mətbuatın əsası olan “Əkinçi”nin müəyyən etdiyi prinsiplər – həqiqətə sadiqlik, maarifçilik və ictimai məsuliyyət bu gün də öz aktuallığını qoruyub saxlayır.
22 İyul – Milli Mətbuat Günü münasibətilə “Əkinçi” qəzetinin və onun banisi Həsən bəy Zərdabinin xatirəsini ehtiramla yad edir, milli mətbuatımızın inkişafında əməyi olan bütün qələm sahiblərinə dərin minnətdarlığımızı bildiririk. Milli mətbuatımızın keçdiyi şərəfli yol gələcək nəsillər üçün zəngin örnək olmaqla yanaşı, Azərbaycanın informasiya məkanının daha da güclənməsinə və dövlətçilik maraqlarının qorunmasına bundan sonra da mühüm töhfələr verəcəkdir.
Rəsul Abbasov – Zərdab rayonu Alıcanlı kənd sakini





















