22 İyul – Milli Mətbuat Günü Azərbaycan milli mətbuatının keçdiyi şərəfli yolu, cəmiyyət qarşısında daşıdığı məsuliyyəti və gələcək inkişaf perspektivlərini bir daha dəyərləndirmək üçün mühüm tarixi gündür. Həsən bəy Zərdabinin əsasını qoyduğu milli mətbuat ənənələri bu gün müasir informasiya məkanında yeni məzmun və yeni çağırışlarla davam etdirilir. Rəqəmsal texnologiyaların sürətlə inkişaf etdiyi, informasiyanın saniyələr ərzində qlobal auditoriyaya çatdığı müasir dövrdə medianın rolu daha da artmış, onun üzərinə düşən məsuliyyət isə daha da böyümüşdür.
Müasir informasiya mühiti yalnız xəbərin operativ çatdırılmasını deyil, həm də onun dəqiqliyini, etibarlılığını və cəmiyyət üçün faydalılığını tələb edir. Xüsusilə sosial şəbəkələrin geniş yayılması, süni intellekt texnologiyalarının tətbiqi və dezinformasiyanın müxtəlif formalarda yayılması media qurumlarının peşəkarlığını ön plana çıxarır. Bu şəraitdə jurnalistikanın əsas missiyası həqiqətin müdafiəsi, ictimai maraqların qorunması və cəmiyyətin düzgün məlumatlandırılması olaraq qalır.
Prezident İlham Əliyevin qeyd etdiyi kimi: “Bu gün Azərbaycan mətbuatı müasir informasiya cəmiyyəti quruculuğunda, sosial ədalət və şəffaflığın təmin edilməsində, milli həmrəyliyin və tolerantlığın möhkəmləndirilməsində, demokratik özünüdərkin, siyasi mədəniyyətin inkişafında, milli-mənəvi və ümumbəşəri dəyərlərin qorunub saxlanılması və təbliğində mühüm rol oynamalı, tədris və maarifləndirmə sahəsində fəaliyyətini gücləndirməlidir. Azərbaycan jurnalistikası peşəkarlıq, obyektivlik, qərəzsizlik, yüksək milli şüur və vətənpərvərlik prinsiplərinə dönmədən əməl etməli, söz və məlumat azadlığından sui-istifadənin qarşısı qətiyyətlə alınmalıdır.” Bu fikirlər milli medianın fəaliyyət istiqamətlərini müəyyənləşdirən mühüm prinsiplərdir.
Azərbaycan mediası artıq yeni inkişaf mərhələsinə qədəm qoyub. İşğaldan azad edilmiş ərazilərdə həyata keçirilən bərpa-quruculuq işlərinin, ölkənin sosial-iqtisadi inkişafının, beynəlxalq nüfuzunun artmasının dünya ictimaiyyətinə dolğun və obyektiv şəkildə çatdırılması medianın qarşısında duran vacib vəzifələrdəndir. Eyni zamanda, informasiya təhlükəsizliyinin təmin olunması, milli maraqların qorunması və xarici informasiya təhdidlərinə qarşı mübarizə də müasir jurnalistikanın əsas fəaliyyət istiqamətlərindən birinə çevrilmişdir.
Yeni dövr peşəkar jurnalistdən yalnız xəbəri hazırlamağı deyil, analitik düşünməyi, faktların dəqiq yoxlanılmasını, etik davranış qaydalarına riayət etməyi və müasir rəqəmsal texnologiyalardan səmərəli istifadə etməyi tələb edir. Cəmiyyətin media savadlılığının artırılması, gənc nəslin düzgün informasiya seçimi bacarıqlarının formalaşdırılması da medianın maarifləndirici funksiyasını daha da aktuallaşdırır.
Milli Mətbuat Günü münasibətilə keçilən yola nəzər salarkən aydın görünür ki, Azərbaycan mediasının gələcək uğurları məhz peşəkarlıq, məsuliyyət, milli maraqlara sədaqət və müasir dövrün tələblərinə uyğun yenilənmə prinsipləri üzərində qurulacaqdır. Güclü dövlətin güclü mediası cəmiyyətin inkişafına, milli birliyə və ölkənin beynəlxalq nüfuzunun daha da möhkəmlənməsinə mühüm töhfələr verməyə davam edəcəkdir.
Yaşar Nuriyev – Zərdab rayonu Alıcanlı kənd sakini




















