Zərdab rayonunun Heydər Əliyev Mərkəzində Milli Məclisin deputatı Jalə Əliyevanın seçicilərlə səyyar qəbulu keçirilib.
Xeberaz.info xəbər verir ki, qəbul zamanı seçicilərin müraciətləri dinlənilib, onları narahat edən sosial və digər məsələlər ətraflı müzakirə olunub. Vətəndaşlar tərəfindən qaldırılan məsələlərin bir qismi yerindəcə həllini tapıb, digər müraciətlərin isə araşdırılması və müvafiq tədbirlərin görülməsi ilə bağlı aidiyyəti qurumlara tapşırıqlar verilib.
Görüşün əvvəlində seçicilər Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə “Şöhrət” ordeninə layiq görülməsi münasibətilə deputat Jalə Əliyevanı səmimi-qəlbdən təbrik ediblər. Seçicilər yüksək dövlət təltifinin onun çoxillik ictimai-siyasi fəaliyyətinə verilən yüksək qiymətin ifadəsi olduğunu qeyd edərək, deputata gələcək fəaliyyətində uğurlar arzulayıblar.
Jalə Əliyeva göstərilən diqqətə və xoş arzulara görə seçicilərə minnətdarlığını bildirib. Deputat vurğulayıb ki, vətəndaşlarla mütəmadi görüşlərin keçirilməsi, onların müraciətlərinin dinlənilməsi və qaldırılan məsələlərin həllinə nail olunması deputat fəaliyyətinin əsas istiqamətlərindən biridir.
Səyyar qəbul zamanı səsləndirilən bütün müraciətlərin diqqətdə saxlanılacağı, onların həlli istiqamətində zəruri tədbirlərin görüləcəyi bildirilib.
Qeyd edək ki, səyyar qəbulda deputatla birlikdə rayon İcra Hakimiyyətinin məsul şəxsləri Xəyalə Veyisova və Zinhar Bayramovda iştirak ediblər.
Vüqar Rəhimov














































