Milli Məclisin deputatı Jalə Əliyeva Kürdəmir rayonunun Muradxan kəndində seçicilərlə növbəti görüşünü keçirib.
Xeberaz.info xəbər verir ki, görüşdə Muradxan, Sor-Sor və Çöl-Ərəb kəndlərinin sakinləri iştirak ediblər. Görüş zamanı vətəndaşların müraciətləri dinlənilib, onları narahat edən məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.
Deputat Jalə Əliyeva çıxışında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkədə həyata keçirilən uğurlu daxili və xarici siyasət, regionların sosial-iqtisadi inkişafı istiqamətində görülən işlər, əhalinin rifah halının yüksəldilməsi məqsədilə reallaşdırılan dövlət proqramları barədə ətraflı məlumat verib. Bildirilib ki, vətəndaşlarla birbaşa ünsiyyətin qurulması, onların təklif və problemlərinin öyrənilməsi deputat fəaliyyətinin əsas istiqamətlərindən biridir.
Görüş zamanı sakinlər kənd yollarının vəziyyəti, məşğulluq məsələləri, sosial təminat, kommunal xidmətlər, kənd təsərrüfatının inkişafı və digər məsələlərlə bağlı müraciətlərini səsləndiriblər. Qaldırılan problemlərin bir qismi yerində araşdırılıb, digər müraciətlərin isə aidiyyəti qurumlara çatdırılması və nəzarətdə saxlanılması üçün müvafiq qeydlər aparılıb.
Deputat Jalə Əliyeva hər bir müraciətə həssaslıqla yanaşılacağını, vətəndaşların qaldırdıqları məsələlərin həlli istiqamətində müvafiq addımların atılacağını vurğulayıb. O, seçicilərlə mütəmadi görüşlərin keçirilməsinin dövlət-vətəndaş münasibətlərinin daha da möhkəmlənməsinə xidmət etdiyini qeyd edib.
Görüş iştirakçıları onların problemlərinin dinlənilməsi və qaldırılan məsələlərə göstərilən diqqətə görə minnətdarlıqlarını bildirərək, ölkədə həyata keçirilən inkişaf və quruculuq işlərini yüksək qiymətləndiriblər.
Sonda xatirə şəkli çəkdirilib və sakinlərlə səmimi söhbət aparılıb.

























