Milli düşüncənin və dövlətçilik ənənələrinin yaşadıcısı
22 iyul Azərbaycan xalqının ictimai-siyasi və mədəni həyatında mühüm əhəmiyyət daşıyan əlamətdar günlərdən biridir. Bu tarix milli mətbuatımızın əsasının qoyulduğu gün olmaqla yanaşı, xalqımızın maariflənməsi, milli özünüdərkin formalaşması, dövlətçilik ideyalarının təbliği və milli-mənəvi dəyərlərin qorunması istiqamətində başlanmış böyük tarixi missiyanın rəmzidir.
Azərbaycan milli mətbuatının əsası 1875-ci il iyulun 22-də böyük maarifçi, publisist və alim Həsən bəy Zərdabinin nəşr etdirdiyi “Əkinçi” qəzeti ilə qoyulmuşdur. Cəmi iki il fəaliyyət göstərərək 56 nömrəsi işıq üzü görən bu qəzet öz qısa ömrünə baxmayaraq xalqın maariflənməsi, ana dilinin inkişafı, milli kimliyin qorunması və müasir ictimai fikrin formalaşması baxımından əvəzsiz xidmətlər göstərmişdir. “Əkinçi” xalqın problemlərini xalqın dili ilə ifadə edən ilk mətbuat orqanı kimi milli mətbuat tarixində silinməz iz qoymuşdur.
Sonrakı dövrlərdə nəşr olunan qəzet və jurnallar Azərbaycanın ictimai-siyasi həyatının salnaməsinə çevrilmiş, milli azadlıq ideyalarının yayılmasına, elm və təhsilin inkişafına, milli-mənəvi dəyərlərin təbliğinə mühüm töhfələr vermişdir. Müxtəlif tarixi mərhələlərdə senzura, təzyiqlər və çətinliklərlə üzləşməsinə baxmayaraq, Azərbaycan mətbuatı xalqın milli maraqlarını qorumaq missiyasından heç vaxt geri çəkilməmişdir.
Müstəqillik illərində Azərbaycan mətbuatı keyfiyyətcə yeni inkişaf mərhələsinə qədəm qoymuşdur. Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə ölkədə söz və mətbuat azadlığının təmin olunması istiqamətində mühüm hüquqi islahatlar həyata keçirilmiş, senzuranın ləğv edilməsi, kütləvi informasiya vasitələrinin fəaliyyətinin hüquqi əsaslarının möhkəmləndirilməsi və jurnalistikanın inkişafına dövlət dəstəyinin göstərilməsi milli medianın gələcək inkişafı üçün möhkəm zəmin yaratmışdır.
Bu siyasi kurs bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Dövlət başçısının vurğuladığı kimi, “Əlbəttə ki, mətbuatın fəaliyyəti hər bir insanı maraqlandırır. İnsanlar bütün məlumatı mətbuatdan alırlar. Ona görə, hər bir ölkədə, o cümlədən Azərbaycanda mətbuat qərəzsiz olmalıdır, çevik, operativ fəaliyyət göstərməlidir, insanları məlumatlarla tam şəkildə təmin etməlidir.” Bu yanaşma müasir medianın əsas prinsiplərini – obyektivlik, peşəkarlıq, operativlik və milli maraqların qorunmasını özündə ehtiva edir.
Milli mətbuatın 151 illik inkişaf yolu göstərir ki, güclü dövlətin formalaşmasında peşəkar, məsuliyyətli və milli maraqlara söykənən media xüsusi əhəmiyyət daşıyır. Azərbaycan jurnalistikası bu gün də cəmiyyətin obyektiv məlumatlandırılması, dövlətçilik dəyərlərinin təbliği, milli həmrəyliyin möhkəmləndirilməsi və ölkəmizin beynəlxalq nüfuzunun artırılması istiqamətində öz məsuliyyətli missiyasını uğurla davam etdirir.
22 İyul – Milli Mətbuat Günü münasibətilə bütün media nümayəndələrini, jurnalistləri və mətbuat sahəsində çalışan hər kəsi ürəkdən təbrik edir, onlara möhkəm cansağlığı, peşə fəaliyyətlərində yeni uğurlar, daim obyektivlik, yüksək peşəkarlıq və Vətənimiz Azərbaycanın inkişafı naminə şərəfli fəaliyyət arzulayırıq.
Fazil Kərimov – Zərdab rayonu, İsaqbağı kənd sakini, təqaüddə olan müəllim




















