KONSTİTUSİYANIN QƏBULU ULU ÖNDƏR HEYDƏR ƏLİYEVİN AZƏRBAYCAN DÖVLƏTÇİLİYİ QARŞISINDAKI ƏN BÖYÜK XİDMƏTLƏRİNDƏN BİRİDİR
Konstitusiyamız müstəqil dövlət quruculuğu prosesini tənzimləyən, demokratik inkişafa təminat yaradan, cəmiyyətin siyasi, sosial, mədəni, iqtisadi sahələrdə köklü dəyişiklikləri özündə ehtiva edən, qanunvericiliyin təkmilləşdirilməsində hüquqi baza rolunu oynayan mükəmməl və mütərəqqi sənəddir.
Müstəqil Azərbaycanın ilk Konstitusiyasının hazırlanması və qəbul edilməsi ölkəmizin dövlətçilik tarixində mühüm hadisə olmaqla, hüquqi dövlət quruculuğunun əsasını qoydu. 1993-cü ildə xalqın tələbi ilə yenidən hakimiyyətə qayıdan Ümummilli Lider Heydər Əliyev ölkədə ictimai-siyasi sabitliyin təmin olunması, dövlət institutlarının möhkəmləndirilməsi və müstəqilliyin qorunması ilə yanaşı, hüquqi dövlətin əsaslarının yaradılmasını da prioritet vəzifə kimi müəyyənləşdirdi.
Ulu Öndərin rəhbərliyi ilə Konstitusiya layihəsinin hazırlanması istiqamətində genişmiqyaslı işlər həyata keçirildi. Dövlət idarəçiliyinin demokratik prinsiplər əsasında qurulması, insan hüquq və azadlıqlarının qorunması, hakimiyyət bölgüsü prinsipinin təmin edilməsi əsas diqqət mərkəzində saxlanıldı. Nəhayət, 1995-ci il noyabrın 12-də ümumxalq referendumu ilə Azərbaycan Respublikasının ilk Konstitusiyası qəbul edildi. Bu sənəd müstəqil dövlətimizin hüquqi təməlini formalaşdırdı və gələcək inkişafının əsas istiqamətlərini müəyyən etdi.
Konstitusiyada Azərbaycan dövlətinin demokratik, hüquqi, dünyəvi və unitar respublika olduğu təsbit edildi. Xalq hakimiyyətin yeganə mənbəyi elan olundu, insan və vətəndaş hüquq və azadlıqları dövlətin ali məqsədi kimi müəyyənləşdirildi. Hakimiyyətin qanunvericilik, icra və məhkəmə qollarına bölünməsi prinsipi təsbit edilərək dövlət idarəçiliyində tarazlıq və qarşılıqlı fəaliyyət mexanizmlərinin hüquqi əsasları yaradıldı.
Əsas Qanunumuzun qəbulundan sonra ölkədə genişmiqyaslı hüquqi islahatların həyata keçirilməsi üçün möhkəm zəmin yarandı. Milli qanunvericilik sistemi beynəlxalq hüquq normalarına uyğunlaşdırıldı, yeni məcəllələr və qanunlar qəbul edildi, məhkəmə-hüquq sistemi təkmilləşdirildi. İnsan hüquq və azadlıqlarının müdafiəsi, vətəndaşların dövlət idarəçiliyində iştirak imkanlarının genişləndirilməsi istiqamətində mühüm addımlar atıldı.
Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi dövlətçilik strategiyası sonrakı dövrdə Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildi. Ölkədə aparılan islahatlar nəticəsində dövlət idarəçiliyi daha da təkmilləşdirildi, Konstitusiyanın müddəalarına uyğun olaraq hüquqi və institusional inkişaf istiqamətində yeni mərhələyə qədəm qoyuldu. 2002, 2009 və 2016-cı illərdə keçirilmiş referendumlar vasitəsilə Əsas Qanuna müvafiq əlavə və dəyişikliklər edildi.
Bu gün Azərbaycan Respublikasının Konstitusiyası dövlətimizin müstəqilliyinin, suverenliyinin, milli birliyinin və hüquqi inkişafının əsas təminatıdır. Konstitusiyaya hörmət, onun müddəalarına əməl olunması, qanunun aliliyinin qorunması hər bir vətəndaşın vəzifəsidir.
Müstəqil Azərbaycanın ilk Konstitusiyasının qəbul edilməsi Ulu Öndər Heydər Əliyevin dövlətçilik fəaliyyətinin ən mühüm nəticələrindən biri kimi tarixdə öz layiqli yerini tutmuşdur. Bu mütərəqqi sənəd xalqımızın milli iradəsini, dövlətçilik ənənələrini və gələcəyə yönəlmiş inkişaf məqsədlərini özündə birləşdirərək müasir Azərbaycan dövlətinin hüquqi dayağı olaraq qalır.
Rövşən Qocayev – Zərdab şəhər sakini, fəalgənc























