“İkili standartlar” siyasəti
Ermənilər Azərbaycan ərazisində məskunlaşdıqları dövrdən etibarən xalqımızın toponimlərini dəyişməyə başlamış, münbit əraziləri ələ keçirməyə çalışmış və əksəriyyət təşkil etdikləri yaşayış məntəqələrində azərbaycanlıları sıxışdırmışlar.
Müharibəni təhrik edən əsas amillərdən biri beynəlxalq təşkilatların “ikili standartlar” siyasəti oldu. Münaqişəsinin nizamlanması üçün 1992-ci il 24 mart tarixində təsis olunmuş ATƏM-in (indiki ATƏT) Minsk qrupu fəaliyyətinin uzun müddət məsələnin həllinə yox, dondurulmasına çalışmış və bununla da illər ərzində aparılan danışıqlar nəticəsiz qalmışdır. Həm işğalçıya, həm də işğala məruz qalmış tərəfə eyni münasibət bəslənilmiş və beynəlxalq qətnamələr kağız üzərində qalmışdır. Azərbaycan daim beynəlxalq hüquqa sadiqliyini nümayiş etdirmiş və münaqişənin danışıqlar vasitəsilə həllinə çalışmışdır. Birləşmiş Millətlər Təşkilatı (BMT) işğalçı Ermənistana təzyiq göstərməkdə acizlik nümayiş etdirmiş, tərəfləri sülhə çağıran bəyanatlarla kifayətlənmişdir. BMT Təhlükəsizlik Şurasının Ermənistan silahlı qüvvələrinin işğal olunmuş Azərbaycan ərazilərindən dərhal çıxarılmasını tələb edən 4 qətnaməsi 27 il kağız üzərində qalmış və icra olunmamışdır. Belə ki, Azərbaycana qarşı hərbi təcavüzün nəticələrinin aradan qaldırılması və BMT Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 saylı qətnamələrinin həyata keçirilməsi üzrə 30 ilə yaxın davam edən danışıqlar prosesi Ermənistanın destruktiv mövqeyinə görə nəticə verməmişdir. 30 il ərzində Ermənistan işğalçı siyasətini davam etdirmiş, ərazilərimizdə təxribatlar törətmiş, təmas xətti boyunca yaşayan dinc əhalimizə mütəmadi atəş açmış, onların rahat yaşamasına imkan verməmişdir.
2020-ci il 27 sentyabr tarixində atəşkəs rejimini kobud şəkildə pozan Ermənistan silahlı qüvvələri cəbhə boyu Azərbaycan silahlı qüvvələrinin mövqelərinə intensiv zərbələr endirməklə yanaşı Tərtər, Ağdam, Füzuli və Cəbrayıl rayonlarının yaşayış məntəqələrini qəsdən artilleriya atəşinə tutaraq Azərbaycana qarşı növbəti təcavüzə başladılar. Nəticədə, hərbi qulluqçular ilə yanaşı Azərbaycanın 11 dinc sakini, o cümlədən 2 uşaq həlak olmuşdur. Düşmənin hərbi təxribatını dəf etmək və təcavüzünə son qoymaq məqsədilə Silahlı Qüvvələrin Ali Baş Komandanı, cənab Prezident İlham Əliyev dərhal bütün cəbhə boyu əks-hücuma keçmək əmri vermişdir.
Müzəffər Azərbaycan Ordusu çıxdığı bu şərəfli yolda 44 günlük Zəfər yürüşü ilə doğma Qarabağımızın düşmən tapdağından azad edilməsi uğrunda rəşadətlə mübarizə apardı, bu müqəddəs savaşda böyük zəfərlə Azərbaycan xalqını sevindirdi. Bu şanlı Qələbə Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyəti və iradəsi, qüdrətli Ordumuzun qəhrəmanlığı və əbədiyaşar şəhidlərimizin qanı, xalqımızın birliyi hesabına qazanıldı. 44 günlük Vətən Müharibəsi Azərbaycanın müstəqillik tarixinə qızıl həflərlə yazıldı.
Rəşad İsmayılov- Zərdab rayon Salahlı kənd ümumi orta ümumtəhsil məktəbinin direktoru




















