image-media-qanunla-reklam-49zqr58lyeum0wphsf12
image-img_20260715_160748

İKİ ÖLKƏ ARASINDA SƏMİMİ ƏMƏKDAŞLIQ MÜNASİBƏTLƏRİ MÖVCUDDUR!

image-legitimaz-810x90

İKİ ÖLKƏ ARASINDA SƏMİMİ ƏMƏKDAŞLIQ MÜNASİBƏTLƏRİ MÖVCUDDUR!

Azərbaycan ilə Slovakiya arasında münasibətlər son illərdə məzmun və intensivlik baxımından yeni inkişaf mərhələsinə qədəm qoyub. Siyasi dialoqun fəallaşması, iqtisadi və enerji əməkdaşlığının genişlənməsi, müdafiə sənayesi, nəqliyyat, humanitar sahələrdə yeni istiqamətlərin formalaşması, eləcə də Qarabağın bərpasında birgə layihələrin həyata keçirilməsi Bakı ilə Bratislava arasında əlaqələr strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib. Slovakiya Azərbaycanın müstəqilliyini 1992-ci il yanvarın 24-də tanıyıb, iki ölkə arasında diplomatik münasibətlər isə 1993-cü il noyabrın 23-də qurulub. Sonrakı illərdə münasibətlərin institusional bazası mərhələli şəkildə möhkəmləndirilib. Azərbaycanın Slovakiyadakı fəxri konsulluğu 2009-cu ildə fəaliyyətə başlayıb, 2019-cu ildə Bakıda, 2023-cü ildə isə Bratislavada səfirliklər açılıb. Qarşılıqlı diplomatik nümayəndəliklərin yaradılması siyasi dialoqun intensivləşməsinə, iqtisadi əlaqələrin genişlənməsinə və humanitar əməkdaşlığın inkişafına mühüm töhfə verib. Azərbaycan və Slovakiya beynəlxalq platformalarda ortaq maraq doğuran məsələlər üzrə dialoqu davam etdirir, regional və qlobal çağırışlarla bağlı mövqelərini əlaqələndirirlər. Slovakiya Prezidentinin COP29-da iştirakı iqlim gündəliyi və dayanıqlı inkişaf sahəsində əməkdaşlığa verilən önəmi göstərib. 2026-cı il iyulun 12-də iki ölkənin Xarici İşlər nazirlikləri arasında keçirilən siyasi məsləhətləşmələrin növbəti iclası münasibətlərin institusional əsaslarının möhkəmləndirilməsi baxımından mühüm addım olub. Müntəzəm təmaslar qarşılıqlı etimadın artırılmasına və yeni əməkdaşlıq istiqamətlərinin müəyyənləşdirilməsinə xidmət edir. Cənab Prezident İlham Əliyevin Slovakiyaya rəsmi səfəri çərçivəsində imzalanmış sənədlər, o cümlədən Azərbaycan Xarici İşlər Nazirliyi ilə Slovakiya Xarici və Avropa İşləri Nazirliyi arasında konsulluq sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu iki ölkə arasında əlaqələrin daha da inkişafına mühüm töhfə verib.
Qarabağın bərpası Azərbaycan–Slovakiya əməkdaşlığına yeni məzmun qazandıran istiqamətlərdəndir. Slovakiya şirkətləri işğaldan azad edilmiş Ağdam rayonunun Baş Qərvənd kəndində “Ağıllı kənd” konsepsiyası çərçivəsində həyata keçirilən layihələrdə fəal iştirak edirlər. 2025-ci ilin sentyabrında bu ölkənin “Concago j.s.a.” şirkəti və onun yerli tərəfdaşı “IMA ENERGY” MMC tərəfindən fərdi yaşayış evlərinin tikintisinə dair müqavilə imzalanıb və layihənin icrasına başlanılıb. Bu əməkdaşlıq Avropa texnologiyalarının və innovativ həllərin Qarabağın yenidən qurulmasına cəlb edilməsinin uğurlu nümunəsidir. İyulun 13-də Slovakiya Respublikasının Prezidenti Peter Pelleqrinin Azərbaycana rəsmi səfəri iki ölkə arasında strateji əməkdaşlığın gücləndirilməsinə və siyasi, iqtisadi, mədəni sahələrdə ikitərəfli münasibətlərin daha da genişləndirilməsinə yönəlmiş addımdır. Səfər, eyni zamanda, regionun sabitliyinə, investisiya imkanlarının inkişafına və qarşılıqlı faydalı layihələrin təşviqinə təkan verəcəkdir. Səfər çərçivəsində Qarabağın dilbər güşəsi olan Şuşa şəhərində Azərbaycan Prezidenti cənab İlham Əliyevin Slovakiya Respublikasının Prezidenti Peter Pelleqrini ilə təkbətək və geniş tərkibdə görüşləri olub. Görüşlərdən sonra hər iki dövlətin başçısı mətbuata bəyanatlarla çıxış ediblər. Ölkəmizin Slovakiya ilə əlaqələri Avropa İttifaqı kontekstində müstəqil və milli maraqlara əsaslanan siyasətin nümunəsidir. Diplomatik səfərlər, parlament dialoqları və iqtisadi layihələr Slovakiya-Azərbaycan münasibətlərinin strateji tərəfdaşlığa doğru sistemli və davamlı inkişaf etdiyini göstərir. Slovakiya nümunəsi həm də onu göstərir ki, İttifaqın üzvü olan ölkələr milli maraqları qorumaqla bərabər, eyni zamanda, blokun ümumi siyasətinə uyğun əməkdaşlıq apara bilirlər. Bu əməkdaşlıq həm iki ölkənin maraqlarına xidmət edir, həm də regionda iqtisadi və siyasi sabitlik üçün önəmli model formalaşdırır, yeni investisiya imkanları açır və sülhün iqtisadi dividendlərinin reallaşmasına şərait yaradır. Diplomatiya, iqtisadi investisiyalar, sənaye əməkdaşlığı və parlament dialoqları strateji tərəfdaşlığın mühüm komponentləri olaraq bu əlaqələrin gələcəkdə daha da möhkəmlənəcəyinə əminlik ifadə edir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki