image-media-qanunla-reklam-49zqr58lyeum0wphsf12
image-img-20260623-wa0011

İKİ ÖLKƏ ARASINDA SƏMİMİ ƏMƏKDAŞLIQ MÜNASİBƏTLƏRİ MÖVCUDDUR!

image-legitimaz-810x90

İKİ ÖLKƏ ARASINDA SƏMİMİ ƏMƏKDAŞLIQ MÜNASİBƏTLƏRİ MÖVCUDDUR!

Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovun Azərbaycana dövlət səfəri iki ölkə arasındakı münasibətlərin yüksələn xətlə inkişaf etdiyini və qarşılıqlı etimada əsaslanan strateji tərəfdaşlığın yeni mərhələyə daxil olduğunu nümayiş etdirir. Bu səfər, eyni zamanda Azərbaycanla Türkmənistan arasında siyasi dialoqun daha da dərinləşməsinə, iqtisadi əməkdaşlığın genişlənməsinə, Xəzər regionunda qarşılıqlı fəaliyyətin güclənməsinə və Türk dünyasında həmrəyliyin möhkəmlənməsinə mühüm töhfə verəcək. XXI əsrin mürəkkəb geosiyasi reallıqları fonunda dövlətlər arasında münasibətlərin davamlılığı təkcə iqtisadi maraqlarla deyil, həm də ortaq tarix, mədəniyyət və siyasi etimad amilləri ilə müəyyən olunur. Azərbaycan və Türkmənistan arasında formalaşmış münasibətlər də məhz bu xüsusiyyətləri özündə birləşdirir. İyunun 22-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov ilə görüşdən sonra mətbuata verdiyi bəyanat iki qardaş ölkə arasında əlaqələrin hazırkı vəziyyətini və gələcək inkişaf istiqamətlərini aydın şəkildə ortaya qoydu. Dövlət başçısının çıxışı göstərdi ki, Bakı və Aşqabad arasında münasibətlər artıq ənənəvi dostluq və qardaşlıq çərçivəsini aşaraq regional və beynəlxalq əhəmiyyət daşıyan strateji əməkdaşlıq mərhələsinə daxil olub. Azərbaycan və Türkmənistan arasında münasibətlər son illərdə keyfiyyətcə yeni mərhələyə qədəm qoyub. Tarixi, mədəni və etnik yaxınlıq, ortaq türk kökləri, eləcə də Xəzər hövzəsində yerləşmələri iki ölkə arasında əməkdaşlığın möhkəm təməlini formalaşdırır. Müstəqillik dövründə tərəflər siyasi dialoqu, iqtisadi əlaqələri və regional əməkdaşlığı ardıcıl şəkildə inkişaf etdirib, xüsusilə son illərdə strateji tərəfdaşlıq səviyyəsinə yüksələn münasibətlər regionun geosiyasi və geoiqtisadi mənzərəsində mühüm rol oynamağa başlayıb. Hazırda Azərbaycan və Türkmənistan arasında münasibətlər qarşılıqlı hörmət, etimad və bərabərhüquqlu əməkdaşlıq prinsiplərinə əsaslanır.
Dövlət başçıları və yüksək səviyyəli rəsmilər arasında intensiv təmaslar siyasi dialoqun davamlı xarakter aldığını göstərir. Ümumilikdə Türkmənistan-Azərbaycan dövlətlərarası əlaqələrinin bugünkü səviyyəsini xarakterizə edərkən onları üç sözlə ifadə edib: qardaşlıq, mehriban qonşuluq və əməkdaşlıq. Azərbaycanla Türkmənistan möhkəm tarixi bünövrəyə, iki xalqın ortaqlığına və qohumluğuna, bir-birinə qarşılıqlı ehtiyacının olması anlayışına, xalqlarımızın və dövlətlərimizin rifahı, onların əmin-almanlığı və tərəqqisi naminə məcmu siyasi, iqtisadi, resurs potensialından istifadə etməyə hazırdırlar. İki ölkə bu gün xarici siyasətdə, siyasi, iqtisadi, mədəni və humanitar sahələrdə sanballı və geniş əməkdaşlıq gündəliyinə malikdir. Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovun ölkəmizə dövlət səfəri də dövlət başçıları arasında formalaşmış yüksək etimadın, qarşılıqlı hörmətin və strateji baxışın növbəti təzahürüdür. Bu səfər çərçivəsində aparılan müzakirələr və əldə olunan razılaşmalar Azərbaycan-Türkmənistan əlaqələrinin keyfiyyətcə yeni mərhələyə qədəm qoyduğunu göstərir. Əminliklə demək olar ki, cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən ardıcıl siyasət nəticəsində iki qardaş ölkə arasında əməkdaşlıq bundan sonra da daha da genişlənəcək, Xəzər regionunda sabitliyin, enerji və nəqliyyat təhlükəsizliyinin möhkəmlənməsinə, eyni zamanda Türk dünyasında həmrəyliyin və inteqrasiyanın güclənməsinə mühüm töhfələr verəcək. Bu gün Azərbaycan və Türkmənistan təkcə qardaş ölkələr deyil, həm də Avrasiyanın yeni iqtisadi və geosiyasi xəritəsinin formalaşmasında mühüm rol oynayan strateji tərəfdaşlardır. Cənab Prezident İlham Əliyevin səsləndirdiyi fikirlər də məhz bu reallığı təsdiqləyir. İki ölkə arasında mövcud olan qarşılıqlı etimad, ortaq maraqlar və siyasi iradə gələcək illərdə Azərbaycan-Türkmənistan əməkdaşlığını daha yüksək səviyyəyə qaldıracaq, Türk dünyasının birliyinə və regionun sabit inkişafına mühüm töhfələr verəcəkdir.

Yeni Azərbaycan Partiyası
Saatlı rayon təşkilatının məsləhətçisi
Aqşin Əliyev


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki