image-media-qanunla-reklam-49zqr58lyeum0wphsf12
image-6988e2ab-0319-46cb-b7aa-9ce3676f5ef5

İKİ ÖLKƏ ARASINDA QARDAŞLIQ MÜNASİBƏTLƏRİ MÖVCUDDUR!

image-legitimaz-810x90

İKİ ÖLKƏ ARASINDA QARDAŞLIQ MÜNASİBƏTLƏRİ MÖVCUDDUR!

Azərbaycanın xarici siyasət prioritetləri sırasında Mərkəzi Asiya ölkələri, o cümlədən Özbəkistan ilə münasibətlərin inkişaf etdirilməsi xüsusi yer tutur. İki ölkə arasında möhkəm dostluq və qardaşlıq təməlləri üzərində qurulmuş müttəfiqlik münasibətləri mövcuddur. Azərbaycan və özbək xalqlarını ortaq din, dil, adət-ənənə, mədəniyyət və tarixi yaxınlıq bir-birinə sıx birləşdirir. İndiyə qədər Azərbaycan və Özbəkistan arasında əlaqələr bütün sahələr üzrə yüksələn xətt üzrə inkişaf edib və ölkələrimiz ən vacib məsələlərdə daim bir-birinə dəstək göstəriblər. İki qardaş ölkə arasında münasibətlərin inkişaf strategiyasının qurulmasında Ulu Öndər Heydər Əliyevin müstəsna xidmətləri olub. Ümummilli Liderin 1997-ci il iyunun 18-19-da Özbəkistana rəsmi səfəri əməkdaşlığın gələcək inkişaf perspektivlərinin müəyyənləşdirilməsində mühüm rol oynayıb. Avqustun 23-də Prezident İlham Əliyevin Özbəkistana dövlət səfərinə başlaması bu münasibətlərin artıq hansı səviyyəyə çatdığını bir daha nümayiş etdirdi. “Daşkənd-Xumo” Beynəlxalq Hava Limanında Azərbaycan Prezidentinin şərəfinə fəxri qarovul dəstəsinin düzülməsi, dövlətimizin başçısını və birinci xanım Mehriban Əliyevanı Prezident Şavkat Mirziyoyev və xanımı Ziroatxon Mirziyoyevanın şəxsən qarşılaması sadəcə diplomatik protokol hadisəsi kimi qiymətləndirilməməlidir. Burada xüsusi diqqət çəkən məqam qarşılanmanın səmimiyyətidir. Dövlətlərarası münasibətlərdə protokol vacibdir, amma münasibətlərin əsl mahiyyətini protokoldan kənarda müşahidə etmək mümkündür. Liderlərin bir-birinə münasibəti, qarşılıqlı hörmət və şəxsi dostluq, xalqların bir-birinə olan rəğbəti həmin münasibətlərin nə qədər dərin olduğunu göstərir.
Daşkənddə Azərbaycan Prezidentinin qarşılanması da məhz belə bir mənzərə yaratdı. Şəhərin Azərbaycan və Özbəkistan bayraqları ilə bəzədilməsi və səfərə göstərilən yüksək ictimai diqqət iki xalq arasındakı münasibətlərin dövlət səviyyəsini aşaraq xalq diplomatiyasına çevrildiyini göstərən mühüm mesajlardır. Bu münasibətləri yalnız bugünkü siyasi proseslərlə izah etmək olmaz. Azərbaycanla Özbəkistanın dostluğu yeni yaranmayıb. Bu gün dövlət başçıları səviyyəsində nümayiş etdirilən səmimiyyətin arxasında çox böyük tarixi-mədəni yaddaş dayanır. Azərbaycan ilə Özbəkistan arasında münasibətlər son illərdə dövlətlərarası əlaqələrin ən sürətlə inkişaf edən istiqamətlərindən birinə çevrilib. Strateji tərəfdaşlıq mərhələsindən müttəfiqlik səviyyəsinə yüksələn bu əlaqələrdə cənab Prezident İlham Əliyev ilə Prezident Şavkat Mirziyoyev arasında formalaşmış yüksək siyasi etimad, ardıcıl qarşılıqlı səfərlər və əldə olunan razılaşmalar mühüm rol oynayıb. Təsadüfi deyil ki, son 5 ildə cənab Prezident İlham Əliyev Özbəkistana 2 dövlət səfəri və 4 işgüzar səfər edib. Prezident Şavkat Mirziyoyev isə həmin müddətdə ölkəmizə 2 dövlət səfəri və 7 işgüzar səfər həyata keçirib. Bu səfərlər çərçivəsində 2024-cü il avqustun 23-də Daşkənddə “Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Müqavilə”nin imzalanması münasibətlərdə keyfiyyətcə yeni mərhələnin başlanğıcını qoyub. Həmin gün Ali Dövlətlərarası Şuranın ilk iclasının keçirilməsi də yeni müttəfiqlik formatının institusional əsaslarını möhkəmləndirib. Sonrakı mərhələdə bu siyasi yaxınlıq həm də iqtisadiyyat, bağlantılar, energetika və humanitar layihələri əhatə edib. Azərbaycanın 2025-ci ilin noyabrında Mərkəzi Asiya Dövlət Başçılarının 7-ci Məşvərət Görüşündə “C5” formatına tamhüquqlu iştirakçı kimi qəbul edilməsi isə Bakı-Daşkənd münasibətlərinin ikitərəfli çərçivədən çıxaraq daha geniş regional məna qazandığını göstərib. Bakı ilə Daşkənd arasında mövcud olan qardaşlıq münasibətləri yeni mərhələyə qədəm qoyur və bu mərhələ artıq yalnız iki ölkənin deyil, bütövlükdə Türk dünyasının gələcəyi baxımından strateji əhəmiyyət daşıyır.

Yeni Azərbaycan Partiyası
Saatlı rayon təşkilatının mühasibi
Qalib Nağıyev


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki