image-media-qanunla-reklam-49zqr58lyeum0wphsf12
image-16245431393642230298_1200x630

Hərbi əməkdaşlığın önəmli istiqamətləri

image-legitimaz-810x90

Müasir beynəlxalq münasibətlər sistemində dövlətlərin təhlükəsizliyinin təmin olunması və müdafiə qabiliyyətinin gücləndirilməsi baxımından hərbi əməkdaşlıq xüsusi əhəmiyyət kəsb edir. Azərbaycan Respublikasının xarici siyasətində və müdafiə strategiyasında dost və qardaş ölkələrlə hərbi əlaqələrin inkişaf etdirilməsi mühüm yer tutur. Bu baxımdan Azərbaycan ilə Türkiyə arasında mövcud olan strateji tərəfdaşlıq və müttəfiqlik münasibətləri hərbi əməkdaşlıq sahəsində də özünü aydın şəkildə göstərir.

Azərbaycan və Türkiyə xalqları ortaq tarixə, mədəniyyətə, dilə və milli-mənəvi dəyərlərə malikdir. “Bir millət, iki dövlət” prinsipi üzərində qurulan münasibətlər hər iki ölkənin siyasi, iqtisadi və hərbi sahələrdə sıx əməkdaşlığı üçün möhkəm zəmin yaratmışdır. Xüsusilə son illərdə Azərbaycan-Türkiyə hərbi əməkdaşlığı keyfiyyətcə yeni mərhələyə yüksəlmiş və regionda sabitliyin qorunmasına mühüm töhfə vermişdir. İki ölkənin silahlı qüvvələri arasında qarşılıqlı fəaliyyətin əsas istiqamətlərindən biri birgə hərbi təlimlərin keçirilməsidir. Müxtəlif qoşun növlərinin iştirakı ilə təşkil olunan bu təlimlər hərbi qulluqçuların peşəkarlığının artırılmasına, döyüş hazırlığının təkmilləşdirilməsinə və müasir əməliyyat şəraitində birgə fəaliyyət qabiliyyətinin yüksəldilməsinə xidmət edir. Birgə təlimlər zamanı əldə olunan təcrübə hər iki ölkənin silahlı qüvvələrinin koordinasiyasını və qarşılıqlı əlaqəsini daha da gücləndirir. Azərbaycan və Türkiyə arasında hərbi əməkdaşlığın digər mühüm istiqaməti əməliyyatların planlaşdırılması və keçirilməsi sahəsində təcrübə mübadiləsidir. Müasir müharibələrin xarakteri nəzərə alınaraq hərbi idarəetmə, qərar qəbuletmə mexanizmləri, kəşfiyyat fəaliyyəti, rabitə sistemləri və yeni texnologiyaların tətbiqi sahələrində qarşılıqlı əməkdaşlıq genişləndirilir. Bu əməkdaşlıq nəticəsində Azərbaycan Ordusunun döyüş imkanları daha da artır və müasir çağırışlara uyğun inkişaf edir. Hərbi təhsil sahəsində əməkdaşlıq da xüsusi əhəmiyyət daşıyır. Azərbaycan hərbi qulluqçularının Türkiyənin nüfuzlu hərbi təhsil müəssisələrində təhsil alması, ixtisasartırma kurslarında iştirakı və müxtəlif hazırlıq proqramlarına cəlb olunması peşəkar kadr potensialının gücləndirilməsinə mühüm töhfə verir. Eyni zamanda, türk hərbi mütəxəssislərinin təcrübəsi Azərbaycan Silahlı Qüvvələrində müasir standartların tətbiqinə şərait yaradır. 2021-ci ildə imzalanmış Şuşa Bəyannaməsi Azərbaycan-Türkiyə münasibətlərini müttəfiqlik səviyyəsinə yüksəldərək hərbi əməkdaşlığın daha da inkişafı üçün yeni imkanlar yaratmışdır. Bu sənəd iki qardaş ölkənin təhlükəsizlik sahəsində birgə fəaliyyətinin möhkəmləndirilməsinə və qarşılıqlı dəstəyin daha da güclənməsinə xidmət edir.

Bu gün Azərbaycan və Türkiyə arasında hərbi əməkdaşlıq təkcə iki dövlətin maraqlarına deyil, bütövlükdə regionda sülhün, sabitliyin və təhlükəsizliyin qorunmasına xidmət edir. Qarşılıqlı etimada, strateji tərəfdaşlığa və ortaq maraqlara əsaslanan bu əməkdaşlıq tükənməz perspektivə malikdir və gələcəkdə daha da genişlənərək yeni uğurlara yol açacaqdır. Azərbaycan-Türkiyə hərbi əməkdaşlığı qardaşlığın, etibarlı tərəfdaşlığın və ortaq təhlükəsizlik maraqlarının parlaq nümunəsi olmaqla hər iki ölkənin müdafiə qüdrətinin möhkəmlənməsində mühüm rol oynayır.

 

Yaşar Nuriyev – Zərdab rayonu Alıcanlı kənd sakini


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki