Füzuli rayonunun işğalı
Füzuli rayonunun işğalı Azərbaycan Respublikasının müstəqilliyinin ilk illərində ölkəmizə qarşı həyata keçirilmiş hərbi təcavüzün ağır nəticələrindən biri kimi tarixə düşmüşdür. Azərbaycanın zəngin tarixi, mədəni irsi və mühüm strateji-coğrafi mövqeyi ilə seçilən rayonlarından biri olan Füzuli Ermənistanın Azərbaycana qarşı təcavüzü nəticəsində ciddi itkilərə məruz qalmış, əhalisinin təhlükəsizliyi və normal həyat şəraiti pozulmuşdur. Rayonun işğalı Azərbaycan xalqının yaddaşında dərin iz buraxmış, dövlətimizin ərazi bütövlüyünün və suverenliyinin qorunmasının əhəmiyyətini bir daha nümayiş etdirmişdir.
23 avqust 1993-cü il tarixində Füzuli şəhəri və rayonun böyük hissəsi Ermənistanın silahlı qüvvələri tərəfindən işğal olunmuşdur. İşğal nəticəsində rayonun yaşayış məntəqələrinin böyük qismi nəzarətdən çıxmış, dinc əhali öz doğma yurdlarını tərk etmək məcburiyyətində qalmışdır. Bu hadisə minlərlə insanın həyatına təsir göstərmiş, ailələrin öz doğma torpaqlarından didərgin düşməsinə, sosial-iqtisadi əlaqələrin pozulmasına və bölgənin inkişafının uzun müddət dayanmasına səbəb olmuşdur. Füzuli sakinləri ağır humanitar problemlərlə üzləşmiş, doğma torpaqlarından ayrı düşməyin mənəvi və sosial çətinliklərini yaşamalı olmuşlar.
Füzuli rayonunun müdafiəsi uğrunda aparılan döyüşlərdə rayon sakinləri böyük fədakarlıq və vətənpərvərlik nümayiş etdirmişlər. Ermənistanın silahlı qüvvələrinə qarşı mübarizədə rayon sakinlərindən 663 nəfər şəhid olmuş, 400 nəfərədək insan müharibə əlili olmuş, 181 nəfər isə əsir və itkin düşmüşdür. Bu ağır itkilər Füzuli əhalisinin üzləşdiyi faciənin miqyasını, Azərbaycan xalqının öz torpaqlarının müdafiəsi uğrunda apardığı mübarizənin çətinliyini və şəhidlərin göstərdiyi qəhrəmanlığı əks etdirir. Şəhidlərin əziz xatirəsinin yaşadılması, müharibə qurbanlarının ehtiramla yad edilməsi və tarixi həqiqətlərin gələcək nəsillərə çatdırılması milli yaddaşın qorunması baxımından mühüm əhəmiyyət daşıyır.
Füzuli rayonunun işğalı yalnız ərazi itkisi ilə nəticələnməmiş, eyni zamanda, bölgənin iqtisadi potensialına, kənd təsərrüfatına, sosial infrastrukturuna və əhalinin ənənəvi həyat tərzinə ciddi zərbə vurmuşdur. İşğal nəticəsində yaşayış məntəqələrinin normal fəaliyyəti pozulmuş, əhalinin əmək və məşğulluq imkanları məhdudlaşmış, sosial problemlər dərinləşmişdir. Rayon sakinlərinin doğma yurdlarına qayıtmaq hüququnun təmin edilməsi və işğalın nəticələrinin aradan qaldırılması Azərbaycan dövlətinin qarşısında duran mühüm vəzifələrdən birinə çevrilmişdir.
2020-ci ilin 27 sentyabrından 9 noyabr tarixinə qədər davam edən 44 günlük Vətən müharibəsi Azərbaycanın tarixi Zəfəri ilə başa çatdı, ölkənin ərazi bütövlüyü bərpa edildi. Bu tarixi qələbə, ilk növbədə, Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin iradəsi və rəşadətli Azərbaycan Ordusunun döyüş meydanında sərgilədiyi şücaəti ilə qazanıldı. İkinci Qarabağ müharibəsi zamanı düşmən üzərində qazanılan hərbi-siyasi qələbə otuz illik Vətən həsrətinə son qoydu. Ölkəmizin beynəlxalq səviyyədə tanınan əraziləri işğaldan azad edilərək, suveren ərazi bütövlüyümüz bərpa edildi.
Aygün Mirzəyeva- Zərdab rayon Qoruqbağı kənd körpələr evi-uşaq bağçasının müdiri




















