image-media-qanunla-reklam-49zqr58lyeum0wphsf12
image-1665951111_306153358_806609397316888_2217516001716336368_n-1024x780

Füzuli rayonunun işğaldan azad olunması – tarixi Zəfərin təntənəsi

image-legitimaz-810x90

Füzuli rayonunun işğaldan azad olunması – tarixi Zəfərin təntənəsi

 

Azərbaycan xalqının çoxəsrlik tarixində mühüm yer tutan hadisələrdən biri də torpaqlarımızın Ermənistanın işğalından azad edilməsi və ölkəmizin ərazi bütövlüyünün bərpasıdır. 2020-ci ildə baş vermiş Vətən müharibəsi xalqımızın birliyini, Azərbaycan Ordusunun gücünü və dövlətimizin qətiyyətini bütün dünyaya nümayiş etdirmişdir. Bu Zəfərin mühüm mərhələlərindən biri də Füzuli rayonunun yaşayış məntəqələrinin işğaldan azad olunması olmuşdur.

Füzuli rayonu 1993-cü il avqustun 23-də Ermənistan silahlı qüvvələri tərəfindən işğala məruz qalmış, rayonun əhalisi doğma yurdlarından didərgin düşmüşdür. Uzun illər ərzində füzulililər öz doğma torpaqlarına qayıtmaq arzusu ilə yaşamış, ölkəmizin ərazi bütövlüyünün bərpa olunacağına inamlarını qoruyub saxlamışlar. İşğal dövründə rayonun yaşayış məntəqələri, sosial infrastrukturu və tarixi-mədəni irsi ciddi dağıntılara məruz qalmışdır.

2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsi Azərbaycanın ərazi bütövlüyünün bərpası istiqamətində yeni mərhələnin əsasını qoydu. Azərbaycan Ordusunun həyata keçirdiyi uğurlu hərbi əməliyyatlar nəticəsində Füzuli rayonunun işğal altında olan ərazilərinin azad edilməsinə başlanıldı. Döyüş meydanında göstərilən qəhrəmanlıq, hərbçilərimizin peşəkarlığı və xalqımızın Ali Baş Komandan ətrafında sıx birliyi qələbənin əldə olunmasında mühüm rol oynadı.

2020-ci il oktyabrın 17-də Füzuli şəhəri, eləcə də Qoçəhmədli, Çimən, Cuvarlı, Pirəhmədli, Musabəyli, İşıqlı və Dədəli kəndləri Azərbaycan Ordusu tərəfindən işğaldan azad edildi. Bu tarixi hadisə Füzuli sakinlərinin doğma torpaqlarına qayıdışına gedən yolda mühüm dönüş nöqtəsi oldu. Vətən müharibəsi zamanı ümumilikdə Füzuli rayonunun 62 yaşayış məntəqəsinin işğaldan azad edilməsi Azərbaycan Ordusunun döyüş qabiliyyətinin və əməliyyat uğurlarının mühüm göstəricisi kimi tarixə düşdü.

Füzuli şəhərinin azad olunması Azərbaycan xalqında böyük sevinc və qürur hissi yaratdı. Bu qələbə yalnız ərazilərin azad edilməsi deyil, həm də uzun illər doğma yurdlarından ayrı düşmüş insanların ümidlərinin gerçəkləşməsi demək idi. Füzuli uğrunda döyüşlərdə şəhidlik zirvəsinə ucalan qəhrəmanlarımızın xatirəsi xalqımızın yaddaşında əbədi yaşayacaq, qazilərimizin fədakarlığı daim ehtiramla yad ediləcəkdir.

Bu gün azad edilmiş Füzuli rayonunda genişmiqyaslı bərpa və quruculuq işləri həyata keçirilir. Yeni yolların, yaşayış evlərinin, sosial obyektlərin və müasir infrastrukturun yaradılması bölgənin inkişafına, əhalinin doğma torpaqlarına qayıdışına və burada dayanıqlı həyatın qurulmasına xidmət edir. Füzuli Beynəlxalq Hava Limanının istifadəyə verilməsi də Qarabağın nəqliyyat imkanlarının genişləndirilməsi və regionun ölkəmizin iqtisadi həyatına inteqrasiyası baxımından mühüm əhəmiyyət daşıyır.

Füzulinin işğaldan azad edilməsi Azərbaycan tarixinin şanlı səhifələrindən biridir. Bu Zəfər xalqımızın Vətən sevgisinin, milli həmrəyliyinin və müstəqil dövlətimizin qüdrətinin təcəssümüdür. Füzulinin yenidən qurulması, tarixi irsinin qorunması və sakinlərinin doğma yurdda firavan yaşayışının təmin edilməsi Böyük Qayıdışın mühüm istiqamətlərindəndir. Füzuli uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsini ehtiramla yad edir, qazilərimizə cansağlığı arzulayırıq.

 

Rasim Hüseynov – Zərdab Rayon Ağsaqqallar Şurasının sədri


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki