image-media-qanunla-reklam-49zqr58lyeum0wphsf12
image-17606844352781829078_1200x630

Füzuli rayonunda bərpa və quruculuq işləri- təhlükəsiz gələcəyə doğru

image-legitimaz-810x90

Füzuli rayonunda bərpa və quruculuq işləri- təhlükəsiz gələcəyə doğru

 

Füzuli rayonunun işğaldan azad edilməsi Azərbaycanın ərazi bütövlüyünün bərpası tarixində mühüm hadisə olmaqla yanaşı, bölgədə yeni inkişaf mərhələsinin başlanğıcını qoymuşdur. Bu gün dövlətimizin qarşısında duran əsas vəzifələrdən biri işğaldan azad edilmiş ərazilərdə təhlükəsiz yaşayış şəraitinin yaradılması, dağıdılmış infrastrukturun bərpası, iqtisadi potensialın reallaşdırılması və keçmiş məcburi köçkünlərin doğma torpaqlarına qayıdışının təmin edilməsidir. Füzuli rayonunda həyata keçirilən genişmiqyaslı layihələr bu məqsədlərə xidmət edir.

Uzun illər işğal altında qalmış Füzuli rayonu mina və partlamamış hərbi sursatlarla çirklənmə problemi ilə üzləşmişdir. İlkin qiymətləndirmələrdə ərazidə yüz mindən çox minanın basdırıldığı bildirilmişdir. Mina təhlükəsi mülki əhalinin həyatı və sağlamlığı, kənd təsərrüfatı fəaliyyətinin bərpası, tikinti işlərinin aparılması və ərazilərin təhlükəsiz istifadəsi üçün ciddi maneə yaradır. Buna görə də Füzulidə minatəmizləmə tədbirlərinin həyata keçirilməsi, ərazilərin təhlükəsizliyinin təmin edilməsi və müvafiq infrastrukturun bərpası prioritet istiqamətlərdəndir. İşğal dövründə mülki əhaliyə, dövlət əmlakına, infrastruktur obyektlərinə və sahibkarlıq subyektlərinə dəymiş ziyanın qiymətləndirilməsi və hüquqi müstəvidə müvafiq tədbirlərin görülməsi də mühüm əhəmiyyət daşıyır.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırıq və göstərişlərinə uyğun olaraq Füzuli rayonunda genişmiqyaslı bərpa və quruculuq işləri həyata keçirilir. Bu istiqamətdə mühüm addımlardan biri Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 18 mart tarixli qərarı ilə “Füzuli şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planı”nın təsdiq olunmasıdır. Baş plan şəhərin uzunmüddətli inkişafını, müasir şəhərsalma prinsiplərinin tətbiqini, yaşayış və ictimai məkanların formalaşdırılmasını, nəqliyyat və mühəndis-kommunikasiya infrastrukturunun yaradılmasını nəzərdə tutur.

Rayonun enerji, su və idarəetmə infrastrukturunun bərpası da diqqət mərkəzində saxlanılır. Füzuli yarımstansiyasının, Füzuli Rəqəmsal Yarımstansiyası və İdarəetmə Mərkəzinin, eləcə də Köndələnçay su anbarları kompleksinin istifadəyə verilməsi bölgənin dayanıqlı inkişafı baxımından mühüm əhəmiyyət daşıyır. Bu obyektlər elektrik enerjisi təminatının yaxşılaşdırılmasına, su ehtiyatlarından səmərəli istifadəyə və ərazidə quruculuq işlərinin davamlı şəkildə aparılmasına şərait yaradır.

Füzulinin nəqliyyat imkanlarının genişləndirilməsi istiqamətində də mühüm layihələr reallaşdırılmışdır. Zəfər yolu, Füzuli–Hadrut və Əhmədbəyli–Füzuli–Şuşa avtomobil yolları bölgədə nəqliyyat əlaqələrinin yaxşılaşdırılmasına, yaşayış məntəqələri arasında hərəkətin asanlaşdırılmasına və iqtisadi fəallığın artmasına xidmət edir. Füzuli Beynəlxalq Hava Limanının istifadəyə verilməsi isə Qarabağın hava nəqliyyatı imkanlarını genişləndirmiş, bölgənin ölkənin digər əraziləri və beynəlxalq nəqliyyat şəbəkələri ilə əlaqələrinin inkişafı üçün əlavə imkanlar yaratmışdır.

Füzuli rayonunda həyata keçirilən bərpa və quruculuq tədbirləri yalnız dağıdılmış infrastrukturun yenilənməsi ilə məhdudlaşmır. Bu proses yeni iş yerlərinin yaradılmasına, sahibkarlığın inkişafına, kənd təsərrüfatı imkanlarının genişləndirilməsinə və əhalinin doğma torpaqlarında dayanıqlı yaşayışının təmin edilməsinə yönəlmişdir. Şəhərin və kəndlərin müasir tələblərə uyğun qurulması Böyük Qayıdış prosesinin uğurla həyata keçirilməsi üçün mühüm zəmin yaradır.

Füzuli rayonunda təhlükəsizliyin təmin edilməsi, minatəmizləmə tədbirləri, nəqliyyat və kommunal infrastrukturun bərpası, eləcə də müasir şəhərsalma layihələrinin icrası bölgənin gələcək inkişafının əsasını təşkil edir. Füzulinin yenidən qurulması Azərbaycanın işğaldan azad edilmiş ərazilərin dirçəldilməsinə, tarixi torpaqlarda həyatın bərpasına və əhalinin rifahının yüksəldilməsinə yönəlmiş ardıcıl siyasətinin mühüm istiqamətlərindən biridir.

 

Abdulbağı Fazilli – Zərdab şəhər sakini, fəal gənc


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki